"Sabitlik və rifah naminə siyasət" kitabının təqdimatı oldu


Siyasət 26 Dek 2018 16:54:00 521 0

"Sabitlik və rifah naminə siyasət" kitabının təqdimatı oldu

Bu gün Beynəlxalq Mətbuat Mərkəzində professor İsaxan Vəliyevin yeni çapdan çıxmış "Sabitlik və rifah naminə siyasət" kitabının təqdimat mərasimi keçirilib.

Son.az Trend-ə istinadən bildirir ki, təqdimat mərasimində millət vəkilləri, ziyalılar və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Kitab 8 fəsildən ibarətdir və nəşrin elmi redaktoru Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi, professor Əli Həsənovdur.

Tədbirdə çıxış edən millət vəkili Hikmət Babaoğlu bildirib ki, kitabda respublikamızın uğurlu və şanlı inkişaf yollarına, milli dövlətçilik tariximizə nəzər salınıb: "Azərbaycan Xalq Cümhuriyyətinin dövlət quruculuğu siyasətinə nəzər salan müəllif bildirib ki, Cümhuriyyət mövcudluğunun ilk günlərindən milli dövlətin müstəqilliyinin möhkəmlənməsinə, siyasi və iqtisadi inkişafına töhfə verən, xalq hakimiyyəti və insanların bərabərliyi prinsiplərini təmin edən qətiyyətli daxili siyasət yürüdüb. Nəşrdə müasir Azərbaycanın qurulması, Xalq Cümhuriyyətinin yaradılmasından bu vaxta qədər ölkədə baş verən proseslər, müstəqillikdən sonra Azərbaycanda sabitliyin əldə olunması üçün görülən tədbirlər əksini tapıb".

H.Babaoğlu deyib ki, kitabda müstəqil Azərbaycanın keçdiyi inkişaf yoluna - həyata keçirilən iqtisadi, siyasi və hüquqi islahatlara, xarici siyasət strategiyasına, milli təhlükəsizlik mənafelərinin təminatı sahəsində əldə edilən nailiyyətlərə, beynəlxalq münasibətlər sistemində rolu və mövqeyinə, yeni neft və enerji diplomatiyasına nəzər salınıb: "Kitabda qeyd edilir ki, Azərbaycan artıq dünyada təkcə zəngin neft-qaz ölkəsi kimi deyil, həm də sivilizasiyalararası dialoqların carçısı, humanitar forumların təşkilatçısı, regionda sabitliyin və qarşılıqlı həmrəyliyin, əməkdaşlıq şəbəkəsinin mərkəzinə çevrilən ölkə kimi tanınır və qəbul olunur".

Deputat, professor Nizami Cəfərov çıxışında qeyd edib ki, kitabda Azərbaycanda baş verən hadisələrin tarixi təsnifatı sadə dillə oxuculara çatdırılıb: "Hadisələr xronoloji ardıcıllıqla qeyd edilib. Bu kitab təfəkkürümüzə dəqiqlik gətirir. Kitabda Azərbaycan tarixi, siyasi sabitliyin hansı yolla əldə edilməsi ilə yanaşı, Azərbaycanın dünyada hansı əhəmiyyətə malik olduğu da dəqiqliklə analiz edilərək təqdim olunub".

Millət vəkili Siyavuş Novruzov ölkədə son illər kifayət qədər tarixi əhəmiyyətli kitabların çap edildiyinə diqqət çəkib: "Dünyada qədim dövlətçilik tarixinə malik çox az ölkə var. Bu kitabda Azərbaycan dövlətinin tarixi köklərə əsaslanaraq yaradılması göstərilib. Xalq Cümhuriyyətinin yaranması tarixindən tutmuş müasir Azərbaycan tarixinədək bir çox ictimai-siyasi hadisələrə aydınlıq gətirilib".

Deputat Elman Nəsirov isə çıxışında vurğulayıb ki, ölkədə sosial rifahı təmin etmək üçün ilk növbədə sabitlik həyata keçirilir: "Bu sabitliyin necə həyata keçirilməsi, hansı siyasətin yürüdülməsi kitabda əsaslı şəkildə analiz edilib. Kitabda Azərbaycan müstəqillik qazandıqdan sonra sabitliyin əldə olunması üçün istifadə edilən mexanizmlər açıqlanıb. Hesab edirəm ki, müəllif bu kitabı hazırlamaqla Azərbaycan tarixi üçün mühüm əhəmiyyət kəsb edən bir işə imza atıb. Kitab hər bir azərbaycanlıya lazım olan bir nəşrdir. Faktlar cəmiyyətin başa düşəcəyi sadə terminlərlə göstərilib. Xüsusilə vurğulanıb ki, ümummilli lider Heydər Əliyevin misilsiz xidmətləri nəticəsində hüquqi, demokratik, dünyəvi dövlət quruculuğu yolu ilə inamla irəliləyən müstəqil Azərbaycanda mükəmməl iqtisadi doktrina hazırlanaraq mərhələlərlə həyata keçirilib. Ulu öndər Heydər Əliyev tərəfindən müəyyənləşmiş strategiya ölkə iqtisadiyyatının sürətli inkişafını və respublikamızın dünya iqtisadiyyatına inteqrasiyasını təmin edib, uğurlu siyasətin həyata keçirilməsi sahəsində Azərbaycanı qlobal enerji təhlükəsizliyinin etibarlı təminatçısına çevirib".

Tədbirdə digər çıxış edənlər də kitab barədə fikirlərini bölüşüb, əhəmiyyətini qeyd ediblər.

Son.az 


Xəbərə aid fotolar