DOST Agentliyinin Müşahidə Şurasının ilk iclası keçirilib


Digərləri 21 Dek 2018 17:18:00 331 0

DOST Agentliyinin Müşahidə Şurasının ilk iclası keçirilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin (DOST) Müşahidə Şurasının ilk iclası keçirilib.

Bakı. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin (DOST) Müşahidə Şurasının ilk iclası keçirilib. ƏƏSMN-dən Trend-ə verilən məlumata görə, Prezident İlham Əliyevin 2018-ci il 10 dekabr tarixli Fərmanı ilə Agentliyin təsdiq olunmuş Nizamnaməsinə əsasən, Agentliyin idarəetmə orqanları kimi Müşahidə Şurası və İdarə Heyəti yaradılıb. Nizamnaməyə uyğun olaraq, Müşahidə Şurası 7 üzvdən ibarət olmaqla, Şuranın sədri əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, üzvləri Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi Gündüz Kərimov, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, Kiçik və Orta Biznesin İnkişafı Dövlət Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Möhbalıyev, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Milli Konfederasiyasının prezidenti Məmməd Musayev və əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyevdir.