Orxan Məmmədov: "Dövlət başçısının fərmanı kiçik və orta biznesin inkişafında mühüm əhəmiyyət kəsb edir"


Siyasət 26 Dek 2018 18:22:00 566 0

Orxan Məmmədov: "Dövlət başçısının fərmanı kiçik və orta biznesin inkişafında mühüm əhəmiyyət kəsb edir"

Azərbaycan Respublikası Prezident İlham Əliyev dünən "Mikro, kiçik və orta sahibkarlıq subyektlərinin kommunal xidmətlərə qoşulma proseslərinin daha da sadələşdirilməsi haqqında" Fərman imzalayıb. Fərmana əsasən, sahibkarlıq subyektlərinin elektrik enerjisi və qaz təchizatı şəbəkələrinə, su təchizatı və tullantı suların axıdılması sistemlərinə qoşulma prosedurlarının daha da təkmilləşdirilməsi, tələb olunan vaxtın və maliyyə xərclərinin optimallaşdırılması, onlara göstərilən xidmətlərin yüksək səviyyədə, keyfiyyətlə, rahat və sahibkar məmnunluğu əsasında reallaşdırılması nəzərdə tutulur.

Son.az bildirir ki, İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov Trend-ə bildirib ki, Azərbaycan Respublikası Prezidentinin rəhbərliyi ilə ölkəmizdə sahibkarlığın inkişafı, biznes və investisiya mühitinin yaxşılaşdırılması istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir, yeni dəstək mexanizmləri tətbiq olunur. Dövlət başçısının dünən imzaladığı Fərmanla müəyyənləşdirilmiş vəzifələr ölkədə sahibkarlığın inkişafı istiqamətində reallaşdırılan islahatların davamı olmaqla, özəl bölmənin, xüsusilə kiçik və orta sahibkarlığın inkişafında, sahibkarlıq subyektlərinin kommunal xidmətlərə qoşulmasının daha asan həyata keçirilməsində, bunun üçün tələb olunan vaxt və maliyyə xərclərinin optimallaşdırılmasında xüsusi əhəmiyyət kəsb edir. Sahibkarların qaz və su təchizatı, tullantı suların axıdılması sistemlərinə qoşulması üçün texniki şərtlərin və layihə sənədlərinin hazırlanması və verilməsi, bu məqsədlə müraciətlərin qəbulu "vahid məkan" prinsipi əsasında "KOB evləri"ndə və "ASAN Kommunal" və ya "ASAN xidmət" mərkəzlərində həyata keçiriləcək ki, bu, vaxt itkisinin qarşısını almaqla, sahibkarların işini asanlaşdıracaqdır:

"Onu da qeyd edim ki, Nazirlər Kabinetinin 21 dekabr 2018-ci il tarixli Qərarına əsasən, "Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü meyarları" təsdiq olunub. Yeni meyarlara görə, işçilərinin sayı 10 nəfərədək, illik dövriyyəsi 200 min manata qədər olan sahibkarlar mikro sahibkarlardır. 11-50 işçisi olan və 3 milyon manatadək dövriyyəsi olanlar kiçik sahibkarlar hesab olunur. 51 - 250 işçi qüvvəsi ilə çalışan və illik dövriyyəsi 3-30 milyon manat olanlar orta sahibkarlardır. İri sahibkar isə 251 və ondan yuxarı işçisi və 30 milyon manatdan çox illik dövriyyəyə malik olanlardır".

O.Məmmədov bildirib ki, Qərara əsasən, sahibkarlıq subyektlərinin əvvəlki bölgü meyarları dəyişdirilərək, "kiçik", "orta" və "iri" sahibkarlıq qrupları ilə yanaşı, "mikro" sahibkarlıq qrupu da müəyyənləşdirilib:

"Bu, mikro sahibkarların ayrıca qrup olaraq qeydiyyata alınmasında və bununla da sahibkarlığın əhatə dairəsinin genişləndirilməsində əhəmiyyətli rol oynayacaqdır".

Agentlik rəhbəri yeni Qərarın ölkədə sahibkarlığın inkişafına yönələn dövlət dəstəyi tədbirlərinin daha effektiv tətbiqinə, ünvanlılığın yüksəlməsinə, dövlət dəstəyi tədbirlərinin əhatə dairəsinin daha da genişlənməsinə yeni imkanlar yaratdığını vurğulayıb.