D vitamini və trombositlərin yaşlı şəxslərdə rolu


Digərləri 22 Dek 2018 21:35:00 611 0

D vitamini və trombositlərin yaşlı şəxslərdə rolu

Havaların istiləşməsi ilə əlaqədar qan dövranı sistemi xəstəlikləri ilə bağlı şikayətlər də artır. Təsadüfi deyil ki, planetin yaşlı əhalisinin ölümünə əsas səbəb ürək-qan damar sistemi xəstəlikləridir. Ölüm hal­la­rı­nın sə­bəb­lə­ri ara­sın­da ilk ye­ri qan döv­ra­nı sis­te­mi xəs­tə­lik­lə­ri tu­tur. Statistik göstəricilərə görə, 2020-ci ildə dünya əhalisinin bir ildə ürək-damar sisteminin xəstəlikləri 25 milyon əhalinin ölümünə səbəb olacaq. ABŞ Sağlamlıq İnstitutunun göstəricilərinə görə, yaşlı əhalinin kişilərdə 64%, qadınlarda 60%-i tac damar xəstəliyi təşkil edəcək.

Azərbaycan Tibb Universitetinin II daxili xəstəliklər kafedrasının assenti, t.ü.f.d Lamiyə Quliyevanın sözlərinə görə, qocalmanın əmələ gəlməsində bir çox faktor rol oynayır. O qeyd edir ki, son illər insan bədənində vitamin D defisitinin öyrənilməsinə dair çoxlu elmi araşdırmalar aparılıb: "Ədəbiyyatda göstərilir ki, yaşdan asılı olaraq, fibrinogenin artması və həmçinin, qanda nisbi laxtalanma sisteminin artması trombozun əmələ gəlməsi ilə əlaqədar motabolik pozğunluqlara səbəb olur. Damar daxili trombun əmələ gəlməsi ürək-qan damar sistemi xəstəliklərinin, o cümlədən Ü.İ.X. inkişafında xüsusi rolu vardır. Ü.İ.X. fəsadlaşmasında damar daxili fəaliyyətin stabilliyinin, trombositlərin funksional vəziyyətinin və eləcə də, lipidlərin pozulması, oksidləşmə prosesinin aktivləşməsi xüsusi rol oynayır".

L. Quliyevanın bildirdiyinə görə, son illər ABŞ və Böyük Britaniyada yuxarıda göstərilən faktorlardan əlavə müəyyən edilib ki, vitamin D statusunun bədəndə aşağı düşməsi ürək və damar xəstəliklərinin inkişafında rol oynayır. Vitamin D defisitinin əmələ gəlməsi ürək-damar sistemi xəstəliklərinin yaranmasına səbəb olur: "Amerika alimlərindən D. Martins və digər müəlliflər vitamin D-nin qan zərdabında miqdarı və ürək-damar xəstəliklərini yaşlı ABŞ əhalisi arasında öyrənərək müəyyən ediblər ki, orqanizmdə vitamin D-nin aşağı olması hipertoniya, şəkərli diabet, piylənmə və ürək-damar sistemi xəstəliklərinin inkişafına səbəb olur".

Qeyd edək ki, 2009-cu ildə J. Kondrik miokard infarktının inkişaf etməsində vitamin D-nin defisiti, 2012-2014-cü illərdə J.R.Çhandhuri və digərləri, Q.Sun 25 (OH) D risk faktoru kimi insultun inkişafındakı rolunu öyrəniblər. Belə faktorlardan ürək-qan-damar sistemi xəstəliklərində, o cümlədən ürəyin işemik xəstəliyinin patogenezində trombositlərin keyfiyyətcə dəyişilməsi xüsusi rol oynayır.

Lamiyə Quliyeva qeyd edir ki, belə problemlər təbabətdə bir çox həkimləri - cərrahları, terapevtləri, kardioloqları, nevroloqları, onkoloqları, travmatoloqları, ginekoloqları və ortopedləri eyni səviyyədə narahat etməyə bilməz: "Bu problemlərdən ən aktual olanlarından biri də damar daxili trombların əmələ gəlməsidir. Kəskin tac-damarı və beyin-qan dövranında olan pozğunluqlar, əməliyyatdan sonra onkoloji xəstəliklərdə əmələ gələn tromboemboliyalar, hamiləliyin erkən pozulması və digər xəstəliklərin inkişaf etməsinin əsasını damar daxili trombogenez təşkil edir. Ona görə də trombositlərin morfofunksional xüsusiyyətləri hemostazın mərkəzi hissəsini təşkil etməklə qocalmada və patoloqiyada antitrombositar müalicənin xüsusi əhəmiyyəti vardır".