İslam peyğəmbəri ömrünün son günlərində


Digərləri 23 Dek 2018 20:50:00 386 0

İslam peyğəmbəri ömrünün son günlərində

İslam Peyğəmbəri (s) hicrətin 11-ci ilində sonuncu həcc mərasimi zamanı Məkkədə (Ərəfatda), Məkkədən qayıdarkən "Qədi-Xum" çölündə, eləcə də Mədinədə ümumxalqın qarşısında açıq-aşkar əbədiyyətə qovuşacağından xəbər verdi. Həmçinin o həzrət vəfatından bir ay öncə də buyurdu: "Ayrılıq və Allaha dönüş zamanı yaxınlaşmışdır. Bu yaxınlarda Haqqın dəvətini qəbul edəcəyəm. Sizin aranızda iki ağır və qiymətli əmanət qoyub gedirəm: Allahın kitabı və Əhli-beytimi. Lətif və agah Allah mənə xəbər verib ki, bu iki əmanət "Kövsər" hovuzunda mənə qovuşana qədər, heç zaman bir-birindən ayrılmayacaq. Elə isə, yaxşı düşünün və görün onlarla necə rəftar edəcəksiniz..."

Son.az maide.az-a istinadən bildirir ki, bir gün Peyğəmbərə (s) xəbər verdilər ki, İslam ümməti sizin vəfat edəcəyinizdən nigarandır. O həzrət xəstə olduğu halda imam Əli (ə) ilə Fəzl ibn Abbasa təkyə edib məscidə yollandı. Allaha həmd-səna etdikdən sonra buyurdu: "Mənə xəbər verdilər ki, siz öz peyğəmbərinizin vəfat edəcəyindən qorxur və nigaransınız. Məgər məndən əvvəlki peyğəmbərlər vəfat etməyib? Bilin ki, həm mən Rəbbimin rəhmətinə qovuşacağam, həm də siz!"

Növbəti gün Peyğəmbər (s) həzrət Əli (ə) və bir dəstə səhabəsinin köməyi ilə "Bəqi" qəbiristanlığına gedib, ölənlər üçün Allahdan məğfirət və bağışlanma dilədi.

O həzrət həyatının son günlərində məsciddə "sübh" namazını qıldıqdan sonra, bir daha müsəlmanlara Allahın kitabı Qurani-Kərim və öz Əhli-beyti haqda tövsiyələr etdi: "Mən sizin aranızda iki ağır və qiymətli əmanət qoyub gedirəm: biri Allahın kitabı, digəri isə Əhli-beytimdir... Onlardan qabağa keçməyin ki, ayrılığa düçar olarsınız və onlarla bağlı səhlənkarlığa da yol verməyin ki, həlakətə yetərsiniz." Söhbətdən sonra müsəlmanlar Allahın Rəsulunu (s) ağlar gözlə evinə doğru yola saldılar.

Peyğəmbər (s) xəstəlik yatağında ikən qüsl, kəfən və namazını həzrət Əliyə vəsiyyət edəndə, həzrət Əli (ə) dedi: "Ey Allahın Rəsulu! Qorxuram ki, mənim bu işə taqətim çatmasın!" Peyğəmbər (s) imam Əliyə (ə) işarə etdi ki, ona yaxınlaşsın. Həzrət qılıncını, zirehini, üzük və möhrünü imam Əliyə (ə) verib onunla xüsusi olaraq söhbət etdi. ("Ət-təbəqatul-kubra", İbn Səd, 2-ci cild, səh. 214.)