XİN: Müstəqil və çoxşaxəli xarici siyasət kursu Azərbaycanın regionunun aparıcı və ən inkişaf etmiş ölkəsi olaraq qalmasını təmin edib


Digərləri 27 Dek 2018 18:29:00 420 0

XİN: Müstəqil və çoxşaxəli xarici siyasət kursu Azərbaycanın regionunun aparıcı və ən inkişaf etmiş ölkəsi olaraq qalmasını təmin edib

Müstəqil və çoxşaxəli xarici siyasət kursu Azərbaycanın Cənubi Qafqaz regionunun aparıcı və ən inkişaf etmiş ölkəsi olaraq qalmasını təmin edib.

Bakı. Müstəqil və çoxşaxəli xarici siyasət kursu Azərbaycanın Cənubi Qafqaz regionunun aparıcı və ən inkişaf etmiş ölkəsi olaraq qalmasını təmin edib. Trend-in məlumatına görə, bu barədə 2018-ci ilin yekunlarına dair Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat buraxılışında deyilir. Qeyd olunur ki, 2018-ci ildə qlobal və regional güclər arasında artan ixtilaflar beynəlxalq münasibətlər sistemində davam edən gərginliyi, o cümlədən dövlətlərin suverenliyi və daxili işlərinə müdaxilələri, beynəlxalq hüququn norma və prinsiplərinə ikili yanaşmanı, həmçinin silahlı münaqişələr, etnik qarşıdurmalar, birtərəfli iqtisadi sanksiyalar, dözümsüzlük və humanitar böhran vəziyyətini daha da kəskinləşdirib. Yerləşdiyi region ətrafında cərəyan edən ziddiyyətli proseslər şəraitində ölkəmiz Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasət nəticəsində daxili sabitlik və inkişafını təmin etmək, iqtisadiyyatını müsbət artım dinamikasına kökləmək və irimiqyaslı layihələr həyata keçirməklə beynəlxalq səviyyədəki nüfuz və rəğbətini daha da möhkəmləndirməyə müvəffəq olub. Cari ildə Azərbaycanın xarici siyasəti qarşılıqlı hörmət və bərabərhüquqluq əsasında iki və çoxtərəfli münasibətlərin inkişaf etdirilməsi, təhlükəsizliyin, iqtisadi və sosial rifahın dayanıqlılığının təmin edilməsi və mədəni təşəbbüslərin artırılması istiqamətlərinə yönəlib. Eyni zamanda, Azərbaycan Prezidentinin 16 may 2017-ci il tarixli Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında Sərəncamına uyğun olaraq xarici siyasətimizdə Azərbaycan Xalq Cümhuriyyətinin 100-cü ildönümünün qeyd edildiyi cari ildə milli istiqlaliyyət və dövlətçilik dəyərlərimizin beynəlxalq müstəvidə geniş təşviq olunmasına xüsusi diqqət ayrılıb. Xalqın iradəsinə əsaslanan ölkədəki sabit ictimai-siyasi vəziyyət, sosial-iqtisadi sahələrdə aparılan səmərəli islahatlar və quruculuq işləri, habelə uğurla davam etdirilən müstəqil və çoxşaxəli xarici siyasət kursu Azərbaycanın Cənubi Qafqaz regionunun aparıcı və ən inkişaf etmiş ölkəsi olaraq qalmasını təmin edib. 2018-ci il ərzində Azərbaycan insan hüquqları, demokratiya, qanunun aliliyi və yaxşı idarəçiliyin təşviqi sahəsində beynəlxalq və regional təşkilatlarla səmərəli fəaliyyətini davam etdirib. 22 mart 2018-ci il tarixində BMT İnsan Hüquqları Şurasının 37-ci sessiyası çərçivəsində ölkəmiz tərəfindən irəli sürülmüş “Dövlət xidmətlərinin səmərəli, şəffaf və məsuliyyətli çatdırılması vasitəsilə insan hüquqları və Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqi” adlı qətnamə layihəsi yekdilliklə qəbul edilib. 25 aprel 2018-ci il tarixində Avropa Şurası Parlament Assambleyasında qəbul olunmuş “Avropada məcburi köçkünlərin humanitar ehtiyacları və hüquqları” adlı qətnamədə işğal edilmiş ərazilərin əhalisinin başqa yerə köçürülməsi və işğalçı qüvvə tərəfindən bu ərazilərə digər əhalinin yerləşdirməsi müharibə cinayəti kimi qeyd olunub. 17 dekabr 2018-ci il tarixində BMT Baş Assambleyasında Azərbaycan tərəfindən irəli sürülmüş və əsas məqsədi silahlı münaqişələr şəraitində itkin düşmüş şəxslərin probleminə diqqətin daha da artırılmasından ibarət "İtkin düşmüş şəxslər" adlı qətnamə yekdilliklə qəbul edilib. Demokratiya, insan hüquqları və qanunun aliliyi sahələrində beynəlxalq təsisatlarla aparılan səmərəli əməkdaşlıqla yanaşı cari ildə mədəniyyətlərarası dialoqun təşviq edilməsinə də böyük önəm verilib.