"Birdəfəlik yardımın verilməsi aztəminatlı ailələr üçün əsl bayram hədiyyəsidir"


Digərləri 22 Dek 2018 11:54:00 841 0

"Birdəfəlik yardımın verilməsi aztəminatlı ailələr üçün əsl bayram hədiyyəsidir"

Azərbaycan Prezidenti İlham Əliyevin xüsusi diqqət və qayğısı nəticəsində son illər aztəminatlı ailələrin sosial müdafiəsinin gücləndirilməsi, yaşayış şəraitinin yaxşılaşdırılması istiqamətində davamlı tədbirlər həyata keçirilir, fərman və sərəncamlar imzalanır. Dövlətimizin başçısının "Aztəminatlı ailələrə birdəfəlik yardımın verilməsi haqqında" 2018-ci il 19 dekabr tarixli Sərəncamı bu kateqoriyadan olan insanlara qayğının daha bir bariz nümunəsidir. Sərəncama əsasən, ünvanlı dövlət sosial yardımı alan ailələrin hər birinə Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə birdəfəlik yardım ödəniləcək.

Sərəncam Zaqatala rayonunda yaşayan aztəminatlı ailələr tərəfindən də böyük razılıqla qarşılanıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Zaqatala rayon şöbəsindən bildiriblər ki, aztəminatlı ailələrə birdəfəlik yardımın verilməsi haqqında Sərəncam rayonda yaşayan 160 ailəyə şamil olunacaq. Onlardan biri də Zaqatala şəhər sakini Mominət İsmayılovanın ailəsidir.

Son.az bildirir ki, Mominət İsmayılova AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində deyib: "Prezidentimizin bu humanist addımı sayəsində Yeni il günlərində görün neçə-neçə ailə sevinəcək. Bu sevincdən bizim ailəmizə də pay düşür. Birdəfəlik yardım ailəmizin bayram süfrəsinə çəkəcəyimiz xərci tam ödəyəcək. Bu yardım ailəmiz üçün əsl bayram hədiyyəsidir".