Enerji siyasətinin hüquqi tənzimlənməsindən bəhs edən kitab


Digərləri 27 Dek 2018 12:30:00 263 0

Enerji siyasətinin hüquqi tənzimlənməsindən bəhs edən kitab

Enerji daşıyıcılarının tranzit nəqli zamanı meydana çıxa biləcək mübahisələrin həllini nəzərdə tutan beynəlxalq hüquqi mexanizmlər olmadan onların təhlükəsizlik tranziti də həyata keçirilə bilməz.

Bakı. Enerji daşıyıcılarının tranzit nəqli zamanı meydana çıxa biləcək mübahisələrin həllini nəzərdə tutan beynəlxalq hüquqi mexanizmlər olmadan onların təhlükəsizlik tranziti də həyata keçirilə bilməz. Bu baxımdan enerji daşıyıcılarının tranzitinin tənzimlənməsinin hüquqi aspektlərinin elmi-nəzəri və praktiki baxımından araşdırılması və bu sahədə daha təkmil tədbirlərin görülməsi vacib məsəslələrdən hesab edilir. ​Hüquq üzrə fəlsəfə doktoru Razim Camal oğlu İsayevin “Müasir Beynəlxalq və Milli Hüquqda Enerji Daşıyıcılarının Tranzitinin Hüquqi Tənzimlənməsinin Nəzəri və Praktiki Problemləri” adlı monoqrafiyası məhz yuxarıda qeyd edilən problemlərin araşdırılmasına həsr edildiyi üçün olduqca aktual və dəyərli bir monoqrafiyadır. ​Bütövlükdə müasir dövrdə enerji daşıyıcıları ölkələrin və regionların iqtisadiyyatına, ictimai təhlükəsizliyinə ciddi təsir göstərir, eləcə də insanların sabitliyə etimadının minimuma endirilməsinə gətirib çıxara bilər. Bu isə enerji daşıyıcılarının nə dərəcədə əhəmiyyətli olmasını və onların hüquqi tənzimi problemlərinin həllinin labüdlüyünü bir daha sübut edir. ​Monoqrafiyada beynəlxalq hüquqda və dövlətdaxili qanunvericilikdə enerji daşıyıcılarının anlayışı müəyyən edilir, enerji daşıyıcılarının nəqli vasitələri kimi dəmiryol daşımaları, ticarət gəmiçiliyi, beynəlxalq boru kəmərləri və elektrik nəqletmə, ötürülmə xətləri ilə enerji resurslarının nəqli məsələləri elmi cəhətdən araşdırılaraq ətraflı və dolğun şəkildə şərh edilmişdir. Əsərdə enerji daşıyıcılarının beynəlxalq tranzitinə dair hüquq münasibətinin qurulmasının prinsipləri və məhdud sayda iştirakçılar arasında həyata keçirilən tranzitin beynəlxalq-hüquqi tənzimlənməsi öyrənilmiş və Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə müqayisəli şəkildə təhlil edilmişdir. Enerji daşıyıcılarının tranziti sahəsində müasir normativ-hüquqi sənədlər, qabaqcıl beynəlxalq-hüquqi təcrübə və Azərbaycan Respublikasının müvafiq hüquqi aktlarından irəli gələn təcrübənin nəzərə almaqla hazırlanmış bu əsər ölkəmizin enerji siyasətinin hüquqi tənzimlənməsində və beynəlxalq enerji hüquqi elmində mövcud olan boşluqların aradan qaldırılmasına əhəmiyyətli rol oynayır. ​Monoqrafiyanın əsas xüsusiyyətlərindən biri də enerji resurslarının tranzit nəqli zamanı ətraf mühitin mühafizəsinin hüquqi tənzimlənməsi məsələlərinin aydınlaşdırılmasıdır. Bu mənada enerji daşıyıcılarının tranzit nəqli zamanı ətraf mühitin mühafizəsi məsələlərini nəzərdə tutan universal və regional xarakterli beynəlxalq müqavilələr geniş şəkildə təhlil edilmişdir. Yekun olaraq müəllif tərəfindən monoqrafiyada aparılmış hərtərəfli təhlillərlə əlaqədar nəzəri-praktiki baxımdan mühüm əhəmiyyət kəsb edən təklif və nəticələr göstərilmişdir ki, bunlar da hüquqi praktikada (Azərbaycan Respublikası da daxil olmaqla) və hüquq ədəbiyyatında kifayət qədər əsaslandırılmış elmi konsepsiyalara əsaslanır. İrəli sürülən əsas müddəa və təkliflər praktiki baxımdan da xüsusi əhəmiyyətə malikdir.