Bu il 1392,8 min hektar sahədə kənd təsərrüfatı bitkiləri suvarılıb


Digərləri 26 Dek 2018 16:05:00 481 0

Bu il 1392,8 min hektar sahədə kənd təsərrüfatı bitkiləri suvarılıb

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı 2018-ci ildə bir sıra uğurlu layihələr həyata keçirib

Bakı. Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC tərəfindən meliorasiya və irriqasiya sistemlərinin normal istismarının təşkili, tələb olunan həcmlərdə təmir-bərpa işlərinin görülməsi, suvarılan torpaqların su təminatının və onların meliorativ vəziyyətinin yaxşılaşdırılması, sel və daşqın sularına qarşı mübarizə tədbirlərinin davam etdirilməsi sahəsində ötən illərdə olduğu kimi 2018-ci ildə də müvafiq tədbirlər işlənib həyata keçirilib. Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətindən Trend-ə verilən məlumata görə, hesabat ilində Kür, Araz və onlara qovuşan dağ çayları boyunca salınan torpaq mühafizə bəndlərinin 133 kilometrlik hissəsində möhkəmləndirmə işləri görülüb və 3890 kubmetr həcmində daş və beton məmulatları ilə sahilbərkitmə işləri yerinə yetirilib. Suvarma sistemlərində və kollektor-drenaj şəbəkələrində 62 milyon kubmetr həcmində lildən təmizləmə işləri görülüb, 5837 hidrotexniki qurğu, 5203 subartezian quyusu, 276 nasos stansiyası təmir edilib. Çay məcralarında 17,2 milyon kubmetr həcmində məcratəmizləmə işləri aparılıb, 10,3 min kubmetr şax-daş və faşın, 2,9 min kubmetr qabion bəndlər quraşdırılıb və daş-beton bəndlərdə 18,4 min kubmetr həcmində təmir işləri yerinə yetirilib. Görülən tədbirlər nəticəsində suvarılan torpaq sahələri əsasən suvarma suyu ilə tam təmin edilib. Respublika üzrə bütün kənd təsərrüfatı bitkiləri 1392,8 min hektar sahədə orta hesabla 3,2 dəfə suvarılıb, 2018-ci il ərzində bütün mənbələrdən, o cümlədən dövlət büdcəsindən, Dövlət Neft Fondundan və Dünya Bankından ayrılmış vəsaitlər hesabına 16 ədəd yeni və 28 ədəd keçid obyektlərində layihələndirmə, əsaslı tikinti-quraşdırma, yenidənqurma və bərpa işləri görülüb. 2018-ci il iyunun 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə Şəmkir-Samux-Goranboy magistral suvarma kanalının ikinci növbəsinin İpək yolu ilə kəsişmə qurğusunun və ondan sonrakı 4,95 kilometrlik hissəsinin açılış mərasimi keçirilib. Tikinti işlərinin tamamlanması ilə Goranboy rayonunun 8000 hektar torpaq sahəsinə suvarma suyu çatdırılıb. Lerik rayonunda 1100 metr uzunluğunda çirkab su kollektor xətti çəkilib və çirkab su təmizləmə qurğusunda mexaniki avadanlıqların quraşdırılması işləri yekunlaşıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2018-ci il 15 oktyabr tarixində Lerik şəhərinin içməli su sisteminin və kanalizasiya şəbəkəsinin əhalinin istifadəsinə verilməsi mərasimində iştirak edib.