İsrail Dəməşqin altını üstünə çevirdi


Dünya 26 Dek 2018 20:34:00 287 0

İsrail Dəməşqin altını üstünə çevirdi

KİV-lər İsrail aviasiyasının ötən gün dekabrın 25-də axşam Dəməşq ətrafına endirdiyi kütləvi aviazərbələrə dair yeni təfərrüatları çatdırır.

Son.az Virtualaz.org-a istinadən bildirir ki, Suriya Hava Hücumundan Müdafiə qüvvələri İsrail təyyarələrini vurmağa cəhd edərkən S-200 zenit-raket komplekslərini tətbiq edib. İsrailin Hava Hücumundan Müdafiə sistemi işə düşüb və "Petriot" raketləri buraxılıb. Sosial şəbəkələrdə yayılan məlumatlara görə İsrailin Suriya ilə həmsərhəd bölgələrinin sakinləri ötən gecə güclü partlayışlar eşidiblər. Bunlar "Patriot" PAC-2GEM raketləri idi və Suriyanın S-200 raketlərinə qarşı buraxılmışdı.

Xəbərlərə görə Suriya raketləri Dəməşqə zərbələr endirən İsrail F-16 bombardmançılarına qarşı buraxılıb. Lakin həmin vaxt təyyarələr artıq İsrailin nəzarətində olan  Golan yüksəkliklərinin üzərində idi.

İsrailin DEBKA portalı Suriyaya hava zərbələrinin iki dalğada həyata keçirildiyini bildirir. "Etibarlı amerikalı mənbələrə" istinad edən sayt yazır ki, birinci dalğada F-16 "Sufa" bombardmançıları istifadə olunub. Onlar "Delilah" qanadlı raketləri ilə zərbələr endiriblər.

Suriya mənbələri iddia edir ki, bütün "Delilah" raketləri vurulub, hərçənd bunu təsdiq edən heç bir dəlil təqdim olunmur.

DEBKA bildirir ki, İsrail aviasiyası ikinci dalğada GB-39 "ağıllı" bombalarını tətbiq ediblər. Birinci dalğanın o qədər də uğurlu olmamasından sonra İsrail ordusu F-35 "Adir" qırıcılarını işə salıb. Məlumata görə zərbələrin əsas hədəfi "Hizbullah"a və İrana aid obyektlər yox, Suriya ordusunun obyektləri olub.

Suriya və Livan qaynaqları hücumun yarım saat çəkdiyini bildirir. Suriya qaynaqları onu da bildirir ki, İsrailin ötən gecəki hücumu çox təhlükəli eskalasiyadır. Çünki hücum nəticəsində İranın İnqilab Keşikçiləri Korpusunun "Əl-Qüds" briqadasının "çox yüksək rütbəli komandiri" öldürülüb. Lakin digər mənbələr bu məlumatı təsdiqləmir.

***

Ötən gün dekabrın 25-də axşam İsrail aviasiyası Suriyanın paytaxtı Dəməşq yaxınlığındakı hədəfə kütləvi raket zərbələri endirib. Rəsmi Dəməşq bildirir ki, İsrail Hərbi Hava Qüvvələrinin təyyarələri raketləri Livanın hava məkanından buraxıblar və onlardan çoxu vurulub. Suriya ordusunun 3 əsgəri yaralanıb.

Lakin Suriya müxalif qaynaqları bildirir ki, hədəf Suriya ordusunun 10-cu diviziyasının  Dəməşqdən qərbdə, Katana yaşayış məntəqəsində yerləşən qərargahı olub. Habelə Suriya İnsan Haqları Monitorinq Qrupu "Hizbullah"a və İrana məxsus olan üç silah anbarının vurulduğunu bildirir.

İsrail Müdafiə Ordusu həmişə olduğu kimi bu dəfə də Suriyaya hava zərbələrinə dair heç bir şərh verməyib, məlumatı təsdiq və ya təkzib etməyib. İsrail KİV-ləri Suriyadakı mənbələrə istinadən xəbər verir ki, hücum zamanı azı 22 raket buraxılıb.