“Xarici ticarət iştirakçılarının “Yaşıl dəhliz” buraxılış sistemindən daimi istifadə hüququnu əldə etməsi, həmin hüququn dayandırılması, ləğvi və bərpası Qaydası” təsdiq edilib


Siyasət 21 Dek 2018 20:34:00 655 0

“Xarici ticarət iştirakçılarının “Yaşıl dəhliz” buraxılış sistemindən daimi istifadə hüququnu əldə etməsi, həmin hüququn dayandırılması, ləğvi və bərpası Qaydası” təsdiq edilib

Prezident İlham Əliyev "Xarici ticarət iştirakçılarının "Yaşıl dəhliz" buraxılış sistemindən daimi istifadə hüququnu əldə etməsi, həmin hüququn dayandırılması, ləğvi və bərpası Qaydası"nın təsdiq edilməsi haqqında fərman imzalayıb.

Azərbaycan Respublikası Prezidentinin "Gömrük sistemində islahatların davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında" 2016-cı il 4 mart tarixli 1853 nömrəli, "Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri"nin təsdiqi və bundan irəli gələn məsələlər haqqında" 2016-cı il 16 mart tarixli 1897 nömrəli sərəncamlarına və digər hüquqi aktlara uyğun olaraq, malların və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsinin sadələşdirilməsi və elektron gömrük xidmətlərinin daha da genişləndirilməsi məqsədilə "Yaşıl dəhliz", eləcə də beynəlxalq təcrübədə mövcud olan digər buraxılış sistemlərinin yaradılmasının təmin edilməsi ilə bağlı və digər istiqamətlərdə bir sıra mühüm tədbirlər həyata keçirilmişdir.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, fərmanda qeyd edilir ki, Nazirlər Kabineti Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının uyğunlaşdırılması ilə bağlı təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin; Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını iki ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin; mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə üç ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin; bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat verəcək.

Dövlət Gömrük Komitəsinə tapşıırılır ki, bu Fərmandan irəli gələn məsələlərin operativ həllini təmin edən müvafiq mexanizmlər hazırlasın və 2019-cu il fevralın 1-dən tətbiq etsin; bu Fərmandan irəli gələn məsələlərin həlli üçün digər aidiyyəti tədbirlər görsün.

Fərmanın 1-ci hissəsi 2019-cu il fevralın 1-dən qüvvəyə minir.