Bloq yazısı ilə 24 yaşında Salzburg-dan dəvət alan - “kənd-kəsəkdən gələn məşqçi”


İdman 24 Dek 2018 16:30:00 765 0

Bloq yazısı ilə 24 yaşında Salzburg-dan dəvət alan - “kənd-kəsəkdən gələn məşqçi”

Salzburg-un 24 yaşlı gənc məşqçisi Rene Mariç bloggerlikdən məşqçiliyə gedən yolda yaşadıqlarını bölüşüb. 19 yaşında yazıları ilə diqqətini çəkdiyi Tomas Tuxellə etdiyi söhbət də daxil, başına gələnləri Guardian nəşrinə danışıb.

Onlayn söhbət otaqlarından paltardəyişmə otağına: Rene Mariçin hekayəsi

Rene Mariç bəzən yanlış anlaşıldığını düşünür: “Arada özüm haqqındakı məqalələri, şərhləri oxuyuram. Elə bil, başqa birindən bəhs edirlər; şəkil mənimdir, qeyd olunan ad da mənə məxsusdur, ancaq haqqında danışılan adam sanki başqasıdır”.

Əldəki faktlar olduqca inandırıcı profil ortaya çıxarır: Mariç Avropanın ən proqressiv məşqçilərindən biridir və bu günlərdə - sentyabr ayının əvvəllərində Salzburg-la müqaviləsini uzadıb. Beləliklə, o, 2021-ci ilə qədər Marko Rozenin köməkçisi qismində çalışacaq.

Müsahibə götürdüyümüz gün Mariç 26-cı doğum gününü qeyd edirdi. Heyranedicidir, bilirəm, bu iş üçün çox gəncdir. Onunla, həftədə əksər hallarda 70-80, bəzən isə 100 saata qədər çalışdığı məşq meydançasında görüşdük. Nadir istirahət günlərindən biri idi. Narahatlığa görə üzr istəsək də, önəmsəmir: “Futboldan danışırıq da, bu, iş deyil ki...”

Futboldan danışmaq – onun üçün hər şey elə buradan başlamışdı. Mariçin hekayəsi müasirliklə yanaşı, bənzərinin az olması səbəbindən diqqət cəlb edir. Rene yeniyetməlik illərinin ortasında futbolçu karyerasını bitirmək məcburiyyətində qalıb. Daha sonra isə Salzburg-un 30 mil (48 km) şimalında yerləşən Handenberqdə məşqçi kimi çalışmağa başlayıb. Ancaq təxminən 1 000 nəfər insanın yaşadığı şəhərcikdə futbolla bağlı düşüncələri bölüşmək üçün imkanlar məhdud idi. Eyni fikirdə olan insanları tapmaq üçün ümid qalırdı internetdəki məşqçilik forumları və çat-otaqlarına. Məhz belə bir ortamda tanış olduğu 4 nəfərlə birlikdə təməlini atdığı layihə qeyri-ixtiyari onun karyerasını xəyallarından da irəli aparacaqdı.

“Sadəcə, futbol haqqında danışmaq istəyən 5 nəfər idik və birlikdə bir iş görmək qərarına gəldik” – Mariç 2011-ci ildə istifadəyə verdikləri Spielverlagerung bloqunun yaranma məramını belə izah edir. Sayt indi də fəaliyyətini davam etdirir. Bloqa daxil olub, səthi şəkildə belə göz atsanız, ordakı ciddiyyətin, altı dolu ideyaların şahidi ola bilərsiniz. Həcmi az mətnlərdən söhbət belə gedə bilməz; komandaları, oyunçuları, taktiki mövzuları və məşqçiləri ən xırda detalına qədər analiz edirlər. “Qvardiolanın topa sahib olma oyunu ilə dərin bloku (4-5-1) necə yarmaq olar?” adlı yazıda 3 100 hərfdən istifadə olunub. Sözügedən məqalə bir çoxları üçün anlaşılmazdır. Ancaq Mariçə görə, istifadəçilərin hamısının başa düşəcəyi kontent yaratmaq kimi bir niyyətləri olmayıb: “Məncə, insanlarda belə bir təəssürat yarandı ki, guya biz jurnalistika ilə məşğuluq, ya da futbol xadimləri barədə fikir bildirəcəyimiz bir platforma yaratmaq dərdindəyik. Ancaq bunlar heç vaxt bizim məqsədimiz olmayıb. Sadəcə, düşüncələrimi ortaya qoymaq və fikir bildirəcək insanlar tapmaq niyyətində idim. Yaşadığım şəhərcikdə futbolla bağlı qarşılıqlı fikir mübadiləsi aparacaq birini tapmaq çətin idi. İnternetdə isə belə deyil: bir şey yazırsan, 5 min nəfər oxuyur, onlardan 200-ü fikir bildirir və s.”

Psixologiya üzrə təhsil alan Mariç yazılarını sadəcə məşqçiliyə marağı olan şəxslər və həvəskar çalışdırıcılar üçün yazdığını düşünürmüş. Bir gün Mainz-ın baş məşqçisi Tomas Tuxelin köməkçisindən gələn elektron poçtu sayəsində hər şey dəyişib: “Sən demə, Tuxel, komandası haqda hazırladığımız raportlardan birini görüb və bəyənib. Nəticədə, bizi Mainz-a dəvət elədi. Rəqibləri haqqında, ümumi futbolla bağlı fikirlərimizi öyrənmək istəyirdi. İki saat söhbət elədik və daha sonra işimizə bələd olmaq üçün bizə əlavə kiçik layihələr tapşırdı. Bir mövsüm bu formada davam etdi”.

Tuxelin əsasən rəqib analizi və skautinq üzrə olan tapşırıqlarını yerinə yetirdikcə, Spielverlagerung komandası üçün başqa iş imkanları da yaranmağa başlayıb. Ancaq Mariç deyir ki, bloqu heç vaxt şüurlu şəkildə öz mənfəəti üçün istifadə etmək kimi bir niyyəti olmayıb: “Əslində, belə bir bazar da yox idi. Onsuz da, bloqu müntəzəm qazanc mənbəyinə çevirmək üçün nə edəcəyimi də bilmirdim. Bəzən hansısa bir tapşırıqla bağlı mesaj alırdım, bəzən də olurdu ki, 5 ay boyunca bir ismarıc belə gəlmirdi. Odur ki, heç vaxt bloq hesabına yaşamamışam. Arada bəziləri tapşırıq müqabilində pul təklif edəndə, “Bir tərəfdən təhsilimi davam etdirirəm, digər tərəfdən isə sadəcə futbol barədə danışıb, əvəzində 200 avro qazanıram. Bu, balaca möcüzədir” – deyə düşünərdim”.

Ancaq çox keçmədən gerçək iş təklifləri gəlməyə başlayır: Brentford və Midtjylland-un sahibi Mettyu Benhemdən gələn tapşırıqlar və nəhayət, Salzburg. Həmin dönəm Marko Roze Salzburg U-18-in başında idi və Tuxel kimi, o da Mariçin analizlərinin dəqiqliyinə və dərinliyinə heyran qalmışdı. Onlar bir neçə dəfə görüşmüş, saatlarla taktika və məşq metodları üzərinə müzakirələr aparmışdılar. Bir gün Mariç həyatının iplərini əlinə almaq qərarına gəlir: “Öz-özümə düşündüm: “Niyə soruşmuram ki?” Demək olar ki, futbola dair hər şey haqqında danışırdıq. Birdən Rozeyə dedim: “Növbəti mövsüm üçün köməkçi-məşqçi lazımdır?” Belə birinə ehtiyacı olduğunu dedi və cəhd etmək qərarına gəldik. Yekunda iş birliyimiz çox yaxşı alındı”.

“Çox yaxşı alındı” - əslində, bu, kiçiltmədir. İkilinin ilk mövsümündə Salzburg Manchester City və PSG kimi komandaları məğlub edərək, 2016-17 mövsümündə UEFA Gənclər Liqasının qalibi oldu. Sonrakı mövsüm Roze əsas komandaya təyinat aldı, Mariç isə onun addımlarını izləyərək, Salzburg-un köməkçi-məşqçisi oldu. Keçən mövsüm onlar Avropa Liqasında yarımfinal oynadılar. Mariçin işini hamını heyrətləndirəcək şəkildə mənimsəməsinə baxmayaraq, haqqındakı önmühakimələr də az deyil: “Hekayəmi eşidən kimi “bloqqer” adını qoyurlar. Ancaq mən 17 yaşım olanda Handenberqdə uşaqlara məşqçilik etmişəm. Sonra həvəskarlarla işləmişəm. Komandadakı ən gənc futbolçunun 15, ən yaşlının isə 44 yaşı var idi. Səviyyə və şərtlər fərq etmir, oyunçulara necə xitab edəcəyini bilməlisən”.

“Bəzən köhnə düşüncəli, yeni nəsil “laptop məşqçilər”ə tənqidi yanaşan adamlarla bir araya gəlirəm və söhbətimiz olduqca maraqlı alınır. Görüşümüzdən öncə yəqin ki, sadəcə taktika ilə maraqlandığımı düşünürlər. Üz-üzə gələndə isə onlara hər şeyin oyunçulardan asılı olduğunu deyirəm”.

Salzburg bir neçə həftə öncə Çempionlar Liqasının pley-off-unda Crvena Zvezda ilə bacarmayıb, viran olanda Mariç meydanda oyunçulara təsəlli verirdi. İki gün sonra püşk onları Avropa Liqasında Leipzig-lə üz-üzə qoyanda isə komandada üzlər gülürdü. “Red Bull”un sponsorluq etdiyi və tez-tez oyunçu barter edən iki komanda arasında dostluq atəşi alovlanıb: “Hər yay oyunçular komandadan ayrılsa belə, əla heyətə sahibik. Yüksək səviyyəli yeni futbolçular, üzərilərində çalışaraq inkişaf etdirəcəyimiz gənc istedadlar daim komandaya qoşulurlar. Onlarla birgə çalışmaq imtiyazdır”.

Mariç Avstriya futbolunda müxtəlif yollardan istifadə edərək şansını yoxlamaq niyyətində olduğunu deməsinə baxmayaraq, futbol barədə yazdıqlarının gətirdiyi diqqət olmasaydı, bu qədər qısa müddətdə indiki nöqtəyə gələ bilməyəcəyini düşünür. O, futbol debatlarına olan həvəsini isə xorvat kökləri ilə əlaqələndirir: “Orda insanlar hər şeyi müzakirə edirlər, hətta bəzi hallarda çox aqressiv formada. Fikirlərinizi izah etmək məcburiyyətindəsiz və bu, beyninizin dərinliklərinə qədər işləyir, çünki öz-özünüzə düşünürsüz: “Filan şeyi desəm, biri çıxıb deyəcək ki, axmaq-axmaq danışma”.

Mariçin futbola dair fikirləri Yohan Krayf və Ernst Happelin nəzəriyyələri əsasında formalaşıb. Ancaq o, hələ də özünü “kənd-kəsəkdən gələn məşqçi” kimi görür.

“Professional və ya həvəskar səviyyədə olmasının fərqi yoxdur. Bir insanın zövq aldığı hər hansı işdə ona kömək edirsinizsə, dünyada heç bir iş ondan yaxşı olmaz.