Bakıda daha bir parkda çayxana və kafelər söküləcək? FOTO


Digərləri 22 Dek 2018 20:57:00 622 0

Bakıda daha bir parkda çayxana və kafelər söküləcək?  FOTO

Atatürk prospektindəki parkdan sonra metronun "Nərimanov" stansiyasının yaxınlığında yerləşən parkdakı illər öncə tikilmiş kafe və çayxanaların da söküləcəyi xəbərləri yayılıb. Hansılar ki, pərakəndə və yöndəmsiz görkəmi ilə parkın görüntüsünü pozur, üstəlik tullantılar vaxtlı-vaxtında daşınmadığından ərazi natəmizlik yuvasına çevrilib.

Son.az virtualaz.org-a istinadən bildirir ki, parkda 15-ə yaxın obyekt fəaliyyət göstərir, onlardan çoxu kiçik köşklərdə dönərxanadır, küncdə-bucaqda masa üstündə aparatlar quraşdırılıb yağda qızardılmış kartof, peraşki, yaxud çərəz satanlar da var.

Park bir neçə il əvvəl təmir edilib, oturacaqlar, uşaqların istirahəti üçün yelləncəklər, elektriklə işləyən maşınlar quraşdırılıb. Amma indi təmirdən əsər-əlamət qalmayıb, zibil qutuları aşıb, oturacaqların bəzisi sınıb, işləməyən yellənçəklərin üzəri plastik torbalarla qapadılıb. Əvəzində çayxana və kafelərin sayı artırılıb.

"Buradakı obyektlər hər ay 25-30 min vergi ödəyir. Bu park Bakının ən ucuz istirahət mərkəzidir, qiymətləri özünüz müqayisə edin", - parkın girəcəyindəki dönərxananın əməkdaşı özünü təqdim etməsə də, sualımızı cavablayır.

Bəlli olur ki, rəsmi xəbərdarlıq edilməsə də, "Atatürk" parkındakı söküntüdən sonra obyekt sahiblərinin əksəriyyəti təşvişə düşüb. "Dedilər ki, metropolitenin yubiley tədbirində parkın görkəmi məmurların xoşuna gəlməyib, təmir edilməsi məsləhət görülüb. Bundan əlavə heç bir məlumat verilmir", - satıcı deyir.

Başqa bir kafeyə yaxınlaşırıq, içəridə təmizlik işləri aparılır. Özünü Azər kimi təqdim edən kafe əməkdaşı deyir ki, təxminən 4-5 obyektin sənədi yoxdur, digərlərinin fəaliyyəti qanunidir: "Neçə illərdir işləyirik, yəqin ki, qanuni fəaliyyət göstərən çayxanalar ləğv edilməyəcək".