Siyavuş Novruzov: "Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanı qarşıda daha parlaq gələcək gözləyir"


Siyasət 24 Dek 2018 16:34:00 596 0

Siyavuş Novruzov: "Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanı qarşıda daha parlaq gələcək gözləyir"

Son.az Trend-ə istinadən Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, Yeni Azərbaycan Partiyası İcra katibinin müavini Siyavuş Novruzovun yazısını təqdim edir:

Azərbaycan bu gün tarixinin ən qüdrətli dövrlərindən birini yaşayır. Çoxəsrlik tariximizin heç bir mərhələsində xalqımız öz mövcud potensialını bu qədər uğurla səfərbər edərək strateji hədəflərin reallaşması naminə belə miqyaslı, məqsədyönlü və inamlı addımlar atmamışdır. Bəli, hazırkı tarixi mərhələdə Azərbaycanın öhdəsindən gələ bilməyəcəyi heç bir strateji vəzifə yoxdur və bu möhtəşəm uğurun memarı Azərbaycan Respublikasının Prezidenti, görkəmli dövlət xadimi cənab İlham Əliyevdir. Məhz onun dövlət idarəçiliyində nümayiş etdirdiyi müdriklik, yüksək intellekt, dünyada gedən proseslərin obyektiv inkişaf meyllərini aydın təhlil qabiliyyəti və unikal təşkilatçılıq bacarığı sayəsində Azərbaycanın çatdığı indiki səviyyəyə görədir ki, bu gün bütün dünya azərbaycanlıları qürurla bu vətənin övladları olduqları ilə fəxr edirlər.

Bu baxımdan, Azərbaycanın yeni tarixində mühüm hadisələrdən biri heç şübhəsiz, Heydər Əliyev məktəbinin ən istedadlı yetirməsi cənab İlham Əliyevin 2003-cü ildə Azərbaycan Respublikasının Prezidenti seçilməsidir. Həmin vaxtdan on beş ildən artıq bir vaxt keçir və Prezident İlham Əliyev yeni əsrin yeni lideri olaraq Azərbaycanı inamla irəli aparır. Onun hakimiyyət illəri ölkənin dinamik inkişafı, sürətlə modernləşməsi, dünyada nüfuz və söz sahibinə çevrilməsi ilə səciyyəvidir.

Prezident İlham Əliyev düşünülmüş islahatları və müdrik qərarları ilə həyatımıza yeni dinamika gətirib, Azərbaycanı dünyanın inkişaf edən ölkələri sırasına çıxarıb. Çünki, onun siyasətinin mərkəzində insan amili dayanır, amalı qurub-yaratmaq, xalqını daha xoş günə, daha firavan həyata qovuşdurmaqdır. Xalqa xidmət etmək, hər bir azərbaycanlının Prezidenti olmaq onun həyat fəlsəfəsidir.

Təsadüfü deyil ki, ötən dövr ərzində məhz dövlət başçımızın düşünülmüş və uzaqgörən siyasəti nəticəsində ölkə iqtisadiyyatı sürətli və dinamik inkişaf dövrünə qədəm qoydu. Yaxşı xatırlayırıq ki, İlham Əliyev ilk dəfə prezident seçiləndə ölkədə 600 min yeni iş yerinin yaradılacağını vəd etmişdi. Onda bu rəqəm bəzilərinə xəyal kimi görünürdü. İllər keçdi xəyal hesab edilənlər reallığa çevrildi. Ötən 15 ildə Azərbaycanda 1 milyon 900 mindən çox yeni iş yeri yaradıldı. Bu və digər addımların nəticəsi olaraq yoxsulluq 50 faizdən 5 faizə düşdü. Dünyada ən sürətli templərlə inkişaf edən Azərbaycanın iqtisadiyyatı 3,2 dəfə, sənaye istehsalı 2,6 dəfə, kənd təsərrüfatı 1,7 dəfə artdı. Ölkə iqtisadiyyatına 250 milyard dollar investisiya qoyuldu. Kosmik ölkəyə çevrilən Azərbaycan 2018-ci ildə artıq üçüncü süni peykini orbitə buraxdı.

Ötən müddətdə aqrar-sənaye kompleksində islahatlar genişləndi, ölkədə güclü sahibkarlar sinfi formalaşdı. Bu gün ölkə iqtisadiyyatının diversifikasiyası uğurla davam edir. Dövlət xətti ilə sahibkarlıq subyektlərinin investisiya layihələrinin maliyyələşdirilməsinə milyonlarla manat güzəştli kreditlər ayrılır. Aqrar sektor geniş inkişaf yoluna çıxıb və Azərbaycan indi özünün ərzaq təhlükəsizliyini təmin edən nadir ölkələrdən biridir.

Cənab İlham Əliyevin islahatlarının əsas hərəkətverici qüvvəsi şəffaflıq prinsipinə sədaqətdir. "Şəffaflıq hər bir ölkənin gələcəyini müəyyən edən məsələdir. Çünki şəffaflıq olmadan biz heç bir islahatı apara bilmərik və nə iqtisadi, nə siyasi cəhətdən ölkə sürətlə inkişaf edə bilməz", - deyən Prezident İlham Əliyev dövlət strukturlarının fəaliyyətinin təkmilləşdirilməsi və şəffaflığın artırılması, vətəndaşlarla dövlət strukturları arasında bürokratik maneələrin aradan qaldırılması üçün aparılan islahatlar çərçivəsində innovativ addım atdı - Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyini (ASAN xidmət) yaratdı.

Prezidentin təşəbbüsü ilə "ASAN xidmət" mərkəzləri yaradıldı, bununla da dövlət orqanlarının fəaliyyətində şəffaflığın artırılması, vətəndaşlara göstərilən xidmətlərin təkmilləşdirilməsi, daha keyfiyyətli, rahat, yeni üslubda və müasir innovasiyaları tətbiq etməklə həyata keçirilən elektron xidmətlərə keçidin sürətləndirilməsi təmin olundu. Təsadüfi deyil ki, Azərbaycan brendi olan "ASAN xidmət" dünyada böyük maraq doğurub və bu təcrübə bir sıra ölkələr tərəfindən öyrənilir. Habelə, hazırda vətəndaşların xırda sahibkarlıq təşəbbüslərini dəstəkləyən ABAD xidməti də bir sıra bölgələrimizdə uğurla fəaliyyət göstərməkdədir.

Prezident İlham Əliyevin ölkəmizin müstəqillik dayaqlarını möhkəmləndirməklə bağlı fəaliyyəti daha çox xarici siyasətdə özünü göstərdi. Xarici siyasət kursunda tarazlaşdırılmış konsepsiyaya üstünlük verən İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın beynəlxalq nüfuzu daha da artdı. Ölkəmizin dostlarının sayı çoxaldı, bizimlə müttəfiqlik etmək istəyən ölkələrin sırasına yeniləri əlavə olundu. Azərbaycan dünyada etibarlı tərəfdaş kimi tanındı və qəbul edildi. Bunu sübut edən ən böyük amillərdən biri Azərbaycanın BMT Təhlükəsizlik Şurasının üzvü seçilməsi oldu. Müstəqillik tariximizin ən böyük nailiyyəti olan bu hadisə Azərbaycanda yürüdülən siyasətə və beynəlxalq birliyin Prezident İlham Əliyevin fəaliyyətinə verdiyi önəmin, Azərbaycana olan inam və etimadın təzahürüdür. Ölkəmiz nəticə etibarilə bütün regional məsələlərdə əsas oyunçuya çevrilib.

Məhz dövlət başçımızın müəyyənləşdirdiyi hücum diplomatiyası nəticəsində erməni təbliğatı və erməni lobbisinin yaratdığı mif darmadağın edildi. Beynəlxalq təşkilatların diqqəti bu problemə yönəldi, Dağlıq Qarabağ probleminin mahiyyəti, Azərbaycan haqqında həqiqətlər bütün dünyaya yayıldı və beynəlxalq ictimai rəy Azərbaycanın xeyrinə dəyişdi. Dünya birliyi Xocalı soyqırımını tanımağa və pisləməyə başladı.

Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan öz təşəbbüsləri və layihələri ilə Avropanın enerji xəritəsini dəyişdi. Prezident İlham Əliyevin əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş enerji siyasətini uğurla davam etdirməsi nəticəsində Azərbaycan bu sahədə əsas oyunçulardan birinə çevrilib. Dövlətimizin başçısının enerji siyasəti ilə bağlı təşəbbüsləri və reallaşan layihələr regional çərçivələrdən çıxaraq qlobal miqyas alıb. Bir qədər geri qayıdıb tarixə nəzər salmaq lazım gəlir. 2006-cı ildə Bakı-Tbilisi-Ceyhan neft kəmərinin tikintisi başa çatdırıldı. Bununla da "Əsrin müqaviləsi"ndən sonra Azərbaycana külli miqdarda investisiya axını başladı.

Bu gün Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təminində mühüm rola malikdir: Azərbaycanla Türkiyə arasında dünyanın ən böyük enerji layihələrindən olan TANAP layihəsinin icrasına başlanıldı. Dörd il əvvəl Azərbaycanın yeni tarixinə və enerji siyasətinə qızıl hərflərlə yazılan başqa bir möhtəşəm hadisə baş verdi - XXI əsrin qlobal enerji layihəsi adlandırılan "Cənub Qaz Dəhlizi"nin təməli qoyuldu. Bu il "Əsrin müqaviləsi" daha 50 il müddətinə uzadıldı.

Azərbaycanın təşəbbüsü ilə daha bir qlobal layihə reallaşdı - Bakı-Tbilisi-Qars dəmir yolu istifadəyə verildi. İndi Asiya və Avropanı birləşdirən bu nəqliyyat dəhlizi sadəcə ölkəmiz üçün deyil, regionun və bütövlükdə Avrasiya geosiyasi və geoiqtisadi məkanında hərtərəfli əlaqələrin inkişafı baxımından geniş perspektivlər vəd edir.

Bu gün qürur hissi ilə deyə bilərik ki, cənab İlham Əliyevin hərtərəfli inkişaf strategiyası regionların simasını tanınmaz dərəcədə dəyişdirib. Regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul olunan dövlət proqramları şəhərlə kənd arasında fərqi aradan qaldırdı. Bu gün Azərbaycanın regionları bütün zəruri infrastrukturla təmin olunub və Avropanın şəhər və kəndlərindən heç də geri qalmır. Məhz bu amillərin nəticəsidir ki, Azərbaycan bu gün dünyada öz turizm potensialını ildən-ilə ən sürətlə artıran dövlətlərdən biridir. Bunu ölkəmizə artan və sayı artıq cari ildə 2 milyonu keçən turist axını sübut edir. Çünki, vaxtilə bölgələrimizdə olan bir çox problemlər öz həllini tapdı. Prezidentin tapşırığına əsasən Azərbaycan başdan-başa qazlaşdırılır. Artıq ölkə əhalisinin təxminən 95 faizə yaxını təbii qazdan istifadə edir. Kəndlərə içməli su xətləri çəkilir, yeni yollar salınır və ya əsaslı təmir olunur. Dövlətimizin başçısının regionlara səfərləri, ictimaiyyətlə görüşləri ənənəvi xarakter alıb. İlham Əliyev yerlərdə inşa olunan müasir ictimai-sosial obyektlərin, istehsal müəssisələrinin açılışında şəxsən iştirak edir.

Prezidentin çox böyük rəğbətlə qarşılanan təşəbbüslərindən biri də mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərinin bölgələrdə keçirdikləri qəbullardır. Nazirlər, komitə sədləri və digər dövlət strukturlarının rəhbərləri yerlərdə əhali ilə görüşür, sakinlərin müraciət və təkliflərini dinləyirlər.

Müharibə şəraitində yaşayan, torpaqları işğal altında olan ölkə üçün ordu quruculuğu həyati əhəmiyyətə malik məsələlərdən biridir. Bunu nəzərə alan Prezident, Ali Baş Komandan İlham Əliyev hakimiyyətinin ilk illərindən müasir silahlarla təchiz olunan, yüksək döyüş qabiliyyətinə malik ordu yaradılması istiqamətində davamlı və qətiyyətli iş aparır. Bu gün Azərbaycanda dünya miqyasında ən güclü ordulardan biri formalaşıb və bu ordu işğal altındakı torpaqlarımızı düşməndən azad etməyə qadirdir.

Azərbaycan Ordusu öz gücünü və döyüş qabiliyyətini 2016-cı ilin aprelində həm düşmənə, həm də dünyaya nümayiş etdirdi. Azərbaycan tarixinə zəfər səhifələrindən biri kimi daxil olmuş aprel döyüşlərində qəhrəman ordumuz Ermənistanın təxribatına cavab olaraq keçirdiyi əks-hücum əməliyyatı nəticəsində Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının ərazilərinin bir qismini, habelə, daha sonrakı mərhələdə Naxçıvanın Günnüt kəndi ətrafındakı yüksəklikləri və ümumilikdə minlərlə hektardan çox torpağı işğalçılardan təmizləyərək böyük bir əraziyə nəzarəti ələ aldı. Bu döyüşlərin ən mühüm yekunu Lələtəpə yüksəkliyinin azad olunması və bununla da Cocuq Mərcanlı təhlükəsizliyinin təmin edilməsi oldu. Prezidentin Sərəncamına əsasən Cocuq Mərcanlıda qısa müddətdə yeni qəsəbə salındı və ilk mərhələdə oraya 60 ailə köçürüldü. Bu hadisə "Böyük qayıdış"ın başlanğıcı kimi qiymətləndirilir.

Daha bir sevindirici fakt ondan ibarətdir ki, ölkəmiz vaxtilə bütün silahları xaricdən alırdısa, indi Azərbaycan özü müasir silah və texnika istehsal edir. Belə ki, Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin yaradılması bu istiqamətdə atılmış ən önəmli addımlardan biri kimi dəyərləndirilməlidir.

Prezident İlham Əliyev hakimiyyətə gəldiyi gündən onun siyasətinin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Əhalinin rifahının yaxşılaşdırılması, sosial problemlərin həlli, insanların müasir təhsil və səhiyyə xidmətləri ilə təmin olunması istiqamətində ardıcıl addımlar atılır. Son 15 ildə ölkədə minlərlə məktəb binası tikilib və ya yenidən qurulub, geniş bazaya malik təhsil infrastrukturu yaradılıb, dörd mindən çox məktəb kompüter avadanlığı ilə təmin edilib. Ölkədə səhiyyə islahatları da uğurla reallaşır. Bu gün təkcə paytaxtda deyil, bölgələrdə də müasir və ən qabaqcıl tibb avadanlığı ilə təchiz olunmuş müalicə-diaqnostika mərkəzləri, xəstəxanalar tikilib, mövcud səhiyyə ocaqları əsaslı şəkildə yenidən qurulub, bölgə sakinləri birbaşa yerlərdə müalicə olunmaq imkanı qazanıb.

Vaxtilə Ulu öndər Heydər Əliyev deyirdi ki, heç bir fəaliyyət ölkəni dünyada idman qədər tanıda bilməz. Bu ideyanı rəhbər tutan Prezident İlham Əliyev ötən müddətdə Azərbaycanı idman ölkəsinə çevirdi. Bu məqsədə çatmaq üçün bütün ölkə ərazisində Olimpiya mərkəzləri, müasir idman infrastrukturu yaradıldı, idmançılara diqqət və qayğı artırıldı. Azərbaycanda Olimpiya hərəkatı görünməmiş vüsət aldı və ilk Avropa Oyunlarının keçirilməsi Azərbaycana həvalə olundu. Azərbaycan 42-ci Dünya Şahmat Olimpiadasına, qadınlar arasında voleybol üzrə Avropa çempionatına, IV İslam Həmrəyliyi Oyunlarına, cüdo üzrə dünya çempionatına və s. ev sahibliyi etdi. Bakıda üç ildir keçirilən dünyanın ən nüfuzlu idman yarışlarından biri - Formula-1 Avropa Qran-Prisi ilə Azərbaycan bütün dünyanın diqqət mərkəzində oldu. Azərbaycan Rio Yay Olimpiya Oyunlarında böyük zəfərə imza atdı. Tarixdə ilk dəfə hesabına 18 medal yazan milli komandamız medal sayına görə dünyada 14-cü, Avropa ölkələri arasında 7-ci, MDB respublikaları arasında 2-ci, müsəlman ölkələri arasında isə 1-ci yeri tutdu.

Prezident İlham Əliyevin milli mənəvi dəyərlərimizə, müxtəlif dinlərə və sivilizasiyalara hörmətlə yanaşması, ölkədə güclü tolerantlıq ənənələrinin daha da möhkəmləndirilməsi Azərbaycanı nəinki regionda, bütövlükdə dünyada multikulturalizmin, dinlərarası və mədəniyyətlərarası dialoqun əsas mərkəzlərindən birinə çevirdi.

Bu gün multikulturalizm Azərbaycanın dövlət siyasəti və həyat tərzidir. Bu, artıq bütün dünyada qəbul edilir. Azərbaycan mədəniyyətlərin dialoqunun inkişafına, mədəni müxtəlifliyin qorunub saxlanmasına və sivilizasiyalar arasındakı qarşılıqlı münasibətlərin tənzimlənməsinə yönələn mühüm layihələrin reallaşdırılması, mötəbər forumların keçirilməsi sahəsində zəngin təcrübəyə malikdir. Tolerantlığın Azərbaycan modeli dünyada ən mükəmməl nümunədir və BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun Bakıda keçirilməsi bunu təsdiqləyir.

Prezident İlham Əliyevin mədəniyyət konsepsiyası Heydər Əliyev Fondunun layihələri ilə daha da dolğunlaşıb, ölkəmizin dünyada təbliğinə geniş imkanlar açıb. Bu siyasətin həyata keçirilməsinə Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva dəyərli töhfələr verir. Fondun həyata keçirdiyi layihələr sayəsində indi Azərbaycanı dünyada daha yaxşı tanıyırlar. Azərbaycan mədəniyyətinin sorağı hazırda böyük səhnələrdən gəlir. Musiqimizin təməl daşı olan muğam artıq dünya musiqisinə çevrilib. "Eurovision" kimi beynəlxalq mahnı müsabiqəsinə uğurla ev sahibliyi edən Azərbaycan müsabiqə tarixinə öz töhvəsini verdi.

Öz siyasətində daim yüksək humanizm prinsiplərini rəhbər tutan cənab İlham Əliyevin daxili siyasətində əfv və amnistiya fərmanları xüsusi yer tutur. Məhz bu fərmanlar sayəsində minlərlə məhkum öz azadlığına qovuşmuş və ya cəzaları qanunvericiliyə uyğun olaraq azaldılmışdır. Yeri gəlmişkən, belə humanist təşəbbüslər bir çox hallarda Mehriban xanım Əliyeva tərəfindən irəli sürülmüşdür.

Qeyd etmək yerinə düşər ki, Sədri cənab İlham Əliyev olan, öz sıralarını ildən-ilə möhkəmləndirən, beynəlxalq nüfuzu durmadan yüksələn, ideya-təşkilati baxımdan nəinki Azərbaycanın, hətta bütün Qafqazın ən mütəşəkkil siyasi qurumu olan Yeni Azərbaycan Partiyasının da prezident seçkilərində şüarı xalqımızın dilinin əzbəri olan "İlhamla irəli" olmuşdur. Proseslərin inkişafı onu göstərir ki, bu şüar hələ uzun illər öz aktuallığını qoruyacaq, xalqımızı səfərbər edən sinerji və birlik rəmzi kimi tarixə qızıl həriflərlə yazılacaq.

Yuxarıda sadalanan uğurlar bir daha təsdiq edir ki, cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycanı qarşıda daha parlaq gələcək gözləyir. Prezident İlham Əliyevin rəhbərliyi ilə dünyada nümunə göstəriləcək bir inkişaf modeli formalaşdı. Bu, ölkəmizin gələcək inkişafının qarantı sayıla bilən modern Azərbaycan dövlətinin tərəqqi modelidir. Günümüzün bu reallığı beynəlxalq siyasətçilər, ekspertlər tərəfindən də təsdiqlənir və bir daha aydın olur ki, Azərbaycanda həyata keçirilən siyasətin alternativi yoxdur və xalq-iqtidar birliyi uzunmüddətli inkişaf strategiyasının müəyyənləşdirilməsinə geniş imkanlar açır.

Qeyd etdiyimiz kimi, bu günki Azərbaycanın nailiyyətlərinin memarı, 24 dekabrda mənalı ömürünün növbəti ilinə qədəm qoyan cənab İlham Əliyevdir. Hər bir azərbaycanlının Prezidenti, xalqın sevimlisi, görkəmli dövlət xadimi cənab İlham Əliyevi bu əlamətdar gün münasibətilə səmimi qəlbdən təbrik edir, möhkəm can sağlığı, ailə səadəti, Vətənimizin rifahı naminə gərgin və şərəfli fəaliyyətində bitib-tükənməyən uğurlar arzulayıram.