Lukaşenko Paşinyanı məğlub etdi:


Siyasət 26 Dek 2018 13:13:00 510 0

Lukaşenko Paşinyanı məğlub etdi:

MDB ölkələrinin Kollektik Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv olan 6 ölkənin 5-nin dövlət başçıları qurumun baş katibi postuna Belarusun Təhlükəsizlik Şurasının sədri Stanislav Zasın namizədliyini dəstəkləyiblər.

Sadəcə, Ermənistan bu namizədi dəstəkləməyib və bu minvalla tək qalıb.

Daha doğrusu, rəsmi İrəvan hələ razılığını verməyib.

KTMT-nin mətbuat katibi Vladimir Zeynetdinovun Rusiyanın "Kommersant" qəzetinə verdiyi açıqlamaya görə, Belarus təmsilçisi S.Zasın namizədliyini Rusiya, Belarus, Qırğızıstan, Qazaxıstan və Tacikistan dəstəkləyiblər.

"Cənab Zasla görüşdən sonra bu ölkələrin prezidentləri razılıqlarını veriblər", - K.Zeynetdinov söyləyib.

Rusiya prezidenti Vladimir Putin dekabrın 18-də S.Zası qəbul edib.

Ümumiyyətlə isə, S.Zas dekabrın 12-dən 20-dək Rusiya, Qazaxıstan, Qırğızıstan və Tacikistan prezidentləri ilə görüşüb.

Ermənistanın baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyanla görüş "sonrakı müddətə təxirə salınıb".

V.Zaynetdinov daha sonra bildirib ki, KTMT-nin katibliyi S.Zasın təyinatı ilə bağlı qurumun Kollektiv Təhlükəsizlik Şurasının sədri, Qırğızıstan prezidenti Sooronbay Jeenbekovun göstərişinə uyğun olaraq təşkilşatın XİN başçıları və Kollektiv Təhlükəsizlik Şuralarının qərarlarının layihəsini hazırlayıb: "Qərar layihələri KTMT-nin daimi üzvlərinə göndərilib".

KTMT-də Ermənistan istisna olmaqla, bütün üzv ölkələrin rəhbərləri S.Zasın namizədliyini dəstəklədiyindən son söz Ermənistanındır.

KTMT-nin əvvəlki sədri, erməni general Y.Xaçaturova qarşı Nikol Paşinyanın göstərişi ilə cinayət işi açıldığından və o, həbs edilərək buraxılandan sonra İrəvan inadkar mövqe tutmuşdu. Nikol Paşinyan indiyədək dəfələrlə deyib ki, Yuri Xaçaturovun yerini elə Ermənistan nümayəndəsi tutmalıdır.

N.Paşinyanın bu absurd tələbləri onunla Belarus prezidenti Alksandr Lukaşenko arasında sərt anlaşılmazlığa və münaqişəyə səbəb olmuşdu.

Paşinyan bu qarşıdurmada ilk əvvəl Rusiyaya bel bağlayırdı və düşünürdü ki, KTMT-nin digər üzvlərinə Moskva "gərəkli məsləhət" verəndən sonra İrəvanın tələbi reallaşacaq.

Fəqət, KTMT üzvü olan ölkələrin prezidentləri "küçə siyasətçisi" saydıqları Paşinyanın yox, postsovet məkanında şəksiz nüfuz sahibi olan Aleksandr Lukaşenkonu dəstəklədilər.

Ermənistan hələ susur. İrəvandakı iqtidar mənsubları şərhlərdən çəkinirlər. Yalnız Ermənistan XİN-nin mətbuat katibi Anna Nağdalyan "biz KTMT-nin yeni sədrinin kimliyi ilə bağlı məsələnin hələlik həll olunmadığını düşünürük" deyib.

N.Paşinyan isə dekabrın 23-də söyləyib ki, Stanislav Zasla görüşməyi "hələlik məqsədəuyğun" saymır.

Moskva KTMT-nin baş katibi ilə bağlı məsələnin bu ilin sonunadək tam həll olunmasını istəyir.

Məhz bu səbəbdən sabah Moskvada Rusiya prezidenti Vladimir Putin Ermənistanın baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyanla görüş zamanı məsələyə aydınlıq gətirməyə çalışacaq.

Kreml bununla bağlı İrəvana çox aydın və konkret mesaj da ünvanlayıb.

Belə ki, Rusiya XİN-nin nümayəndəsi "Kommersant"a deyib: "Dekabrın 27-də problemin həll olunacağını zənn edirik. Güzəşt gərəkdir. Ermənistan tərəfinin məntiqi davranışına və KTMT-dəki altı ölkədən beşinin prezidentlərinin mövqeyinin Nikol Paşinyan tərəfindən nəzərə alınacağına şübhə etmirik. Çünki təşkilatın üzvüsənsə, güzəştə hazır olmalısan".

Orxan Hun Son.az