Şəhid atası: "Dövlətimizin qayğısını hər zaman hiss edirik"


Digərləri 25 Dek 2018 15:52:00 263 0

Şəhid atası: "Dövlətimizin qayğısını hər zaman hiss edirik"

"Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Prezidentinin 2018-ci il 19 aprel tarixli Fərmanına uyğun olaraq, şəhid hərbi qulluqçuların vərəsələrinə 11 min manat məbləğində birdəfəlik ödəmələrin verilməsi prosesi davam edir.

Son.az bildirir ki, şəhid hərbi qulluqçu Nəsimi Mirzəyevin atası Alı Mirzəyev AZƏRTAC-ın bölgə müxbiri ilə söhbətində dövlətimizin başçısının bu humanist addımının bütün şəhid ailələri tərəfindən məmnunluqla qarşılandığını deyib: "Bir şəhid ailəsi kimi dövlətimizin qayğısını hər zaman hiss edirik. Hər ay 240 manat müavinət alırıq, bir çox imtiyazlardan faydalanırıq. Prezident İlham Əliyevin Fərmanına əsasən, şəhid ailələrinin vərəsələrinə ayrılan birdəfəlik ödəməni də almışıq. Şəhid ailələrinə göstərdiyi bu qayğıya görə Prezidentimizə öz adımdan və ailəmiz adından təşəkkürümü bildirirəm".

1993-cü ildə hərbi xidmətə yollanan Nəsimi Mirzəyev Ağdam-Ağdərə istiqamətində bir çox döyüşlərdə iştirak edib. Ağdam rayonunun Qaraağacı kəndinin müdafiəsi zamanı canından keçərək, şəhidlik zirvəsinə ucalıb.