Nazirlik münasibət bildirdi


Digərləri 21 Dek 2018 20:24:00 768 0

Nazirlik münasibət bildirdi

Son.az xəbər verir ki, özünüməşğulluq proqramının icrası ilə bağlı bəzi KİV-də dərc olunan əsassız iddialara Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi münasibət bildirib. 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamına əsasən icra olunan özünüməşğulluq proqramına cari ildə əvvəlki illə müqayisədə 6 dəfədən çox olmaqla və əksəriyyəti xüsusi həssas qruplardan ibarət 7700-dən çox aztəminatlı ailə cəlb olunub. Bu şəxslərin sırasına 1300-dək məcburi köçkün, 1000-dək ünvanlı yardım alan, 300 nəfər müharibə veteranı, 1000-dən çox əlilliyi olan şəxs və digərləri daxildir.

Proqram iştirakçılarının mal və materiallarla təminatı satınalmalar üzrə qanunvericiliyin bütün tələblərinə uyğun şəkildə müqavilələr əsasında maddi-texniki və kadr potensialına malik şirkətlər tərəfindən həyata keçirilir. Artıq proqram iştirakçılarından 4 minə qədəri biznes-planlarına uyğun mal və materiallarla təmin ediliblər.

Həmin şirkətlər tərəfindən proqram iştirakçılarının mal və materiallarla təminatı işlərinə, verilən mal-materialların keyfiyyətinə nazirlik tərəfindən ciddi nəzarət olunur. Hər bir proqram iştirakçısına mal və materiallar verilərkən bu proses verilən mal-materialların keyfiyyəti, eyni zamanda, heyvandarlıq üzrə təsərrüfat quranlara  verilən mal-qara ilə bağlı onun rəyi, məmnunluğu mütləq şəkildə nəzərə alınmaqla akt əsasında rəsmiləşdirilir.

Onlar verilən mal-qaradan məmnun qaldıqları halda aktı imzalayaraq mal-qaranı qəbul edirlər. (Şəffaflığın, nəzarətin təmin edilməsi üçün həmin prosesin videoçəklişi də aparılır). Əks halda, həmin mal-qara yeniləri ilə əvəz olunur. Eyni zamanda baytarlar tərəfindən heyvanların sağlamlığını təsdiq edən rəy də verilir.

Proqramın icrası ilə bağlı aktivlərlə təmin edilmiş vətəndaşlar tərəfindən çoxsaylı təşəkkür məktubları da daxil olmaqdadır. Məktublarda aztəminatlı ailələr onlar üçün tam dövlət dəstəyi ilə kiçik ailə təsərrüfatları yaradıldığına görə dövlət başçısına minnətdarlıqlarını ifadə edirlər.


Xəbərə aid fotolar