Cəmi 15 yaşı var, amma "Mercedes"lə "avtoşluq" edir, polisləri vurur və oğurluğa görə...


Digərləri 23 Dek 2018 11:34:00 387 0

Cəmi 15 yaşı var, amma "Mercedes"lə "avtoşluq" edir, polisləri vurur və oğurluğa görə...

Rusiyanın Çelyabinsk şəhər sakini, 15 yaşlı məktəbli Darya Juravlyova barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib. Adıçəkilən "nüfuzlu" məktəbli sərxoş vəziyyətdə idarə etdiyi avtomobili Dövlət Yol Polisi müfəttişinin üzərinə sürsə də, başqa bir cinayətə görə - oğurluq etdiyi üçün cəzalandırılıb. Bəs görəsən kim və hansı səbəbdən məktəbli qızın bu cinayətini ört-basdır edib?

Son.az Virtualaz.org.a istinadən bildirir ki, bu il noyabrın 17-də səhər saat 6 radələrində Darya Juravlyova həmyaşıdı Sergeylə atasına məxsus "Mercedes-Benz E-Class" markalı avtomobillə şəhərə gəzintiyə çıxıb. Yol polisi maşının işıqlarının söndürüldüyünü görüncə Daryadan avtomobili saxlamasını tələb edib. Məktəbli isə avtomobili saxlamaq əvəzinə sürəti daha da artırıb və polisin üzərinə sürüb.

Yol polisi Anton Baranov 15 yaşlı Daryanın bu hərəkətindən çaş-baş qalıb. Maşının qəflətən onun üzərinə doğru hərəkət etdiyini polis əməkdaşı belə xatırlayır: "Zərbə hiss etdim, qaçmağa imkan tapmadım, bir də gördüm ki, yerə yıxılmışam".

Hadisənin şahidi olan digər polis əməkdaşı Rəşid Sadıqov deyir ki, həmin gecə Anton Baranovla birgə növbədə olublar. Bu zaman qara rəngli avtomobili işıqları sönmüş vəziyyətdə idarə edən sükan arxasındakı gənc qız onların diqqətinə çəkib: "Mən dayanma əmri verdim, bir qədər sürəti azaltdı. Amma qəflətən qaza basdı və məlum hadisə baş verdi".

Videonu izləmək üçün şəklə klikləyin:

Kamera görüntülərində Anton Baranovun zərbədən necə havaya qalxması açıq-aydın görünür. Yol polisi möcüzə nəticəsində avtomobilin təkərləri altına düşməyib. Bir neçə dəqiqə sonra 15 yaşlı Darya həmyaşıdı Sergeylə birgə maşından düşərək qaçmağa başlayıblar.

"Hər ikisi maşının yaxınlığında saxlanıldılar. Həm sürücü, həm də maşında olan oğlan yeniyetmə idilər. Sükan arxasında əyləşən qızın içkili olması açıq-aydın hiss edilirdi. Onu polis bölməsinə apardılar", - Rəşid Sadıqov "Prestupnaya Rossiya" nəşrinə açıqlamasında belə deyib.

Baş vermiş yol-nəqliyyat hadisəsi barədə yalnız dekabr ayında - hadisədən bir ay sonra məlumat yayılıb. Qızın ailəsinin şəhərin bəzi nüfuzlu şəxsləri ilə əlaqələri olmasını hər kəs inkar edir. Belə olan halda polis müfəttişinə qarşı törədilən bu cinayət üç həftə necə gizlədilib, ört-basdır edilib?

"Yol-nəqliyyat hadisəsi baş verən an Dövlət Yol Polisi tərəfindən qeydiyyata alınır. Görünür, bu fakt Dövlət Yol Hərəkəti Təhlükəsizliyi müfəttişliyinin rəhbərliyi tərəfindən gizlədilib. Həmçinin, güman edirik ki, Daxili İşlər Şöbəsini də burada əli var",- Çelyabinsk şəhər prokuroru Roman Samoylov belə deyib.

İşi müvəffəqiyyətlə "bacarıblar". Prokurorun sözlərinə görə, heç bir sənəd tərtib edilməyib. Yol müfəttişi xəstəxanaya getməkdən imtina edib. Sonradan özü mülki geyimdə xəstəxanaya yollanıb və polis işçisi olduğunu gizlədib.  

Müfəttiş Anton Baranov isə yol-nəqliyyat hadisəsini gizlətmək niyyətində olmadığını, iş vaxtının sonunda özü travmotologiya şöbəsinə müayinəyə getdiyini açıqlayıb. Görünür, kiçik leytenant müdiriyyətin göstərişini yerinə yetirib.

Hadisə yerində ona yaxın polis-patrul maşınlarının olması video görüntülərdə əksini tapıb. Yalnız mətbuatda bu barədə yazıldıqdan sonra faktın gizlədilməsində yol polisinin rolu olduğu bildirilib. Araşdırmalar zamanı Dövlət Avtomobil Müfəttişliyinin rəhbərliyinin vəzifəli şəxslərindən biri tutduğu vəzifədən kənarlaşdırılıb.

Baş verənlərə podpolkovnik Mixail Savenko qiymət verməlidir. Çünki o, 2013-cü ildənÇelyabinsk Dövlət Yol Hərəkət Təhlükəsizlik müfəttişliyinə rəhbərlik edir. Mütəmadi olaraq özü cinayətkarları saxlayır, vaxtaşırı qəza hadisələri baş verən yerlərə gedir, gecə reydlərinə çıxır.

"Bu cür kobud yol hərəkəti qaydalarının pozulmaları zamanı məlum olur ki, sürücü avtomobili idarə edərkən içkili vəziyyətdə olub. Belə sürücülər sürücülük vəsiqəsindən məhrum edilir. Bəzən isə çoxunun sürücülük vəsiqələri də olmur", - bir müddət əvvəl Mixail Savenko belə deyib.