İlk görüşdə hesabı kim ödəməlidir?


Digərləri 21 Dek 2018 20:09:00 312 0

İlk görüşdə hesabı kim ödəməlidir?

Bütün sevgi münasibətlərində ilk görüş unudulmaz olur. Hər kəs qarşı tərəfi tanımağa çalışır. Bunun üçün kimisə üzbəüz görmək, söhbətləşmək lazımdır. Belə olan zaman gərək əlini də cibinə salasan.

"Alman hesabı" deyilən bir anlayış var. Bu praktikaya görə, hər kəs  öz hesabını ödəyir.  Azərbaycanda çox vaxt hesab bəylərin üzərinə düşür. Əksər qadınlar və kişilər düşünür ki, hesabı bəylər ödəməlidir.

Bəs ilk görüşdə hesabı kim ödəməlidir?

Son.az oxu.az-a istinadən bildirir ki, şair Rəbiqə Nazimqızının sözlərinə görə, Azərbaycanda elə kişi var ki, qadın hesabı verəndə, ya hesabı bölüşəndə bunu özünə təhqir bilir:

"Eləsi də var, əksinə, düşünür ki, mütləq bölüşmək lazımdır. Alfonslar da var, o heç. Ümumiyyətlə, məncə, hesabı təklif gələn tərəf ödəməlidir, əgər sevgili, ya ər, qardaş deyilsə. Ya da hesab bölüşülməlidir".

"Trend" informasiya agentliyinin müxbiri Samir Güləliyev bildirib ki, belə hallarda alicənablıq mənasında hesabı kişi verir:

"Belə deyək ki, bu, yazılmamış qanundur. Ola bilər ki, bu ərəfədə qadın imkanlı olar və kişiyə yazığı gələr, hesabı özü verər. Belə dostcanlı qadınlar da var. Bax, onda həmin qadın kişinin ən sevimli insanına çevrilir".

Jurnalist Müşfiqə Bayramlı bildirib ki, ilk görüşdə ancaq oğlan hesabı ödəməlidir deyə bir yanaşma düzgün deyil:

"İlk görüşə əgər oğlan dəvət edirsə, xanım onun ödəməsinə şərait yaratmalıdır. Sadəcə, nəzakət xətrinə qadın təklif edə bilər. Haşiyədən kənara çıxıram, amma əksər xanımlar düşünürlər ki, yanımda oğlan ola-ola mənim ödəməyim düzgün deyil. Hər zaman hesabı  o ödəməlidir. Bu, yanlış təfəkkürdür. Əslində, neçənci görüşdən asılı olmayaraq, hesablar bərabər ödənilməlidir".

Tədqiqatçı jurnalist, mühacirətşünas Dilqəm Əhməd deyir ki, ilk görüşdə hesabı kişi ödəməlidir:

"Münasibət görüşüdürsə, hesabı kişi ödəməlidir. Hər hansı bir işlə bağlıdırsa, işi düşən tərəf ödəsə, yaxşıdır. Olub ki, məndən bir xanım məsləhət alıb, görüşmüşük, hesabı o ödəyib".