Fuad Poladovun ağır kostyumu, Nurəddin Mehdixanlının imtinası, Məleykə Əsədovanın qrim otağı...


Kriminal 25 Dek 2018 19:14:00 697 0

Fuad Poladovun ağır kostyumu, Nurəddin Mehdixanlının imtinası, Məleykə Əsədovanın qrim otağı...

Həsən bəy Zərdabinın rəhbərliyi ilə Bakı realnı məktəbinin şagirdləri 1873-cü il martın 10-da "Nəciblər klubu"nda M.F.Axundovun "Lənkəran xanının vəziri" komediyasını tamaşaya qoydular. Bununla professional Milli teatrımızın, başqa sözlə, Akademik Milli Dram teatrının (AMDT) bünövrəsi qoyulub. Sənət ocağı 1991-ci ildən Akademik Milli Dram Teatrı adlanır. Yüksək nailiyyətlərinə görə teatra Akademik adı verilib (1959), Qırmızı Əmək Bayrağı (1948) və Lenin ordenləri (1974) ilə təltif edilib.

Son.az Report-un Akademik Milli Dram Teatrından hazırladığı reportajı təqdim edir.

Akademik Milli Dram Teatrının iki girişi var: xidməti və tamaşaçılar üçün olan giriş. Əlbəttə, tamaşa vaxtı deyilsə, deməli, xidməti girişdən rəhbərliyin xüsusi razılığı ilə keçə bilərsən. Bizi teatrın mətbuat katibi Cavid Zeynallı qarşılayır. Mən yazıram, siz təsəvvür edin: qapıdan girən kimi ilk görəcəyiniz elektron məlumat monitoru olacaq. Mətbuat katibi deyir ki, teatrın yaradıcı həyatı ilə bağlı bütün yenilikləri bu monitordan öyrənmək olar.

Sağ tərəfdəki qrim otaqları xalq artistləri Rafiq Əzimov, Məleykə Əsədova və Nurəddin Mehdixanlınındır. Təkcə Nurəddin Mehdixanlının qapısından işıq gəlir. Aha, deməli, sənətkarı söhbətə tutmaq olar. Əvvəlcə şəklini çəkmək üçün icazə istəyirik, sonra suallara keçmək istəyəndə niyyətimizi bilib gülür :

- Çəkməyə gəlmisiniz, sual verməyə yox.

Nurəddin Mehdixanlı

Razılaşırıq ki, mart ayında Nurəddin Mehdixanlı "Report"a geniş müsahibə verəcək. Və yola davam...

Teatr qarderobdan başlayır. Stanislavski belə deyirdi. Gəlin, ustadın sözünü belə dəyişək: teatr truppa müdirindən başlayır. Ki, Elnur Məmmədov danışmağa razılıq versin. Pilləkənləri qalxa-qalxa zarafatından da qalmır: "Məndən müsahibə almaq 500 manatdır". Təkid edirik və budur, truppa müdirinin otağının qapısı üzümüzə açıqdır:

- İlk dəfə bu teatra tələbə kimi gəlmişəm. O vaxt Akademik Milli Dram Teatrında işləmək ən böyük arzum idi. Kənddə böyümüşəm. Ağlıma gəlməzdi ki, həsədlə baxdığım insanlarla bir yerdə işləyəcəm. Etiraf edim, tamaşalarda oynasam da, fikirləşirdim ki, gələcəkdə sevdiyim aktyorlar qədər tanına, uğur qazana bilməyəcəm. Və qəbul etdim ki, aktyor olmasam, daha yaxşı olar.

Akademik Milli Dram Teatrında ölkənin məşhur simaları çalışır. Sənət və sənətkar isə həm də iddia deməkdir. Truppa müdiri nə demək istədiyimi yaxşı başa düşür:

- Hər bir aktyora fərdi yanaşmaq lazımdır. Çünki hər birinin özünə görə davranışı, xarakteri, təbiəti var. Ümumiyyətlə, aktyorlar uşaq kimi olurlar. Onlarla necə rəftar edəcəksənsə, eyni münasibəti görəcəksən. Bizim teatrda bütün ölkənin tanıdığı, sevdiyi sənətkarlar çalışır. Onlar Azərbaycan teatrının simalarıdır. Əlbəttə, onlara qarşı daha diqqətli, daha həssas olmaq bizim borcumuzdur. Soruşursunuz ki, öz işlərim üçün aktyorların adından, nüfuzundan istifadə etmişəmmi? Konkret cavab verəcəm: heç vaxt öz işlərim üçün aktyorlardan nə isə xahiş etməmişəm. İstəmərəm ki, teatrımızın hörmətli aktyorlarını kiminsə yanında minnətçi salım.

Teatrın bədii quruluş hissəsinin 60-a yaxın əməkdaşı var

Növbəti müsahibimiz teatrın bədii quruluş hissə müdiri, əməkdar mədəniyyət işçisi İlham Elxanoğludur. İlham müəllim 22 ildir bu sahədə çalışır. O deyir ki, Akademik Milli Dram Teatrının bədii quruluş hissəsinin 60-a yaxın əməkdaşı var:

- Həmin əməkdaşların hər birinin cavabdeh olduğu sahə var. Tamaşanın əmri verildikdən sonra biz istehsalat işinə başlayırıq. İlk növbədə tamaşaya təyin olunan quruluşçu rəssam tərəfindən eskiz təqdim olunur. Daha sonra sexlərin müdirləri bir yerə yığışıb eskizi müzakirə edir. Ola bilər, rəssam elə bir eskiz verir ki, onu etmək mümkün deyil və belə olduqda bunun yolları axtarılır.

Onun sözlərinə görə, tarixi tamaşlar üçün böyük vəsait tələb olunur:

- Elə tamaşalar da var ki, teatr öz daxili imkanlarından istifadə edir və cüzi xərc tələb olur. 22 illik təcrübəmdən deyə bilərəm: 3-4 tamaşa olub ki, hər şey hazırlandıqdan sonra baxış zamanı qəbul olunmayıb və tamaşaçıya göstərilməyib. Bunun səbəblərindən biri tamaşanın bədii tərəfdən zəifliyi ola bilər. Yaxud bəzən olur ki, vaxt verilir və məşqlər yenidən aparılır. Son zamanlar isə belə bir hadisə ilə qarşılaşmamışıq.

"Bəzən olur ki, kostyumlar, dekorlar başqa teatrlara da göndərilir".

Dekor sexində 4 nəfər rəssam işləyir. Sexin müdiri Tarix Kərimov bildirdi ki, hazırda sexdə "Ninza tısbağalar" Yeni il tamaşasına hazırlıq gedir: "Teatrın dülgəri ilə paralel işləyirik. Taxtadan olan materialları dülgər hazırlayır. Daha sonra materialın üzərində rəssam işləri başlayır. Dekorlarda taxta, dikt kimi müxtəlif materiallardan istifadə olunur. Hər material ilə işləməyin öz çətinliyi var".

Buradan ayrılıb kulisə tərəf yola düşürük. Səhnədə axşam nümayiş olunacaq "Boy çiçəyi" tamaşasına hazırlıq gedir. Bu tamaşa 2011-ci ildən teatrın repertuarındadır və bu gün də uğurla oynanılır. Tamaşa xalq yazıçısı İlyas Əfəndiyevin "Sən həmişə mənimləsən və yaxud boy çiçəyi" əsəri əsasında hazırlanıb. Səhnə əsərinin quruluşçu rejissoru isə Akademik Milli Dram Teatrının bədii rəhbər-direktoru, xalq artisti Azər Paşa Nemətovdur.

Keçirik bütün tamaşaların dekorlarının saxlanıldığı anbara. İlham Elxanoğlu bildirdi ki, hazırlanmış dekorlar tamaşadan sonra anbara gedir:

- Tamaşa repertuardan çıxandan sonra dekorlar atılmır. İstifadə olunması mümkündürsə, istifadə olunur, yararsızdırsa, mühasibat hesabından silinir və atılır. Bəzən elə olur ki, kostyumlar, dekorlar başqa teatrlara da göndərilir. Onlar bundan istifadə edirlər. Teatr təmirə bağlandığı zaman bölgələrə çoxlu kostyum, dekor və avadanlıq verdik.