Allahın "ZulCələli vəlİkram" adının mənası


Digərləri 23 Dek 2018 20:20:00 635 0

Allahın "ZulCələli vəlİkram" adının mənası

Zul-Cələli vəl-İkram kəlməsi əzəmət, ucalıq və səxavət sahibi deməkdir. Allahın Zul-Cələli vəl-İkram adı Qurani-Kərimdə iki dəfə zikr edilir. Uca Allah buyurur: "Ancaq Rəbbinin əzəmətli və kəramətli Üzü əbədidir" (ər-Rahmən 27). "Sənin əzəmət və kərəm sahibi olan Rəbbinin adı nə qədər mübarəkdir" (ər-Rahmən, 78). Allahın Zul-Cələli vəl-İkram adı Peyğəmbərin səhih hədislərində də zikr edilir. Rəvayət edilir ki, Ənəs ibn Məlik demişdir: "Bir dəfə Allah Elçisi - salləllahu aleyhi və səlləm - ilə məsciddə oturmuşduq. Bir kişi namaz qılarkən ruku, səcdə və təşəhhüddə belə dua etdi: "Allahım, Sənə yalvarıram, həmd Sənə məxsusdur, Səndən başqa ilah yoxdur, Sən lütf edən, yeri göyü icad edənsən! Ey Ucalıq və Kəramət Sahibi, ey əbədi Yaşayan, ey Qəyyum olan, Sənə yalvarıram! (Allahummə inni əsəlukə biənnə ləkəl-həmd, lə iləhə illə əntəl-Mənnən, bədius-səməvəti vəl-ard, yə Zəl-Cələli vəl-İkram, yə Həyyu, yə Qayyum, inni əsəlukə). Bunu eşitdikdə Peyğəmbər səhabələrinə buyurdu: "Onun necə dua etdiyini bilirsiniz?" Dedilər: "Allah və Onun Elçisi daha yaxşı bilir!" Peyğəmbər buyurdu: "Canım əlində olan Allaha and olsun ki, o, Allahın ən əzəmətli adı ilə dua etdi. Bu adla dua edənin duası qəbul edilər və istədiyi verilər". (ən-Nəsəi, 1300, 1308). Son.az zikr.az-a istinadən bildirir ki, həmçinin, Peyğəmbər buyurmuşdur: "Yə Zəl-Cələli vəl-İkram!" - (adı ilə) dua etməyi davamlı edin". (ət-Tirmizi, 3525, 3868). Cəlal və İkram sahibi olan Allahın şanı Ucadır. O, ən gözəl və ən kamil sifətlərə sahibdir. Bütün gözəllikləri yaradan və bütün yaxşılıqları insanlara bəxş edən Odur.