Milli standartların beynəlxalq standartlara uyğunlaşdırılmasına dair tədbir keçirilib


Digərləri 21 Dek 2018 18:07:00 426 0

Milli standartların beynəlxalq standartlara uyğunlaşdırılmasına dair tədbir keçirilib

“Milli standartların beynəlxalq standartlaşdırma sisteminə uyğunlaşdırılması: mövcud vəziyyət və perspektivlər” mövzusunda tədbir keçirilib.

Bakı. Bakı Biznes Mərkəzində İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə “Milli standartların beynəlxalq standartlaşdırma sisteminə uyğunlaşdırılması: mövcud vəziyyət və perspektivlər” mövzusunda tədbir keçirilib. Nazirlikdən Trend-ə verilən məlumata görə, tədbirdə İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov Azərbaycan Prezidentinin rəhbərliyi ilə sənayenin modernləşdirilməsi, qeyri-neft sənayesinin şaxələndirilməsi və innovasiyalar əsasında inkişafı ilə bağlı sistemli tədbirlərin həyata keçirildiyini vurğulayıb. Bildirilib ki, bu sahədə proqram xarakterli sənədlər qəbul olunub, yeni qanunvericilik bazası formalaşdırılıb, biznes və investisiya mühitinin yaxşılaşdırılması, sahibkarlıq fəaliyyətinin dəstəklənməsi ilə bağlı islahatlar aparılıb və təşviq mexanizmləri tətbiq edilib. Nazir müavini Azərbaycanda standartların tətbiqi, keyfiyyətli xidmətlərin göstərilməsi və qeyri-neft sektoru üzrə istehsal və ixracın beynəlxalq tələblərə uyğunlaşdırılmasının əhəmiyyətini qeyd edib. Azərbaycan Standartlaşdırma İnstitutunun (AZSTAND) direktoru Namiq Tağıyev texniki tənzimləmə və standartlaşdırma sahəsində aparılan islahatların əsas məqsədinin ölkə iqtisadiyyatının rəqabət qabiliyyətinin artırılması, istehsal olunan məhsulların və göstərilən xidmətlərin xarici bazarlara maneəsiz ixrac edilməsi olduğunu qeyd edib. İnstitut tərəfindən “Texniki tənzimləmə haqqında” və “Standartlaşdırma haqqında” yeni qanun layihələrinin Milli Məclisdə birinci oxunuşdan keçdiyi, “Milli standartlaşdırma sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılmasına dair 2018-2025-ci illər üzrə Dövlət Proqramı”nın layihəsinin hazırlanması, eyni zamanda ölkəmizin standartlaşdırma üzrə beynəlxalq qurumlarda təmsilçiliyinin təmin olunması kimi məsələlər də tədbir iştirakçılarının diqqətinə çatdırılıb. Qeyd olunub ki, Dövlət Proqramının layihəsində Avropa İttifaqının direktiv və reqlamentləri əsasında 45-dək milli texniki reqlamentin hazırlanması, istinad standartlarının qəbulu nəzərdə tutulur. Beynəlxalq və Avropa standartlarının ölkədə tətbiqi, texniki komitələrin fəaliyyəti barədə məlumat verən Namiq Tağıyev beynəlxalq əməkdaşlıq üzrə keyfiyyət infrastrukturu sahəsində 20-dək hökumətlərarası sazişin olduğunu, İSO-nun 11 texniki və 4 xüsusi komitəsində Azərbaycanın təmsil olunduğunu bildirib. Türk Standartları İnstitutunun Azərbaycan nümayəndəliyinin rəhbəri Gülhan Yüzereroğlu Türk Standartları İnstitutunun beynəlxalq standartlara uyğunlaşma prosesi və bu prosesin sənayenin inkişafına təsirləri, eləcə də sənaye müəssisələrinin fəaliyyətinin beynəlxalq standartlara uyğun təşkili sahəsində əməkdaşlığa dair fikirlərini bölüşüb.