Azərbaycan-Serbiya iqtisadi əlaqələri müzakirə edilib (FOTO)


Digərləri 24 Dek 2018 16:30:00 301 0

Azərbaycan-Serbiya iqtisadi əlaqələri müzakirə edilib (FOTO)

Şahin Mustafayev Serbiyanın Baş nazirinin müavini, Ticarət, turizm və telekommunikasiya naziri Rasim Lyayiçin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Bakı. İqtisadiyyat naziri, Azərbaycanla Serbiya arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyasının həmsədri Şahin Mustafayev ölkəmizdə səfərdə olan Serbiyanın Baş nazirinin müavini, Ticarət, turizm və telekommunikasiya naziri Rasim Lyayiçin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. İqtisadiyyat Nazirliyindən Trend-ə verilən məlumata görə, əvvəlcə Serbiya nümayəndə heyəti Fəxri Xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib, xatirəsini ehtiramla anaraq abidəsi önünə əklil qoyub. Nümayəndə heyəti həmçinin, Şəhidlər Xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəmanlarımızın xatirəsini ehtiramla yad ediblər. Ş.Mustafayevin Serbiyanın Baş nazirinin müavini, Ticarət, turizm və telekommunikasiya naziri Rasim Lyayiçlə görüşündə ölkələrimiz arasında iqtisadi sahədə əməkdaşlıq və əlaqələrin genişləndirilməsi perspektivlərinə dair müzakirələr aparılıb. Nazir qarşılıqlı hörmət və etibarlı tərəfdaşlıq prinsiplərinə əsaslanan Azərbaycan-Serbiya münasibətlərinin, siyasi-iqtisadi əlaqələrin inkişaf etdiyini vurğulayıb. Bildirilib ki, ölkələrimiz beynəlxalq təşkilatlar çərçivəsində, eləcə də ərazi bütövlüyü məsələsində bir-birini dəstəkləyir. Azərbaycan və Serbiya arasında 2013-cü ildə imzalanmış Strateji Tərəfdaşlıq haqqında Bəyannamə, Serbiya Prezidentinin 2018-ci ilin mayında Azərbaycana səfəri zamanı imzalanmış Strateji Əməkdaşlığa dair Birgə Fəaliyyət Planı, bu yaxınlarda Belqradda 5-ci iclası keçirilmiş Azərbaycan Respublikası ilə Serbiya Respublikası arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiya əməkdaşlığın genişlənməsində əhəmiyyətli rol oynayır. Ş.Mustafayev ölkələrimiz arasında iqtisadiyyatın müxtəlif sahələrində, o cümlədən ticarət, investisiya, sənaye, energetika, kənd təsərrüfatı, nəqliyyat, turizm, İKT sahələrində əməkdaşlığın inkişaf etdirilməsi üçün geniş imkanların olduğunu vurğulayıb, bu sahələrdə əlaqələrin genişləndirilməsinə dair fikirlərini bölüşüb. Serbiya Respublikasının Baş nazirinin müavini, Ticarət, turizm və telekommunikasiya naziri, Hökumətlərarası Komissiyasının həmsədri R.Lyayiç ölkəsinin Azərbaycanla əlaqələrin genişləndirilməsində maraqlı olduğunu vurğulayıb, Serbiya və Azərbaycan arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi istiqamətləri barədə danışıb. Qeyd olunub ki, Serbiya ticarət, investisiya qoyuluşu, turizm, kənd təsərrüfatı və s. sahələrdə əməkdaşlığın inkişafında maraqlıdır. Sonra İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) və Serbiyanın Ticarət, Turizm və Telekommunikasiya Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan-Serbiya işgüzar görüşü keçirilib. Tədbirdə rəsmi şəxslərlə yanaşı, turizm, tikinti və iqtisadiyyatın digər sahələrində fəaliyyət göstərən sahibkarlar, eləcə də Serbiya və Azərbaycanın turizm təşkilatlarının nümayəndələri iştirak ediblər.