Ekspert: "Prezident İlham Əliyev Rusiya cəmiyyətinin Azərbaycan haqqında təsəvvürlərini daha da təkmilləşdirdi"


Siyasət 26 Dek 2018 15:13:00 517 0

Ekspert: "Prezident İlham Əliyev Rusiya cəmiyyətinin Azərbaycan haqqında təsəvvürlərini daha da təkmilləşdirdi"

Müasir Azərbaycan dövləti və onun siyasətinin müxtəlif aspektləri Rusiya auditoriyası üçün həmişə maraqlı olub.

Son.az xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında "Bakı xəbər" qəzetinin baş redaktoru, siyasi ekspert Aydın Quliyev deyib.

Onun sözlərinə görə, bu maraq daim artan dinamika üzrə inkişaf edib: "Bu mənada çoxmilyonlu Rusiya teleauditoriyasının Azərbaycan Prezidentindən eşitdiklərinin maraqlı və gözlənilən olduğuna şübhə yoxdur. Prezident İlham Əliyev Azərbaycanın müstəqil siyasət kursu əsasında əldə etdiyi böyük nəticələri və qarşıda dayanan mühüm iqtisadi, siyasi vəzifələri Rusiya ictimaiyyətinə və elitasına çatdırmaq üçün imkanlardan maksimum istifadə edə bildi. Dövlət başçısının Rusiya televiziyasına geniş müsahibəsi ölkəmizin tam olduğu kimi təqdim olunması baxımından olduqca əhəmiyyətlidir. Rusiya tamaşaçılarına Azərbaycanla bağlı sistemli və məntiqli bir konsepsiya təqdim olundu. Rusiya cəmiyyəti Azərbaycanın bu günü və sabahkı yolu barədə malik olduğu təsəvvürlərini daha da təkmilləşdirdi".

Ekspert əlavə edib ki, Rusiyanın Azərbaycana bundan sonra dovlət və ictimai səviyyədə münasibətinin dərinləşməsində bu bilgilərin böyük təsiri var və olacaq: "Azərbaycan Prezidenti suallara cavab olaraq hər məsələyə öz məqamında toxunmaqla Rusiya cəmiyyətində hər kəsə istədiyini çatdırmaq və hər kəsdə baş qaldıran sualları cavablandırmaq vəzifəsini çox peşəkarlıqla yerinə yetirdi. Fikrimcə, İlham Əliyevin müsahibəsini diqqətlə izləyən hər bir Azərbaycan təəssübkeşi bundan sonra Rusiyada Azərbaycana bədxah münasibət göstərənlər olacaqsa, onları zərəsizləşdirmək üçün kifayət qədər əks-arqumentlərlə silahlandırıldı".

A.Quliyev bildirib ki, Prezidentin səsləndirdiyi fakt və izahlar Rusiya auditoriyasında Azərbaycanın dostlarını daha da gücləndirmək, bədxahların isə mövqeyini daha da sarsıtmaq gücündədir: "Bu istiqamətdə Prezidentin çıxışının hələ daha böyük təsirlərinin şahidi olacağıq. Prezident İlham Əliyev Dağlıq Qarabağ münaqişəsinin indiki vəziyyəti, regional siyasətimiz, Ermənistanın dürüst yola qayıtmayacağı təqdirdə onun özünü və bütün regionu gözləyən yeni fəkakətlər, Azərbaycanın beynəlxalq nəqliyyat mərkəzinə çevrilmək üçün planlaşdırdığı yeni işlər, islahatların 2019-cu ildə verəcəyi yeni nəticələr, mehriban dost və etibarlı qonşu kimi Rusiya ilə münasibətlərin davam etdiriləcəyi barədə dəqiq fikirləri ilə ölkələrimizdə ictimai-siyasi düşüncələr üçün əvəzsiz materiallar verdi. Rusiya ictimaiyyəti üçün çox maraqlı bir fakt oldu ki, 2019-cu ildə Dağlıq Qarabağ münaqişəsinin həllində yeniliklərin real olduğu barədə Rusiyanın dövlət xadimləri ilə Azərbaycan Prezidentinin fikirləri tam üst-üstə düşür".

Baş redaktor vurğulayıb ki, narahat regionda daxili risk mənbələrinin kökünün, demək olar, kəsildiyinə bir daha əmin olan rus turistlər üçün Azərbaycanın bundan sonra daha cəlbedici olacağını xüsusi sübut etməyə ehtiyac qalmır: "Rusiya cəmiyyəti indi RF-Azərbaycan münasibətlərinin dərinləşməsinin dönməz xarakter aldığına bir daha əmin oldu və Rusiya-Azərbaycan tandeminin bütün regionumuzun rahat və davamlı inkişafı üçün həlledici olduğuna bir daha inandırıldı. Rusiya cəmiyyətinə Azərbaycanla bağlı yeni və dəyərli informasiyalar verildi. Rusiya ictimaiyyəti və siyasi dairələr üçün yeni və önəmli oldu ki, Azərbaycan Avrasiya İqtisadi İttifaqına üzv ölkələrin mütləq əksəriyyəti ilə Ermənistandan daha sıx münasibətlərdədir, rus analitiklər üçün isə dəyərli oldu ki, Azərbaycan Simal-Cənub və Şərq-Qərb dəhlizlərinin işində tranzit imkanları ilə fəal iştirak edən yeganə ölkədir. Rusiyada çox maraqla qarşılanacaq ki, bu gün Ermənistanda baş verən proseslər Dağlıq Qarabağ münaqişəsi ilə bağlı status-kvonu saxlamaq cəhdlərinin çox perspektivsiz olduğunu aydın ifadə edir".

Ekspertin fikrincə, Rusiya cəmiyyəti və siyasi elitası fərqinə varmaya bilməz ki, Rusiya-Azərbaycan dostluğu indiki yüksək həddə asanlıqla gəlib çatmayıb: "Bu yolda Azərbaycanı bir sıra avantüralara cəlb etmək cəhdləri olub ki, bunlar da məhz Azırbaycan Prezidentinin təmkinli və düşüncəli diplomatiyası ilə iflasa uğradılıb. Prezident İlham Əliyevın xüsusilə Ermənistanın taleyinin nədən asılı olduğu barədə aydın ifadə etdiyi mətləblərin Rusiyadakı nisbətən açıq təfəkkürlə düşünə bilən erməni diaspor nümayəndələrinə təsir göstərəcəyini inamla söyləmək olar".