Ekspert: "The Guardian" Azərbaycanın inkişafından, müstəqil siyasətindən məmnun qalmayan dairələrin sifarişini yerinə yetirdiyini bir daha göstərdi"


Siyasət 21 Dek 2018 19:17:00 379 0

Ekspert: "The Guardian" Azərbaycanın inkişafından, müstəqil siyasətindən məmnun qalmayan dairələrin sifarişini yerinə yetirdiyini bir daha göstərdi"

Azərbaycan cəmiyyətinə motivləri və məzmunu yaxşı bəlli olan "The Guardian" qəzetindəki son məqalə dövlətimizə və şəxsən Prezidentə qarşı ifrat şər-böhtan kampaniyasının yeni nümunəsi kimi qəbul olunmalıdır.

Son.az bildirir ki, bunu Trend-ə açıqlamasında "Bakı xəbər" qəzetinin baş redaktoru, siyasi ekspert Aydın Quliyev deyib.

Ekspert bildirib ki, əslində Azərbaycan xalqı "The Guardian"ın ölkəmizə və Prezident İlham Əliyevin fəaliyyətinə hansı motiv və sifarişlərlə yanaşdığını çox yaxşı bilir:

"Hər dəfə ölkəmiz mühüm bir layihənin tamamlanması və ya təqdimatı ərəfəsində olanda belə qaralama cəhdlərinin şahidi oluruq. Əlbəttə, Azərbaycanın tam müstəqil və yalnız dövlətimizin maraqlarına söykənən güzəştsiz xarici siyasəti düşmənlərimizin hər zaman apardığı qarayaxma kampaniyalarının əsas motivi olub və bu gün də özünü göstərməkdədir. Xüsusilə onu qeyd etmək vacibdir ki, Azərbaycanın Rusiya, İran, Türkiyə, Mərkəzi Asiya ölkələri kimi potensiallı qonşuları ilə tam anlaşıqlı və qarşılıqlı faydalı münasibətlər qurmasını həzm edə bilməyən məlum beynəlxalq dairələr "The Guardian" kimi buyruqçu olan media qurumlarını ortalığa atmaqdan çəkinmirlər. Nəzərə alsaq ki, Azərbaycanın iri həcmdə qazını Avropaya daşıyacaq dəhlizin reallaşmasının artıq son mərhələdə olduğunu, Şimal-Cənub kimi böyük dəhlizin artıq işə düşmək ərəfəsində olduğunu, həmçinin Azərbaycan Prezidentinin dünyanın əsas qüvvələrini tam müstəqil xarici siyasət kursundan dönüşün mümkünsüzlüyünə inandırdığını nəzərə alsaq, belə şəraitdə "The Guardian"ın köhnə böhtanlara yenidən əl atması təsadüf deyil".

A.Quliyev xatırladıb ki, 2015-ci ildə məhz həmin "The Guardian" Azərbaycan əleyhinə sifarişli qərəzin və əsassız kin-küdurətin elə bir səviyyəsinə çatdı ki, hətta tam başqa bir ölkəyə aid olduğu çox qısa müddətdə sübut edilmiş bir neçə şəkilin altında Azərbaycanla bağlı məqalə çap etdi:

"Biz bu böhtançı taktikanın mahiyyətini sayılan günlər ərzində ifşasının şahidi olduq. Bütün dünya bir daha gördü ki, obyektivlikdən danışan "The Guardian" əslində Azərbaycana münasibətdə nifrət və qərəz yuvası imiş. Bu günlərdə də "The Guardian"ın Azərbaycan barədə yazdıqları cəmiyyətimizin dəfələrlə qarşılaşdığı yalanlardan başqa şeylər deyil. "The Guardian" onun arxasında dayanan bəzi qisasçı qüvvələrin, ermənipərəst dairələrin sifarişini icra edir. Sifariş və haqqı odənilən mənafelər olan yerdə həqiqət qətiyyən ola bilməz. "The Guardian" Azərbaycanın inkişafından, dost ölkələrə verdiyi təmənnasız töhfələrdən və müstəqil siyasətindən məmnun qalmayan dairələrin sifarişini yerinə yetirdiyini bir daha göstərdi".

Son.az