Sənətşünas alim, akademik Rasim Əfəndiyevin anadan olmasının 90 illiyinə həsr olunmuş elmi sessiya keçirilib FOTO


Digərləri 26 Dek 2018 13:40:38 327 0

Sənətşünas alim, akademik Rasim Əfəndiyevin anadan olmasının 90 illiyinə həsr olunmuş elmi sessiya keçirilib  FOTO

Bu gün Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) tanınmış sənətşünas alim, akademik Rasim Əfəndiyevin anadan olmasının 90 illiyinə həsr olunmuş yubiley elmi sessiyası keçirilib.

Son.az Trend-ə istinadən xəbər verir ki, tədbirdə çıxış edən AMEA Humanitar Elmlər Bölməsinin akademik-katibi, akademik Teymur Kərimli özünü Azərbaycanda incəsənət elminin inkişafına həsr edən alim R.Əfəndiyevin həyat yolundan danışıb.

Akademik belə yubiley tədbirlərinin keçirilməsinin alimlərin yaradıcılığına verilən dəyər kimi qiymətləndirib: "Əgər biz özümüzdən əvvəlkilərə qiymət verməsək, elmimiz də inkişaf etməz. Rasim müəllim kimi nəhəng alimlər bizim dayağımızdır. Belə alimlər sayəsində humanitar elmimiz inkişaf edir".

T.Kərimli qeyd edib ki, müstəqil Azərbaycanda humanitar elmin inkişafı ölkəmizə çox lazımdır: "Müasir dövrdə gənc nəsli qloballaşmanın mənfi təsirindən yalnız öz ədəbiyyatımız, sənətimiz, dilimiz qurtara bilər. Rasim müəllimin də əsərləri buna xidmət edir. Rasim müəllimin əsərləri yaşayırsa, deməli, özü də yaşayır".

AMEA-nın müxbir üzvü, Memarlıq və İncəsənət İnstitutunun direktoru, professor Ərtegin Salamzadə bildirib ki, R.Əfəndiyevin yaradıcılığı Azərbaycanın sənətşünaslıq elminin əsas mərhələlərindən birini təşkil edib. O, Azərbaycan sənətşünaslıq elminin banilərindən biri olub: "Rasim Əfəndiyev artıq 8 ildən çoxdur ki, aramızda yoxdur. Amma o, bizim aramızda fiziki olaraq yoxdur, mənəvi baxımdansa bizimlədir. Bizim aramızda öz elmi əsərləri ilə yaşayır. Rasim müəllim özündən sonra böyük məktəb qoyub. O, milli elmin inkişafına böyük töhfələr verib".

E.Salamzadə vurğulayıb ki, alim öz elmi baxışları ilə incəsənət elmini əhəmiyyətli dərəcədə zənginləşdirib, Azərbaycan xalqının dekorativ-tətbiqi sənətinin xarakterini genişləndirib.

O deyib ki, R.Əfəndiyev yalnız görkəmli alim deyil, həmçinin istedadlı elm təşkilatçısı kimi instituta 14 ildən çox rəhbərlik edib: "O, öz həyatını bu institutla bağlayıb, elmi fəaliyyətinin bütün səviyyələri ilə burada məşğul olub".

E.Salamzadə bildirib ki, R.Əfəndiyev dekorativ-tətbiqi sənətin tarixi üzrə böyük mütəxəssis olub. O, bütün ömrü boyu Azərbaycan dekorativ-tətbiqi sənətinin tarixini yaradıb: "Rasim Əfəndiyev 2004-cü ildə işıq üzü görmüş ingilis dilində "Art of Azerbaijan" adlı kitabında təkbaşına böyük elmi proqramı tamamlayıb. Bir ölkənin təkbaşına incəsənət tarixini yaradan olubmu? Bəli, olub. Amma belə şəxslərin sayı çox azdır. Rasim Əfəndiyev də buna nail olaraq belə bir fundamental əsər yaradıb. Akademikin xidmətləri dövlət və cəmiyyət tərəfindən yüksək qiymətləndirilib".

Akademik Zemfira Səfərova isə çıxışında qeyd edib ki, R.Əfəndiyevin Azərbaycanda dekorativ-tətbiqi sənətin, ümumiyyətlə isə Azərbaycan mədəniyyətinin, elminin inkişafında böyük rolu olub. O, Azərbaycanın maddi mədəniyyətinin və xalq sənətinin müxtəlif sahələrinə həsr olunmuş 30-dan artıq kitabın, 200-dən çox məqalənin müəllifidir: "Alim milli sənətşünaslıq elminin banilərindən biri olsa da, onun Azərbaycan incəsənətinin, xüsusilə maddi mədəniyyətimizin ayrılmaz hissəsi olan milli dekorativ-tətbiqi sənətin dünyada təbliğ olunması yolunda böyük xidmətləri olub. Rasim Əfəndiyevin dünya muzeylərində və kolleksiyalarında mühafizə olunan milli dekorativ-tətbiqi sənət nümunələrinin üzə çıxarılmasında böyük əməyi olub. Lakin o, heç vaxt bunu qabartmazdı, öz işini təvazökarlıqla, səs-küysüz görərdi".