Biri 3, o biri 5 yaşından gəzmək qabiliyyətini itirib –


Digərləri 22 Dek 2018 23:00:00 377 0

Biri 3, o biri 5 yaşından gəzmək qabiliyyətini itirib –

"Hərəmiz 155 manat pensiya alırıq, o da ağrıkəsicilər almağa güclə çatır"

"Biz də insanıq, biz də əlilik, biz də bu dövlətin vətəndaşıyıq, heç olmasa, ildə bir dəfə gəlib qapımız açsınlar, bizlə maraqlansınlar. Nə qədər qapalı mühitdə qalmaq olar".

Son.az Sputnik Azərbaycan-a istinadən bildirir ki, bu sözləri "Miopatiya erba" xəstəliyindən (əzələ zəifliyi) əziyyət çəkən Tovuz şəhər sakinləri Aynurə və Bayram Həsənovlar deyiblər. 34 yaşlı Aynurə 3 yaşından, 27 yaşlı qardaşı Bayram isə 5 yaşından yerimək qabiliyyətini itirib. Yaş artdıqca azalan əzələ güclərini saxlamaq üçün onların müalicəyə və köməyə ehtiyacları var.

Xəstəlikləri barədə məlumat verən Bayram onların başqa xəstələr kimi tam sağalmaq ehtimalının olmadığını desə də, fizioterapiya müalicələri ilə özlərini idarə edə biləcəklərini söyləyir: "Heç bir hərəkət etmək qabiliyyətimiz yoxdur. Kömək olmasa, nə uzana, nə qalxa bilirik. Adicə bir ayağımızı tərpətmək üçün yeganə baxıcımız olan anamız kömək etməlidir. Yaş artdıqca əzələlər ölür, bədənin müqaviməti azalır. Tədricən sol qolum da inkişafdan dayanır. Yalnız sağ əlimlə iş görə bilirəm".

Bayram 2013-2014-cü illərdə iki dəfə Respublika Əlillərin Bərpa Mərkəzində müalicə olunduqdan sonra səhhətlərində xeyli irəliləyişlərin olduğunu deyir: "Atam sağlığında iki il Respublika Əlillərin Bərpa Mərkəzinə apardı. Arabaya qalxıb, otura, müəyyən hərəkətlər edə bilirdik. Orda hərəkətimizin tam itməməsi üçün kurs-kurs müalicə almalı olduğumuzu dedilər. Atamız öləndən sonra 4 ildir müraciət etsək də, "2020-ci ilə kimi siyahımız doludur, o vaxta kimi sizi götürə bilmərik" deyirlər. Öz hesabımıza müalicəmiz isə mümkünsüzdür. Bir evdə iki nəfər birinci qrup əlil, bir də bizə baxan xəstə anamız var. Bacımla mən hərəmiz 155 manat pensiya alırıq, o da ağrıkəsicilərə ancaq çatır".

Ən çox sosial baxıcı və müalicəyə ehtiyacları olduğunu deyən Aynurə dəfələrlə müraciət etsə də, vəziyyətləri ilə millət vəkili Qənirə Paşayevadan başqa maraqlanan olmadığını bildirir: "Demək olar ki, Qənirə xanımdan başqa, bizə yardım etmək istəyən olmayıb. Onun təşəbbüsü ilə Ombudsman Elmira Sülymanovadan tutmuş, xarici dövlətlərin səfirləri, yerli və xarici iş adamları ziyarətimizə gəlib. Gələnlər hər şeylə təmin olunacağımız barədə vədlər versələr də, qapıdan çıxdıqdan sonra unudulmuşuq. Onlar iki çarəsiz əlilə yalandan ümid verib, gözlərini yolda qoymaqdan yorulmasalar da, biz artıq yalançı vədlərdən doymuşuq".

Aynurə deyir ki, lazımi müalicələr aparılmazsa, 38 yaşına kimi bütün hərəkət üzvləri dayanacaq: "Sosial baxıcıyla bağlı neçə dəfə müraciət etmişik, bizə deyirlər ki, "sosial baxıcı ancaq yeməyinizi, çayınızı verib gedəcək". Deyirəm ki, bunu mənim anam da edir. Ən azından bizə bir qədər qüvvəli adam lazımdır ki, əlil arabamıza minməyə, düşməyə kömək etsin".

Birinci qrup əlillər iddia edirlər ki, onlara əsaslı yardımın olunması üçün analarından imtina etməyi, yalnız bundan sonra dövlət hesabına müalicə ala biləcəklərini deyiblər: "Biz anamızdan necə imtina edə bilərik? Hər şeyə dözərək bu yaşa kimi saxlayıb, bir dəfə yanımızda özünü qəmgin göstərməyib, "uf" deməyib. Təkbaşına qaldırıb-endirməkdən onurğasında 3 yırtıq əmələ gəlib".


Xəbərə aid fotolar