Azərbaycan Sənaye Korporasiyasında tütünçülüyün inkişafına həsr olunan tədbir keçirilib (FOTO)


Digərləri 25 Dek 2018 14:33:00 524 0

Azərbaycan Sənaye Korporasiyasında tütünçülüyün inkişafına həsr olunan tədbir keçirilib (FOTO)

Azərbaycan Sənaye Korporasiyasında tütünçülüyün inkişafına həsr olunan tədbir keçirilib

Bakı. “Azərbaycan Respublikasında tütünçülüyün inkişafına dair 2017–2021-ci illər üçün Dövlət Proqramı”na uyğun olaraq tütünçülüyün inkişafına dövlət dəstəyinin gücləndirilməsi, bu sahənin potensialından səmərəli istifadə edilməsi, sahibkarların tütün istehsalına marağının artırılması məqsədilə həyata keçirilmiş məqsədyönlü tədbirlər tütünçülüyün inkişafında da mühüm nəticələrin əldə olunmasına imkan yaradıb. Trend-in məlumatına görə, “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin nəzdində olan “Azərtütün ASK” MMC-nin təşəbbüsü ilə təşkil olunmuş “Biznes tərəfdaşlarla görüş” adlı tədbir kənd təsərrüfatının bu mühüm sahəsinin inkişafı istiqamətində aparılan işlər, mövcud bazarın vəziyyəti, perspektivlər və planlar, qarşıya çıxan problemlərə həsr edilmişdi. Tədbirdə “Azərbaycan Sənaye Korporasiyası” ASC, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi və “Azərtütün ASK” MMC-nin rəsmiləri, habelə tütün istehsalı, emalı və satışı ilə məşğul olan şirkətlərin nümayəndələri, fermerlər, tütünçülük üzrə ekspertlər, həmçinin Yaponiya və Serbiyadan dəvət olunmuş qonaqlar iştirak edirdilər. Azərbaycan Sənaye Korporasiyasından bildirilib ki, ASC-nin Aqrar-sənaye sahələri departamentinin direktoru İlham Bayramov qeyri-neft sektorunun inkişafı fonunda aqrar sahədə əldə edilmiş nailiyyətlərdən danışıb. “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin rəsmisi kənd təsərrüfatının ənənəvi istiqamətləri üzrə, o cümlədən tütünçülüklə bağlı dövlət proqramında qarşıya qoyulmuş məqsəd və vəzifələrin icrasının təmin edilməsi üçün görüləcək işlərdən, mövcud problemlərdən bəhs etdi.