Bakıda “Din və ideoloji təhlükəsizlik” mövzusunda konfrans keçirilib FOTO


Digərləri 26 Dek 2018 14:10:00 256 0

Bakıda “Din və ideoloji təhlükəsizlik” mövzusunda konfrans keçirilib  FOTO

Bu gün Bakıda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) təşkilatçılığı ilə "Din və ideoloji təhlükəsizlik" mövzusunda konfrans keçirilib.

Son.az Trend-ə istinadən xəbər verir ki, tədbirdə DQİDK-nın rəhbərliyi, millət vəkilləri, Baş Prokurorluq, Dövlət Təhlükəsizliyi Xidməti, Daxili işlər, Gənclər və idman, Təhsil nazirlikləri, Qafqaz Müsəlmanları İdarəsi və digər qurumların məsul şəxsləri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov bildirib ki, bu gün sürətlə dəyişən və ziddiyyətli təzahürləri ilə qloballaşan dünyada son dərəcə mürəkkəb proseslər baş verir: "Aparılan təhlillərin nəticələrinə görə dünyadakı mövcud ziddiyyətlərin, müharibələrin kökündə əsasən dini və etnik zəmində baş verən münaqişələr dayanır. Onun sözlərinə görə, dünyadakı ictimai-siyasi gərginlik, o cümlədən baş verən münaqişələrin dini və etnik zəmində olması beynəlxalq təhlükəsizliyə ciddi təhdidlər yaradır".

S.Heydərov vurğulayıb ki, dünyanın güc mərkəzləri öz geosiyasi və geoiqtisadi maraqlarını təmin etmək üçün din amilindən istifadə edirlər: "Dini və milli-mənəvi dəyərlər bu gün bəzi maraqlı qüvvələrin alətinə çevrilib. Xüsusilə, son dövrdə dinin siyasiləşdirilmiş formada yayılması və təqdim edilməsi olduqca təhlükəlidir. Yaxın Şərq təcrübəsi və orada hazırda davam edən proseslər bir daha açıq şəkildə göstərdi ki, dini təhlükəsizlik təmin olunmadan milli təhlükəsizliyə nəzarət etmək qeyri-mümkündür".

DQİDK-nın sədr müavini dünyada din pərdəsi altında cərəyan edən proseslərin artım dinamikasını nəzərə alaraq dini təhlükəsizlik məsələsinin daim diqqət mərkəzində saxlanılmasının olduqca vacib olduğunu bildirib.

O qeyd edib ki, Azərbaycanda tarixən formalaşmış yüksək tolerantlıq mədəniyyətinin cəmiyyətimizin təhlükəsizliyi üçün böyük potensial olduğunu deyən S.Heydərov vurğulayıb ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində Azərbaycanda nümunəvi multikultural və birgəyaşayış modeli formalaşıb.

Daha sonra çıxış edən DQİDK-nın sədr müavini Gündüz İsmayılov "Dünyəvi dövlətdə din və ideoloji təhlükəsizlik məsələləri" mövzusunda çıxış edib. G.İsmayılov vurğulayıb ki, respublikamızda həyata keçirilən din siyasətinin əsas mahiyyəti dini etiqad, vicdan azadlığının təmin edilməsidir: "Bununla yanaşı, konfessiyalararası münasibətləri, dinlərarası dialoqu, tolerantlıq mühitini qoruyub saxlamaq əsas prioritet istiqamətlərdən biridir".

Dövlət Komitəsi sədrinin müavininin sözlərinə görə, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan bu uğurlu siyasət nəticəsində bütün sahələrdə olduğu kimi, dövlət-din münasibətlərində də tam hüquqi qanunvericilik bazası formalaşdırılıb: "Azərbaycan dünyəvi dövlət olsa da, dövlətimiz bütün dinlərə eyni münasibət sərgiləyir, tolerant və multikultural dəyərləri təşviq və təbliğ edir".

G.İsmayılov dini radikalizmə qarşı mübarizədə həyata keçirilən ardıcıl, sistemli və intensiv maarifləndirmənin mühüm rol oynadığını vurğulayıb.

O qeyd edib ki, bu sahədə yad dini-ideoloji təsirlərin qarşısının alınması istiqamətində ənənəvi İslam dəyərlərinin təbliği olduqca vacibdir, çünki ənənəvi İslam dinin siyasiləşməsinə, bölücülüyə haqq qazandırmır.