Əli Həsənov: "2018ci il jurnalistika sahəsində də uğurlu il olub"


Digərləri 26 Dek 2018 19:58:00 344 0

Əli Həsənov: "2018ci il jurnalistika sahəsində də uğurlu il olub"

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu (KİVDF) tərəfindən Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə fərdi jurnalist yazıları müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

Son.az Trend-ə istinadən bildirir ki, tədbirdə Prezidentin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, KİVDF-nin icraçı direktoru Vüqar Səfərli, Mətbuat Şurasının sədri Əflatun Amaşov, millət vəkilləri, KİV rəhbərləri və digər qonaqlar iştirak ediblər.

Tədbirdə çıxış edən Vüqar Səfərli bildirib ki, 2018-ci il də Azərbaycan üçün uğurlarla yadda qaldı. O qeyd edib ki, il ərzində KİVDF tərəfindən bir sıra layihələr reallaşdırıb: "2018-ci il ərzində Fond 33 kütləvi informasiya vasitəsini maliyyələşdirib, Azərbaycan ədəbi dilinin qorunması istiqamətində layihələr həyata keçirib.

Vüqar Səfərli deyib ki, həm Fond tərəfindən, həm də digər dövlət qurumları ilə əməkdaşlıq çərçivəsində ümumilikdə 10 müsabiqə keçirilib və 500-ə yaxın jurnalist mükafatlandırılıb.

Onun sözlərinə görə, hazırkı müsabiqə KİV-lərə Dövlət Dəstəyi Konsepsiyasında əksini tapmış 19 istiqaməti əhatə edib: "Müsabiqənin şərtlərinə uyğun olaraq 19 istiqamətin hər biri üzrə 6 yazı müəllifi qalib elan edilib, ümumilikdə isə 112 nəfər jurnalistin mükafatlandırılması haqqında qərar qəbul olunub".

Sonra tədbirdə çıxış edən Əli Həsənov bildirib ki, 2018-ci il Azərbaycanda dövlətçilik ili idi, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi qeyd olundu: "Cənab Prezidentin sərəncamı ilə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi təkcə Azərbaycanda deyil, Azərbaycanın sərhədlərindən kənarda da keçirildi. Bildiyiniz kimi, Azərbaycan dövlətçiliyinin tarixi daha qədimdir. Əlbəttə, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin qeyd edilməsi heç də Azərbaycan dövlətinin 100 illiyi demək deyil. Sadəcə olaraq Xalq Cümhuriyyəti tarixinin 100 illiyidir və biz bunu qeyd etməliydik, çünki bu, Azərbaycanın qürur duyduğu Cümhuriyyət dövrü olub və bu Cümhuryyət Şərq aləmində, İslam dünyasında ilk dünyəvi, çoxpartiyalı parlamentə malik respublika olub, ilk dəfə kişilərlə yanaşı, qadınlara da səsvermə hüququ verib. Bizim bu Cümhuriyyətlə öyünməyə haqqımız var".