Nazir müavini: "Vətəndaşlar malqaradan narazılıq edəndə həmin heyvanlar dəyişdirilir"


Digərləri 27 Dek 2018 10:10:00 487 0

Nazir müavini: "Vətəndaşlar malqaradan narazılıq edəndə həmin heyvanlar dəyişdirilir"

Son.az əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyevin report-a müsahibəsini təqdim edir:

- Anar müəllim, özünəməşğulluq proqramının həyata keçirilməsində məqsəd nədir?

- Özünəməşğulluq proqramı cənab Prezidentin təşəbbüsü əsasında həyata keçirilir. Bu proqramın icrasına 2016-cı ildən başlanılıb. Yeni "Məşğulluq haqqında" qanun qəbul olunub, həmin qanunda da özünəməşğulluq proqramı işsiz vətəndaşların məşğulluğunun təmin olunmasına kömək göstərilməsi məqsədi ilə aktiv məşğulluq tədbiri kimi nəzərdə tutulub.

- Proqramla bağlı builki vəziyyət necədir?

- Cari ildə bu məqsədlər üçün dövlər büdcəsindən 36 milyon manat vəsait ayrılmışdı. Vəsait İşsizlikdən Sığorta Fondunun büdcəsində nəzərdə tutulmuşdu. Bu il Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bu istiqamətdə zəruri tədbirlər görülüb. Təxminən 7800 nəfər bu proqrama cəlb olunub. Özünəməşğulluq proqramına daxil olacaq şəxslərin sayı bu il 7 dəfə artırılıb.

Hazırda nazirlik tərəfindən aktivlərin paylanılması prosesi həyata keçirilir. Biz düşünürük ki, ilin sonuna kimi paylanılacaq aktivlərin sayı 6 minə yaxınlaşacaq. Bu proqram növbəti illərdə də davam etdiriləcək.

- Bəs gələn ilin büdcəsində özünəməşğulluq proqramı üçün nə qədər vəsait ayrılıb?

- Gələn ilin təsdiq olunmuş büdcəsindən bu məqsədlər üçün 42 milyon manat vəsait nəzərdə tutulub. Bu vəsait hesabına biz planlaşdırıq ki, 8 minə yaxın işsiz vətəndaşı özünəməşğulluq proqramına cəlb edək.

- Nazirlik proqramın həyata keçirilməsi üçün hər hansı qurum və təşkilatla əməkdaşlıq edirmi?

- Bu proqram çərçivəsində müxtəlif qeyri-hökumət təşkilatları ilə və digər təşkilatlarla əməkdaşlıq həyata keçirilir.