Alimlərin rüsvayçı hesabatı gülüş doğurdu


Digərləri 21 Dek 2018 20:04:00 604 0

Alimlərin rüsvayçı hesabatı gülüş doğurdu

Milli Televiziya və Radio Şurasının Azərbaycanın televiziya kanallarının qeyri-xəbər proqramlarında ədəbi dilin leksik normasının pozulması ilə bağlı apardığı monitorinqin nəticələri cəmiyyətdə birmənalı qarşılanmayıb. Azərbaycan dilinin izahlı və orfoqrafiya lüğətlərində yer alan sözlərin ("əşi", "hələm-hələm", "rədd olsun", "çocuq", "qarantiya") yanlış kimi təqdim edilməsi monitorinqi gülüş hədəfinə çevirməklə yanaşı, dillə bağlı monitorinqlərə böyük bir inamsızlıq aşılayır.

Adətən, belə monitorinqlərdən sonra efirdə, aparıcılarda ciddi bir silkələnmə müşahidə edilir və onlar yanlışlarını aradan qaldırmağa çalışırlar. Lakin bu dəfə təəssüf ki, aparıcılar monitorinqi gülüş və istehza ilə qarşılayıblar.

Əlbəttə, lüğətlərimizdə mövcud olan sözlərin yanlış kimi təqdim edilməsi heç bir halda birmənalı qəbul edilə bilməz.

MTRŞ-dan verilən məlumata görə, monitorinqi MTRŞ-nin dəstəyi ilə dilçi alimlər - Bakı Dövlət Universitetinin dosenti, filologiya üzrə fəlsəfə doktoru Mehriban Əlizadə və filologiya üzrə fəlsəfə doktoru, dosent Təranə İsmayılova aparıb.

Son.az xəbər verir ki, "Lider", ARB və "Xəzər" televiziyalarında gedən verilişlərdə dil normalarının pozulması ilə bağlı monitorinqi aparan filologiya üzrə fəlsəfə doktoru Mehriban Əlizadə Kult.az-a açıqlamasında sözügedən ziddiyyəti belə izah etməyə çalışıb:

"Kanallarımızda işlənən "Sən öləsən, qanın getdi", "döşəyin gəlsin" ifadələri loru ifadə (bizim dilçi alimlərimiz canlı danışıq dilinə "loru dil, loru ifadə" deyirlər - red.) tərzinin nümunəsidir. Bu, frazeoloji birləşmədir, amma ictimai yerdə kiməsə "sən öləsən, qanın getdi" demək yaxşı səslənmir".

Mehriban Əlizadə "qarantiya" sözünün Azərbaycanın lüğət fondunda olduğu halda niyə qüsur kimi göstərilməsi məsələsinə isə bu cür cavab verib:

"Qarantiya" sözü "zəmanət" formasında daha çox işlənir. Dilimizdə paralel olaraq işlənən eyni və ya yaxın mənanı verən sinonim sözlər var. Amma bunların içərisində xalq dilində hansı daha çox işlənirsə, anlaşıqlıdırsa, həmin sözdən istifadə etmək daha məqsədəuyğundur".