Orxan Məmmədov: "Prezident İlham Əliyevin siyasəti nəticəsində sahibkarlara yönəlik dövlət xidmətlərinin keyfiyyəti əhəmiyyətli dərəcədə yüksəlib"


Siyasət 24 Dek 2018 14:21:00 618 0

Orxan Məmmədov: "Prezident İlham Əliyevin siyasəti nəticəsində sahibkarlara yönəlik dövlət xidmətlərinin keyfiyyəti əhəmiyyətli dərəcədə yüksəlib"

Ötən illər ərzində Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən müəyyən edilmiş strateji xəttin ardıcıl reallaşması və bu məqsədlə həyata keçirilən sistemli islahatlar nəticəsində sahibkarlara yönəlik dövlət xidmətlərinin keyfiyyəti əhəmiyyətli dərəcədə yüksəlib.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov bu gün Bakıda keçirilən "Xarici ticarət iştirakçılarının forumu: "Yaşıl Dəhliz" buraxılış sistemi" mövzusunda keçirilən tədbirdə bildirib.

O.Məmmədov qeyd edib ki, hazırda bu tendensiya yeni dövrün çağırışları əsasında inkişaf etməkdədir: "Məhz bu çağırışların reallaşdırılması məqsədilə ölkə Prezidentinin təşəbbüsü ilə yaradılmış və missiyası kiçik və orta biznes sektorunu dəstəkləməkdən ibarət olan Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, istər dövlət dəstək mexanizmləri barədə sahibkarların maarifləndirilməsi, istərsə də bu dəstəklərə onların rahat çıxışının təmin edilməsini fəaliyyətinin əsas prioritetləri hesab edir. Agentliyin KOB sektorunun inkişafı ilə bağlı Strateji Yol Xəritəsində müəyyənləşdirilmiş əsas hədəflərindən biri xarici ticarətdə, o cümlədən ixracda bu sektorun payının əhəmiyyətli dərəcədə yüksəldilməsindən ibarətdir. 2025-ci ildən sonrakı dövr üçün xarici ticarətdə KOB-un payının 40%-ə çatdırılması nəzərdə tutulur. Bu baxımdan xarici ticarət iştirakçılarının fəaliyyətinin gömrük tənzimlənməsində "Yaşıl Dəhliz" buraxılış sisteminin tətbiqinin xüsusi rolu var. Agentlik olaraq, bu prosesdə iştirakımızın önəmli istiqaməti bu dəstək mexanizmi ilə bağlı kiçik və orta sahibkarlıq subyektlərinin maarifləndirilməsi ola bilər. Təcrübə göstərir ki, bu faktor dəstək mexanizmlərinin tətbiqinin səmərəliliyini yüksəldən mühüm vasitə kimi çıxış edir".

KOBİA sədrinin sözlərinə görə, "Yaşıl Dəhliz" mexanizminin tətbiqi buraxılış zamanı gömrük nəzarəti tədbirlərinin optimallaşdırılması, gömrük rəsmiləşdirilməsinin daha çevik və şəffaf həyata keçirilməsi və məmur-sahibkar münasibətlərinin müasir idarəçilik prinsipləri əsasında inkişaf etdirilməsinə şərait yaradacaq: "Bu baxımdan sahibkarların məsuliyyəti məsələsi də, fikrimizcə, önəm kəsb edəcək və bu istiqamət də maarifləndirmə tədbirlərinin əsas elementlərindən olmalıdır.

Eyni zamanda, Agentlik KOB-ların maraqlarının müdafiəsi üzrə səlahiyyətli qurum olaraq idxal-ixrac əməliyyatları zamanı qarşıya çıxan problemlərin həlli istiqamətində "dövlət-sahibkar" əməkdaşlıq müstəvisində öz dəstəyini göstərir. Bu sahədə operativliyin təmin edilməsi məqsədilə Agentlik tərəfindən online platforma - "Sahibkarlara dəstək sistemi" yaradılıb və yaxın müddət ərzində sahibkarların istifadəsinə verilməsi nəzərdə tutulur.

Cənab Prezidentin müəyyən etdiyi mühüm tapşırıqların icrası ilə bağlı hazırda Agentlik tərəfindən KOB evlərinin yaradılması üzrə işlər görülməkdədir. Artıq Bakı şəhərində ilk KOB Evinin yaradılması ilə bağlı praktiki işlərə başlanmışdır. Bu Evlər vasitəsilə sahibkarlara göstəriləcək xidmətlərin əhatə dairəsi əhəmiyyətli dərəcədə genişlənəcək. Gömrük xidmətləri də bu Evlərin mühüm dövlət xidmətlərindən olacaq və bu istiqamətdə Dövlət Gömrük Komitəsi ilə aktiv əməkdaşlıq nəzərdə tutulur".

O.Məmmədov deyib ki, "Yaşıl Dəhliz" sisteminin tətbiqi bu mexanizmin əhatə edəcəyi sahibkarların müəyyən edilməsi məsələsini önə çəkir: "Qeyd etmək istərdim ki, Agentliyin mühüm layihələrindən biri olaraq "KOB reyestri"nin yaradılması və bu çərçivədə KOB-ların fəaliyyəti ilə bağlı müxtəlif dövlət informasiya resurslarında olan məlumatların vahid baza əsasında formalaşmasını nəzərdə tutur. Bu reyestr Yaşıl Dəhliz sisteminin iştirakçılarının risk dərəcələri əsasında şəffaf müəyyənləşdirilməsi istiqamətində informasiya bazası rolunu oynaya bilər.

Bütün bu istiqamətlər üzrə əməkdaşlıq zərurəti nəzərə alınaraq cari ilin 8 avqust tarixində Dövlət Gömrük Komitəsi ilə Agentlik arasında Anlaşma Memorandumu imzalanıb. Bu sənədə əsasən birgə əməkdaşlığa və qarşılıqlı fəaliyyət göstərilməsinə dair formalar və mexanizmlər, o cümlədən, KOB-ların "Yaşıl Dəhliz" buraxılış sistemlərindən istifadə üzrə maarifləndirilməsi, bu yönümdə potensial KOB subyektlərinin müəyyən edilməsi, "Yaşıl Dəhliz Xidməti"nin təşkili istiqamətində birgə tədbirlər müəyyən edilib".

Agentlik rəsmisi hesab edir ki, Azərbaycanda qeyri-neft sənayesinin inkişafı istiqamətində ölkəmizdə yaradılmış sənayə parkları, məhəllələri və s. dəstək modellərinin rezidentləri bu mexanizmin potensial iştirakçısı olaraq çıxış edə bilər:

"Bu məqsədlə, 31 iyul 2018-ci il tarixində Dövlət Gömrük Komitəsinin iştirakı ilə KOBİA, Sumqayıt Kimya Sənaye Parkı, Təmiz Şəhər ASC, "Yaşıl Dəhliz Xidməti" QSC ilə birgə Anlaşma Memorandumu imzalanıb. Bu çərçivədə Dövlət Gömrük Komitəsi ilə əməkdaşlıqdan məmnunluğumuzu ifadə etməklə yanaşı, onun gələcəkdə daha da genişlənəcəyi qənaətindəyik. Əminəm ki, həyata keçirəcəyimiz birgə tədbirlər kiçik və orta sahibkarların vaxt itkisi ilə üzləşmədən daha keyfiyyətli xidmətlər əldə etməsinə şərait yaradacaq və nəticədə onların xarici ticarətdə payının artırılmasına öz əhəmiyyətli töhfəsini verəcək".