“Veneranın doğulması”na baxan kişinin ürəyi niyə dayandı?


Digərləri 22 Dek 2018 19:21:00 623 0

“Veneranın doğulması”na baxan kişinin ürəyi niyə dayandı?

Florensiya və İtaliyanın ən məşhur muzeylərindən olan Uffizi Qalereyasında Sandro Botticelli-nin "Veneranın doğulması" əsərinə baxan bir kişi ürək tutması keçirib.

Adı açıqlanmayan kişi Botticelli-nin XV əsrin sonlarında yaratdığı və italyan intibahının şah əsərlərindən sayılan rəsmin qarşısında yerə yıxılıb. Hadisə dekabrın 15-də baş verib.

İtaliya mətbuatındakı xəbərlərə görə, halı pisləşən kişiyə ilk yardımı muzeyi dolaşan həkimlər qrupu göstərib.

Muzeydəki defibrillyator (elektroşok cihazı) istifadə edən həkimlər kişinin ürək döyünməsini bərpa ediblər.

Bildirilir ki, təcili yardımla xəstəxanaya çatdırılan şəxsin səhhəti yaxşılaşmaqdadır.

Caravaggio-nun "Meduza" əsəri qarşısında huşunu itirən olub

Veneraya baxarkən halı pisləşən kişinin "Stendhal sindromu"ndan əziyyət çəkdiyi iddia edilərkən, Uffizi Qalereyasının müdiri Eike Schmidt deyib ki, tibbi diaqnoz qoymaq onun sahəsi deyil.

"Lakin son illərdə qalereyamızda mühüm əsərlərin qarşısında çox sayda belə hadisələr baş verib".

Məşhur italyan rəssamı Caravaggio-nun 1596-1598 -ci illərdə çəkdiyi "Meduza" adlı əsəri Uffizi Galereyasında sərgilənir

Schmidt bu hadisələrin həm Botticelli əsərlərinin, həm də Caravaggio-nun "Meduza" əsərinin qarşısında baş verdiyini söyləyib.

Schmidt-in dediyinə görə, Uffizi-də 2016-cı ildə bir insan yenə Botticelli-nin "Bahar" əsəri qarşısında epilepsiya keçirib.

Bu il də Caravaggio-nun "Meduza" əsərinə baxan bir kişi huşunu itirib.