"Keçmiş icra məmuru özünə yalandan toy edib pul yığıb"


Kriminal 24 Dek 2018 21:04:00 555 0

"Keçmiş icra məmuru özünə yalandan toy edib pul yığıb"

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda ittiham olunan keçmiş icra məmurunun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Son.az Virtualaz.org-a istinadən bildirir ki, prosesdə zərərçəkmiş Nailə Piriyeva ifadə verib. O, qızıl alveri ilə məşğul olduğunu, Asif Məmmədovu Binəqədi Rayon Polis İdarəsindən tanıdığını deyib. Zərərçəkmişin ifadəsinə görə, həmin ərəfədə ona qarşı dələduzluq olunduğundan Binəqədi Rayon Polis İdarəsinə müraciət edib: "Bu işi araşdırmağı Asif Məmmədova tapşırdılar. Asif dedi ki, müstəntiq köməkçisidir. İşi araşdırdı, razı qaldıq. Amma sonradan özü mənə qarşı dələduzluq etdi".

Təqsirləndirilən şəxslə zərərçəkmiş arasında yaranan tanışlıq sonradan ailəvi dostluğa çevrilib, bir-birilərinin evlərinə ayaq açıblar: "Mən Asifə oğlum, o da mənə ana deyirdi".

N.Piriyeva ifadəsində ilk dəfə Asif Məmmədova oğlunu İqtisadiyyat Nazirliyinə işə düzəltmək üçün 15 min manat verdiyini deyib. "Əvvəl dedi "alınmadı". Sonra yazdı ki, "iş həll olunur, özüm də ora düzəlmək istəyirəm". Buna görə məndən əlavə olaraq 8 min dollar pul istədi. Həmin pulla da özü işə düzələcəkdi. Oğlum razılaşmadı. Sonra notarial qaydada pulu Asifə verdik. Bunu təsdiq edəcək subutlar var".

Prosesdə Asif Məmmədovla zərərçəkmiş arasında mübahisə yaranıb. Bir-birilərinn ünvanına xoşagəlməz ifadələr səsləndiriblər. A.Məmmədov zərərçəkmişin yalan danışdığını bildirib: "Dəfələrlə fərqli ifadələr verib. Gah deyir oğlunu Maliyyə Nazirliyinə, gah İqtisadiyyat Nazirliyinə, gah da Prezident Administrasiyasına işə düzəldəcəyimi demişəm. Ondan sadəcə borca pul almışam. Başqa nə deyirsə, hamısı yalandır".