“Sahib İbrahimov mənə başqa mənzil verdi, o da satılmışdı”


Digərləri 26 Dek 2018 17:44:00 527 0

“Sahib İbrahimov mənə başqa mənzil verdi, o da satılmışdı”

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda və vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə təqsirləndirilən Sahib İbrahimovun məhkəməsi keçirilib. 

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, hakim Ramella Allahverdiyevanın icraatında olan prosesdə zərərçəkmişlər dindirilib. 

Ehtiram Əhmədov deyib ki, S.İbrahimovu əvvəl tanımayıb: "Mən evi Eldəniz Cəfərovdan almışam, onun həmin binada iki mənzili var idi. Sənədləşmə işlərini isə Məzahir Cəfərovla etdik, müqaviləni ondan aldım. Özüm 4 ildir həmin mənzildə yaşayıram, bu günə kimi gəlib deyən olmayıb ki, ev başqasına satılıb. Mənə heç bir ziyan dəyməyib". 

Digər zərərçəkən Mübariz Əhmədov isə mənzil almaq üçün pulu məhz Sahib İbrahimovun özünə verdiyini deyib:  "Mən qardaşımla Xətai rayonunda tikilən binadan ev almaq üçün ofisə getdim. Orada oturan qızlar məni Sahib İbrahimova yönləndirdilər. O dedi ki, şirkət və bina onundur. Boş mənzillərə baxdıq, birini seçdim. Qiyməti 96 400 dollar idi. Bu qədər pulumun olmadığını dedim, Sahib İbrahimov yarısını ödəyib qalanı hissə-hissə verə biləcəyimi dedi. Növbəti gün ofisdə Sahibə 48 min 200 dollar ödədim. Sonra da aybaay ödəməklə, ümumi 20 min verdim. 2017-ci ildə komendat mənə zəng edib dedi ki, sənin burada mənzilin yoxdur. Mən də Sahibin yanına getdim, dedi mən sənə bir dəfə mənzil vermişəm, get evinə sahib çıx. Orda başqa nəsə qaranlıq söhbətlər var idi. Bir binaları sökülmüşdü, ordan adamları başqa binaya köçürmüşdülər. Hamı  "Sahil-D kompani"dən tələb edirdi, mən də ora getdim, dedilər buranın sahibi İlham tutukub, hələ 15 il də yatacaq. 

Sonra mən prokurorluğa şikayət edəndən sonra Sahib İbrahimov mənə başqa yerdən mənzil verdi. Xətaidəki binada mənə verilən mənzil də başqasına satılmışdı". 

Hər iki zərərçəkmiş indi şikayətləri olmadığını deyiblər.