Mərc mafiyası: Almaniya və mütəşəkkil futbol cinayətkarlığı


Dünya 24 Dek 2018 20:01:00 471 0

Mərc mafiyası: Almaniya və mütəşəkkil futbol cinayətkarlığı

Almaniyanın ARD ictimai televiziyasında efirə getmiş "Mərc mafiyası: Almaniya və mütəşəkkil futbol cinayətkarlığı" sənədli filmi və həmin televiziyanınsportschau.de idman xəbərləri saytında dərc olunmuş "Erməni mərc mafiyası Almaniyada da fəaliyyətdədir" başlıqlı məqalədə Almaniyadakı erməni mafiya şəbəkəsinin idman mərclərinin manipulyasiyası yolu ilə gəlir əldə etməsi barədə xəbər verilir.

Son.az bildirir ki, erməni mafiyası mütəşəkkil cinayətkarlığın ən qorxunc və ən təhlükəli qruplaşmalarından hesab olunur və bu şəbəkə bütün Avropada, o cümlədən Almaniyada fəaliyyət göstərir.

Bu cinayətkar şəbəkə o cümlədən futbol, həndbol, basketbol, voleybol, tennis və digər idman oyunları üçün keçirilən mərclərdə qanunsuz manipulyasiyalar etməklə gəlir əldə edir.

2008-ci ildə Almaniyada futbol oyunlarında olan manipulyasiyaları araşdırmaq məqsədilə Boxum polisi tərəfindən yaradılmış "Soko Flankengott" adlı əməliyyat qrupunun aparıcı şəxslərindən biri, kriminal polis əməkdaşı Mixael Bahrs erməni cinayətkar qruplaşmalarının Almaniyada dələduzluq yolu ilə gəlir əldə etdiyini təsdiq edir. Bahrs idman mərclərinin manipulyasiyası üzrə aparıcı mütəxəssislərdən hesab olunur və onun bu işlərlə məşğul olan cinayətkar ünsürlər arasında böyük xəbərçi şəbəkəsi mövcuddur.

ARD televiziyasının erməni mafiyası daxilində anonimliyi qorunan mənbəyə istinadən təqdim etdiyi məlumata əsasən, erməni mafiyası müxtəlif idman növlərində yaxşı transmilli əlaqələrə malikdir və xüsusilə keçmiş şərq blokuna daxil olan ölkələrdən olan idmançılarla əlaqələr hesabına idman oyunlarının mərcində manipulyasiyalar edilir. Həmin mənbənin ARD-yə təqdim etdiyi siyahıda erməni mafiyasının Almaniyadakı üzvlərinin mərclərdən qazanmaq metodları öz əksini tapır. Siyahıda üç gün ərzində Ermənistanda futbol oyunları, Asiya ölkələrinin AFC kuboku, peşəkar tennis yarışları və Rusiyanın həndbol və basketbol yarışlarında 28 idman oyununun mərc edilməsinin təfərrüatları və həmin mərclərdən qazanılmış məbləğlər qeyd olunmuşdur. Oyunların manipulyasiyası hesabına 28 oyunun hamısında erməni mafiyası tərəfindən verilmiş proqnoz doğru çıxmışdır.