Mehdi Hüseynzadənin 100 illik yubileyi Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində qeyd olunub


Digərləri 25 Dek 2018 17:18:18 207 0

Mehdi Hüseynzadənin 100 illik yubileyi Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində qeyd olunub

Mehdi Hüseynzadənin anadan olmasının 100 illik yubileyi münasibətilə Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində təntənəli mərasim keçirilib.

Bakı. Alman faşizminə qarşı mübarizədə apardığı çoxsaylı uğurlu kəşfiyyat əməliyyatları və nümayiş etdirdiyi misilsiz hərbi şücaətləri ilə böyük şöhrət qazanmış və Azərbaycan xalqının zəngin tarixi hünər salnaməsinə şanlı səhifələr yazmış Mehdi Hüseynzadənin anadan olmasının 100 illik yubileyi münasibətilə Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində təntənəli mərasim keçirilib. Mədəniyyət Nazirliyindən Trend-ə verilən məlumata görə, Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin 100 illik yubileyinin keçirilməsinə dair Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən, təşkil olunan tədbirdə müdafiə naziri, general-polkovnik Zakir Həsənov, təhsil naziri Ceyhun Bayramov, mədəniyyət naziri Əbülfəs Qarayev, Mehdi Hüseynzadənin ailə üzvləri, Bakı Qarnizonunun hərbi hissələrinin, xüsusi təyinatlı təhsil müəssisələrinin zabit və kursantları, dövlət universitetlərinin professor, müəllim və tələbələri, veteranlar və ictimaiyyətin nümayəndələri iştirak ediblər. Əvvəlcə tədbir iştirakçıları Mehdi Hüseynzadənin həyat və döyüş yoluna, eləcə də xalqımızın ümummilli lideri Heydər Əliyevin əfsanəvi partizan haqqında həqiqətlərin üzə çıxarılmasında, igid döyüşçüyə ölümündən 13 il sonra Sovet İttifaqı Qəhrəmanı fəxri adının verilməsində, ümumiyyətlə Mehdi Hüseynzadənin xatirəsinin əbədiləşdirilməsində müstəsna xidmətləri barədə qiymətli fotolar və sənədlər nümayiş olunub. Qəhrəmanın uşaqlıq və təhsil illərini, Stalinqrad uğrunda döyüşlərdə iştirakını, əsirlikdə Azərbaycan naminə xidmətlərini, eləcə də Sloveniyanın milli azadlığı uğrunda sadiq əsgər kimi iştirakını əks etdirən nadir fotolar böyük maraq doğurub. Mərasimdə əvvəlcə ulu öndər Heydər Əliyevin, İkinci Dünya müharibəsində həlak olan həmvətənlərimizin, Azərbaycanın müstəqilliyi, azadlığı, ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalan oğul və qızlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Hərbi orkestrin müşayiəti ilə Azərbaycan Respublikasının dövlət himni ifa olunub.