Bakıda kirayə ev böhranı yaşanır: Mənzil bazarından


Digərləri 23 Dek 2018 19:24:00 595 0

Bakıda kirayə ev böhranı yaşanır: Mənzil bazarından

Nazirlər Kabinetinin qərarına əsasən paytaxt Bakıda həyata keçirilən pilot layihə çərçivəsində köhnə və qəzalı vəziyyətdə olan yaşayış binalarının sökülməsi yeni bir kütlənin kirayə mənzil bazarına axın etməsinə səbəb olub. Nəticədə son aylarda Bakıda kirayə mənzillərin qiymətinin hiss olunacaq dərəcədə artması ilə yanaşı, mənzil tapmaq da müşkülə çevrilib.

Belə ki, pilot layihənin qaydalarına görə, sökülən binaların sakinləri yeni bina hazır olana qədər işi aparan şirkətin vəsaiti hesabına kirayə mənzillərə köçürülür. Yeni binada mənzillər tam təmir olunduqdan sonra həmin sakinlərə təhvil verilir. Bu proses əsasən şəhərin mərkəzində, metrostansiyaların yaxınlığında, magistral yollara və infrastruktura yaxın ərazilərdə yerləşən mənzillərin bahalaşmasına səbəb olub.

Son.az musavat.com-a istinadən bildirir ki, son zamanlar "makler bazarı"nda kirayə mənzil axtaranların sayı artıb.  Buna baxmayaraq, vətəndaşlar istədiyi şərtlə ev tapmaqda çətinlik çəkirlər.

Ev dəlalları da etiraf edir ki, son aylarda kirayə mənzil bazarında qıtlıq yaşanıb: "Nizami rayonu ərazisində kirayə ev tapmaq çətinləşib. Metroətrafı ərazilərdə isə boş kirayə ev demək olar ki, yoxdur. Son üç ayda hər gün toplaşdığımız "maklerlər bağı" müştərilərlə dolub-daşır. Müştərilərin əksəriyyəti metro ətraflarında, mərkəzə yaxın ərazilərdə ev tutmaq istəyir. Ancaq tələbat çox olsa da, kirayə evlər azdır".

"Makler"lərin sözlərinə görə, bu qıtlıq  rayon ərazisində pilot layihə çərçivəsində aparılan söküntü işləri ilə əlaqəlidir: "Kirayə mənzillərin qıt olması avtomatik olaraq, bahalaşmaya səbəb olub. Müştərilər müraciət edərkən onlara istədikləri göstəricilərə uyğun ev təklif etməkdə çətinlik çəkirik. Yəni, əvvəlki kimi müştərilərə bir neçə variant təklif edə bilmirik. Bu durum mənzil sahibləri üçün bir fürsətə çevrilib. Onlar evlərini daha baha qiymətə kirayə verməyə niyyətlənirlər. Təəccüblü olsa da, baha təklif edilən bu evlərə belə, qısa zamanda tələbat yaranır. Nəticədə bahalaşma baş verir. Hazırda 300-400 manat arasında təklif olunan evlərin qiymətində ən azı 50 manat artım olub".


Xəbərə aid fotolar