Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 100 illiyi ilə bağlı beynəlxalq elmi-praktik konfrans keçirilib (FOTO)


Digərləri 26 Dek 2018 15:27:50 254 0

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 100 illiyi ilə bağlı beynəlxalq elmi-praktik konfrans keçirilib (FOTO)

“Azərbaycanda sosial müdafiə sisteminin inkişafı: dünən, bu gün, sabah” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilib.

Bakı. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) yaradılmasının 100 illiyi ilə əlaqədar hökumət üzvləri, qeyri-hökumət təşkilatları, millət vəkilləri, sosial tərəfdaşlar, ayrı-ayrı beynəlxalq qurumlar və elmi ictimaiyyətin nümayəndələrinin iştirakı ilə “Azərbaycanda sosial müdafiə sisteminin inkişafı: dünən, bu gün, sabah” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilib. Nazirlikdən Trend-ə verilən məlumata görə, tədbirdən əvvəl konfrans iştirakçıları Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib, xatirəsini ehtiramla yad ediblər. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üstünə güllər düzülüb. Sonra Şəhidlər xiyabanı ziyarət olunub, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəman Vətən övladlarının məzarları üzərinə gül dəstələri, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyulub. Konfrans ƏƏSMN-nin yaradılmasının 100 illik yubileyinə həsr olunmuş filmin nümayişi ilə başlayıb. Filmdə 1918-ci il dekabrın 26-da Azərbaycan Xalq Cümhuriyyəti hökumətində yaradılmış Poçt, Teleqraf və Əmək Nazirliyinin, daha sonra ayrıca qurum kimi formalaşan Əmək Nazirliyinin fəaliyyətindən söz açılır, ümummilli liderimiz Heydər Əliyevin ölkəmizdə humanist dəyərlərə, sosial ədalət prinsipinə əsaslanan sosial siyasətin formalaşması və inkişafı istiqamətində mühüm tarixi xidmətləri diqqətə çatdırılır. Prezident İlham Əliyevin sosial sahəyə xüsusi qayğısından, ölkədə həyata keçirilən və genişlənən mühüm sosial proqramlardan, aktiv sosial müdafiə və məşğulluq tədbirlərinin güclənməsindən bəhs olunur. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın yüksək humanizmin təcəssümü olan və sosial müdafiə və reabilitasiya sahələri də əhatə edən təşəbbüs və layihələri filmdə əksini tapır. Konfransı giriş sözü ilə açan Baş nazirin müavini Əli Əhmədov Azərbaycanda sosial inkişafın təmin edilməsi, əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində ulu öndər Heydər Əliyevin xidmətlərini qeyd edib. Ə.Əhmədov son 15 ildə Prezident İlham Əliyev tərəfindən uğurlu sosial siyasət həyata keçirildiyini vurğulayıb. O, əhalinin sosial müdafiəsinin, məşğulluğun təmin olunması, rifah səviyyəsinin yaxşılaşdırılması sahəsində ƏƏSMN-nin üzərinə geniş vəzifələr düşdüyünü, bu vəzifələrin icrası yönündə nazirliyin məqsədyönlü işlər apardığını, əmək və sosial təminat sisteminin inkişafı üçün mühüm islahatlar həyata keçirdiyini qeyd edib, nazirliyin 100 illik yubileyi münasibətilə xoş arzularını çatdırıb. Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev vurğulayıb ki, sosial rifahın təminatı hər bir ölkənin ümumi inkişafının əsas göstəricilərindən biri kimi qəbul edilir. Bu mənada ümummilli lider Heydər Əliyevin memarı və qurucusu olduğu, son 15 ildə Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasəti nəticəsində dünyanın sürətlə inkişaf edən ölkələrindən olan müasir Azərbaycan eyni zamanda bir sosial dövlət olaraq bu inkişafını özünün güclü sosial siyasətində təcəssüm etdirir. Son 15 ildə sosial təminat sisteminin ildən-ilə gücləndiyini və əhatə dairəsinin genişləndiyini bildirən nazir 2018-ci ilin ötən dövründə əldə olunan nəticələri də diqqətə çatdırıb. O deyib ki, bu ilin 11 ayında aktiv məşğulluq tədbirləri nəticəsində ötən ilin müvafiq dövrünə nisbətən 9,1 faiz çox olmaqla 50,2 min nəfərin işlə təmin olunub. Dövlət başçısının tapşırığına uyğun olaraq gələn il yeni bir istiqamət kimi ölkəmizdə “İşsizin dostu” proqramına başlanacaq ki, bu proqram 30 minədək işsiz vətəndaşın ödənişlə ictimai işlə təminatına imkan yaradacaq. Nazir diqqətə çatdırıb ki, dövlət başçısının müvafiq Sərəncamına əsasən icra olunan özünüməşğulluq proqramına cəlb olunanların sayı cari ildə 6,5 dəfə artaraq 7800 nəfəri ötüb. Özünüməşğulluq proqramına fəal dəstək olaraq, Heydər Əliyev Fondunun Regional İnkişaf İctimai Birliyi tərəfindən də 125 ailənin bağçılıq təsərrüfatları da yaradılıb. S.Babayev 2018-ci ilin 11 ayında nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun gəlirlərinin əvvəlki ilə nisbətən 224 milyon manat, o cümlədən qeyri-büdcə sektoru üzrə 145 milyon manat artdığını və proqnoza 105,4 faiz əməl olunduğunu qeyd edib. O bildirib ki, Prezident İlham Əliyevin 5 sentyabr 2018-ci il tarixli Fərmanına uyğun olaraq, pensiya təyinatı sistemində təkmilləşdirmələr aparılıb. Müvafiq qanunvericiliyə edilmiş dəyişikliklər gələn ilin əvvəlindən pensiya təyinatının heç bir sənəd tələb olunmadan, avtomatlaşdırılmış şəkildə həyata keçirilməsinə imkan verəcək. Başqa sözlə, 2006-cı ildən 2018-ci ilin 1 iyul tarixinədək fərdi hesabında heç bir pensiya kapitalı qeydə alınmayanlar, dövlət qulluqçuları, hərbi qulluqçular, xüsusi rütbəli şəxslər və s. istisna olunmaqla, pensiya yaşına çatanların 70 fazinin pensiya təyinatı avtomatlaşdırılmış şəkildə aparılacaq. Həmçinin pensiya yaşına çatan və fərdi hesabında 2018-ci ilin 1 iyul tarixinədək pensiya kapitalı qeydə alınan (məbləğdən asılı olmayaraq) şəxslərə 2006-cı ilin yanvarın 1-dək olan dövr üçün avtomatik 25 il sosial sığorta stajı hesablanacaq ki, bu da 2006-cı ilədək 25 ildən az stajı olduğu üçün pensiya hüququ yaranmayan şəxslərin bu hüquqa malik olmasına şərait yaradacaq. S.Babayev vurğulayıb ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2 avqust 2018-ci il tarixli Sərəncamı ilə şəhid ailələri və Qarabağ müharibəsi əlilləri üçün bu il əlavə olaraq minimum 300 mənzilin alınması üçün 20 milyon manat vəsait ayrılması nəticəsində 2018-ci ildə həmin kateqoriyalardan olan insanlara nəzərdə tutulduğundan (207 mənzil) 3 dəfə çox olmaqla 626 mənzilin təqdim edilməsinə səbəb olub. Həmçinin bu il daha 265 nəfər Qarabağ müharibəsi əlili minik avtomobili ilə təmin olunub. Şəhid hərbi qulluqçuların vərəsələrinin birdəfəlik ödəmə (11 min manat) ilə təmin olunmasını nəzərdə tutan 19 aprel 2018-ci il tarixli Fərman isə dövlət başçısının hümanist təşəbbüsünün nəticəsi və şəhid ailələrinə xüsusi qayğısının davamıdır. 9531 şəhid hərbi qulluqçunun vərəsələrinin birdəfəlik ödəmə almaq hüququ müəyyən olunub ki, onlardan artıq 3,1 min nəfərinin 4 mindən çox vərəsəsinə həmin ödənişlərin verilməsi prosesi həyata keçirlir. S.Babayev Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın sosial müdafiə və reabilitasiya sahələrində aparılan işlərə dəstək məqsədli layihələrindən bəhs edib, xüsusilə də bu layihələrin həssas qruplara, sağlamlıq imkanları məhdud uşaqlara, valdeyn himayəsindən məhrum gənclərə qayğının artırılmasında mühüm rol oynadığını vurğulayıb. Qeyri-rəsmi məşğulluğun qarşısının alınması işlərindən bəhs edən S.Babayev bu işlər, həmçinin məqsədyönlü stimullaşdırıcı tədbirlər nəticəsində cari ildə əmək müqaviləsi ilə işləyənlərin sayının 100 min nəfərə yaxın artdığını deyib. Nazir sosial yardım sisteminin optimalaşdırılması, bu sahənin şəffaflaşdırılması istiqamətində cari ildə görülən islahat tədbirlərini qeyd edib. S.Babayev əlillik təyinatlarında şəffaflığın və qanunvericiliyin tələblərinin təmin edilməsi yönündə aparılan işləri də diqqətə çatdırıb. O, görülən tədbirlərin nəticəsi olaraq, 2018-ci ilin III rübündə ilkin əlillik təyin olunanların, həmçinin 18 yaşadək sağlamlıq imkanları məhdud uşaq hesab edilənlərin sayının ilin birinci rübünə nisbətən 61,3 faiz, həmçinin I qrup əlillik üzrə 75,8 faiz azaldığını bildirib.