İlham Əliyev fenomeni


Siyasət 21 Dek 2018 16:39:00 645 0

İlham Əliyev fenomeni

http://newtimes.az/az/politics/5950/

Son.az bildirir ki, Newtimes.az analitik məqalə ilə çıxış edib. Məqaləni oxucularımıza təqdim edirik:

Artıq 15 ildir ki, müstəqil Azərbaycan dövlətinə İlham Əliyev rəhbərlik edir. Dünya üçün risklərlə dolu olan bir dövrdə Cənubi Qafqaz kimi mürəkkəb geosiyasi məkanda uğurlu siyasət aparmaq böyük qüdrət tələb edir. Təcrübə göstərir ki, Azərbaycan Prezidenti bu aspektdə olduqca uğurlu lider-rəhbərdir. Çünki keçən müddətdə Azərbaycan Cənubi Qafqazın lider dövlətinə çevrilib. Hazırda ölkənin beynəlxalq aləmdə nüfuzu yüksəkdir və bu proses durmadan davam edir. Azərbaycanın əməkdaşlıq imkanları günü-gündən daha da genişlənir. Ölkə ciddi beynəlxalq layihələrin həyata keçirilməsində mühüm rol oynayır. Bu istiqamətdə də inkişaf özünü göstərir.

Bütövlükdə daxili və xarici siyasətin hər bir sferasında Azərbaycan nailiyyətlər əldə edir. Azərbaycanın təşəbbüsü ilə mədəniyyətlər və sivilizasiyalar arasında qurulan əməkdaşlıq və dialoq konkret məzmun kəsb edib. Məsələyə geniş prizmadan yanaşdıqda, Prezident İlham Əliyevin sistemli, əhatəli və müasir tələblərə tam cavab verən siyasət həyata keçirməklə Azərbaycanı zirvələrdən-zirvələrə, uğurlardan-uğurlara apardığı aydın görünür. Bu məqam üzərində daha geniş dayanmağa ehtiyac duyuruq.

Ulu öndərin siyasi varisi: qalibiyyət formulu

Qlobal transformasiya proseslərinin mürəkkəb dövründə layiqli siyasi varis olmaq çətin vəzifədir. Xüsusilə Ulu öndər Heydər Əliyev kimi müdrik liderin işlərini ləyaqətlə davam etdirmək böyük bacarıq tələb edir. Prezident İlham Əliyev sübut etdi ki, dahi siyasətçinin və böyük dövlət xadiminin ən layiqli varisidir. Bütün dünyada olduqca intensiv, gərgin, ziddiyyətli və qarışıq proseslərin getdiyi, qlobal trendlərdə qeyri-müəyyənliyin hökm sürdüyü bir mərhələdə müstəqil dövlət quruculuğu kursunu yaradıcı şəkildə inkişaf etdirmək, əlbəttə, tarixi xidmətdir. Azərbaycan xalqı özünü xoşbəxt saya bilər.

Bu, adi söz deyil. Diqqət edək, Cənubi Qafqazda geosiyasi, iqtisadi, hərbi və siyasi vəziyyət riskli məqamlarla doludur. Gürcüstanda və Ermənistanda siyasi hakimiyyət məsələsi hələ tam sabitləşməyib. Ekspertlər qeyd edirlər ki, həmin ölkələrdə hansı siyasətçinin konkret hansı kursu götürəcəyi məlum deyil. Bu baxımdan həmin ölkələrdə siyasi və geosiyasi prosesləri proqnozlaşdırmaqda qeyri-müəyyənlik vardır. Bu da avtomatik olaraq həmin dövlətləri tərəfdaş olaraq elə də etibarlı etmir. Çünki hazırda qlobal dünya siyasətində "sərmayə riskləri" deyilən bir ifadəyə ciddi fikir verilir. Sərmayə riski yüksək olan ölkələrlə işbirliyi səmərə vermir.

Artıq böyük dövlətlər və iri şirkətlər sabitliyin, dayanıqlı inkişafın və konkret fəaliyyət kursunun mövcud olduğu, riskləri olmayan ölkələrlə əməkdaşlığa üstünlük verirlər. Bu baxımdan statistik məlumatlar göstərir ki, dünyanın bütün dövlətləri Cənubi Qafqazda tərəfdaş kimi ilk olaraq Azərbaycanı seçirlər. İmzalanan sazişlər, reallaşan layihələr, logistik-tranzit göstəricilər, əməkdaşlıq formatlarının tətbiqi, xarici siyasətdə sabit mövqe və s. bu kimi parametrlərə görə Azərbaycan regionun həqiqi lideridir.

Bəs bu statusu Azərbaycan necə qazana bilib? Ekspertlərin cavabı konkretdir: Azərbaycan belə uğurları Ulu öndər Heydər Əliyevin layiqli siyasi varisi Prezident İlham Əliyevin həyata keçirdiyi düşünülmüş, müasir tələblərə tam cavab verən, milli dövlətçiliyə daim üstünlük verən inkişaf kursunun sayəsində əldə edib. Faktlar da bunu tam təsdiq edir. Onların bir qisminə nəzər salaq.

Əvvəlcə onu vurğulayaq ki, Prezident İlham Əliyevin fəaliyyəti dövründə Azərbaycanda demokratik təsisatlar çox möhkəmləndirilib. O cümlədən siyasi plüralizm, insan hüquq və azadlıqları tam təmin edilib. Ümumi səviyyədə vətəndaş cəmiyyəti institutlarının islahatlarla gücləndirilməsi prosesi düşünülmüş şəkildə və sistemli aparılıb. Bunların sübutu ölkədə 55 siyasi partiya, 3 mindən çox qeyri-hökumət təşkilatı (4 mindən çox qeyri-kommersiya təşkilatı) və 5 mindən artıq kütləvi informasiya vasitələrinin mövcudluğudur.

Bunlardan başqa, Azərbaycanda sıralarında 2 milyona yaxın insanı birləşdirən həmkarlar ittifaqları sərbəst fəaliyyət göstərir. Məlumdur ki, həmkarlar təşkilatları işçilərin hüquqlarını ən şəffaf şəkildə müdafiə edən qurumlardır. Cənubi Qafqazda ən güclü həmkarlar təşkilatı Azərbaycandadır.

Ayrıca vurğulayaq ki, ölkədə vətəndaş cəmiyyəti institutlarının imkanlarının artırılmasına böyük qayğı göstərilir. Məsələn, 2007-ci ildə "Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Konsepsiyası" təsdiq edilib. Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası yaradılıb. Vətəndaş cəmiyyəti üçün səciyyəvi olan digər institutlar da inkişafdadır. Bu kontekstdə insan haqlarının qorunması, söz və məlumat azadlığının təmin olunması, demokratik, plüralist mətbuatın formalaşması ilə bağlı atılan addımları qeyd etmək lazımdır. Ölkədə KİV-lərin ümumi sayı 5 mini, internet saytlarının sayı isə 20 mini keçib. Azərbaycan əhalisinin 80 faizi internet istifadəçisidir. 3 milyon insan sosial şəbəkədən istifadə edir. Bu, böyük bir rəqəmdir. Bu o deməkdir ki, Azərbaycan cəmiyyəti kifayət qədər fəaldır, ölkədə baş verən proseslərə reaksiya verə bilir. Belə amillər vətəndaş cəmiyyətinin formalaşmasında mühüm rol oynayır.

Dövlət başçısı reallaşdırdığı ardıcıl, sistemli və düşünülmüş kurs nəticəsində iqtisadi sahədə də böyük nailiyyətlər əldə edib. Artıq Azərbaycanda bazar iqtisadiyyatına keçid prosesi başa çatıb. İndi ÜDM-də özəl sektorun payı 80 faizdən çoxdur. Rəqabət qabiliyyətinə görə Azərbaycan aparıcı mövqelərdən birindədir. Makroiqtisadi sabitlik bərqərar olub. İqtisadiyyatın şaxələndirilməsi istiqamətində səmərəli addımlar atılmaqda davam edir. Regionların sosial-iqtisadi inkişafına dair üç dövlət proqramı icra olunub.

Qeyri-neft sənayesi də ardıcıl şəkildə inkişaf etdirilir. Müasir texnologiyalara əsaslanan minlərlə yeni müəssisə fəaliyyətə başlayıb. Çoxsaylı sənaye parkları və məhəllələri, texnoparklar yaradılıb, zavodlar tikilib. Yeni istehsal sahələri yaradılıb və bir sıra sahələr genişləndirilib. Qeyri-neft sənayesinin ixrac imkanları artırılıb. İnnovativ istehsal inkişaf etdirilir.

Aqrar sektorda da inkişaf göz qabağındadır. 2003-2018-ci illərdə meliorasiya tədbirlərinə ayrılan vəsaitin həcmi 6 dəfə artırılıb. Bu sahəyə əsaslı kapital qoyuluşu 21 dəfə artıb. Ölkədə 4 iri su anbarı (Taxtakörpü, Şəmkirçay, Göytəpə və Tovuzçay), 4 min kilometr suvarma kanalları, 2,4 min kilometr kollektor-drenaj şəbəkələri tikilib və bərpa olunub, 360 min hektar torpağın su təminatı, 264 min hektar sahədə meliorativ vəziyyət yaxşılaşdırılıb, 219 min hektar yeni suvarılan torpaq sahəsi əkin dövriyyəsinə daxil edilib.

Bütövlükdə götürdükdə, son 15 il ərzində Azərbaycan iqtisadiyyatı 3,2 dəfə artıb. Bu müddət ərzində qeyri-neft sektoru 2,8 dəfə, sənaye istehsalı 2,6 dəfə, kənd təsərrüfatı isə 1,7 dəfə artıb. Azərbaycanın valyuta ehtiyatları 46 milyard dollara çatdırılıb. 2003-2018-ci illərdə ölkə iqtisadiyyatına 250 milyard dollar investisiya qoyulub.

İlham Əliyevin sosial siyasəti də müsbət aspektdə çox fərqlənir. Prezidentin təşəbbüsü ilə əhalinin sosial müdafiəsini gücləndirmək istiqamətində ciddi tədbirlər həyata keçirilməkdədir. 15 il ərzində ölkədə 1,9 milyon yeni iş yeri açılıb və bu proses sürətlə davam edir. Maaşlar 5 dəfədən, pensiyalar isə 8 dəfədən çox artırılıb. Ötən müddətdə işsizlik səviyyəsi 5 faizə, yoxsulluq isə 49 faizdən 5,4 faizə endirilib. İlham Əliyevin ölkədə ictimai və sosial xidmətlər sahəsində ciddi institusional islahatlar aparmasını bütün dünya alqışlayır. "ASAN xidmət" mərkəzlərinin yaradılması bu istiqamətdə əsl inqilab hesab olunur. "ASAN xidmət" indi dünyada Azərbaycanın brendi kimi tanınır. Bundan başqa, dövlət başçısı 2018-ci ilin avqustunda əhalinin məşğulluğu, əmək və sosial müdafiəsi ilə bağlı çevik və innovativ xidmətlər göstərilməsi üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nəzdində "Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi"ni (DOST) yaradıb.

Hamı İlham Əliyevin şəhid ailələri, müharibə veteranları və əlillərinə necə yüksək qayğı ilə yanaşdığını çox gözəl bilir. Son 15 il ərzində şəhid ailələrinə və müharibə əlillərinə dövlət hesabına 5500-dən çox fərdi ev və mənzil verilib. Onlar 6 mindən çox minik maşını alıblar. Məcburi köçkünlərin problemlərinin həlli sahəsində genişmiqyaslı işlər görülüb. Yeni salınmış 100-dən artıq qəsəbə və şəhərcikdə 265 min nəfər məskunlaşdırılıb. Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı görülən işləri isə bütün dünya bilir. Bu kənd artıq məşhurdur.

Ölkə rəhbəri İlham Əliyevin ordu quruculuğu sahəsində həyata keçirdiyi proqramlar olduqca böyük səmərə verir. Hazırda Azərbaycan Ordusu Cənubi Qafqazın ən güclü Silahlı Qüvvələridir. Bu ordu Prezidentin qarşıya qoyduğu istənilən vəzifəni yerinə yetirməyə qadirdir. 2016-cı ilin Aprel döyüşləri və Naxçıvan əməliyyatı bunu bir daha təsdiq etdi. Təsadüfi deyil ki, Ermənistan Azərbaycan Ordusunun ən müasir silahlarla təmin edilməsindən bərk narahatdır. Ermənistan rəhbərliyi çaşqın halda hətta öz müttəfiqlərini belə ittiham edir, onları Azərbaycanla hərbi əməkdaşlıqda günahlandırır. Ancaq həmin dövlətlər Ermənistana nə qədər yaxın olsalar da, Prezident İlham Əliyevin haqlı mövqeyini dəstəkləyirlər. Onların Azərbaycan dövlətinin başçısı ilə çox yaxşı münasibətləri var, qarşılıqlı etimad mövcuddur və istənilən səviyyədə əməkdaşlıq etməyə hazırdırlar. Siyasi liderin gücü və qüdrəti, inamı və qətiyyəti budur!

Prezident İlham Əliyev enerji-nəqliyyat siyasətini dövlətin milli təhlükəsizliyini maksimum dərəcədə təmin etmək çərçivəsində böyük uğurla inkişaf etdirir. Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri, Bakı-Tbilisi-Qars dəmir yolu layihələri bunun konkret təsdiqlərindəndir. Təkcə Cənubi Qafqazın deyil, həm də Avropanın enerji xəritəsində ciddi dəyişiklik edən Cənub Qaz Dəhlizi indi dünya ekspertlərinin analiz etdikləri və proqnozlar verdikləri əsas obyektlərdən biridir. Bu kontekstdə TAP və TANAP bütün dünyanın maraq dairəsindədir. Qeyd edilən faktların fonunda Azərbaycanın mövqeyinin konseptual səviyyədə olduğunu sübut edən məqam 1994-cü il sentyabrın 20-də Bakıda imzalanmış "Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Azəri", "Çıraq" yataqlarının və "Günəşli" yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında Saziş"in ("Əsrin müqaviləsi") müddətinin 2017-ci il sentyabrın 14-də 2050-ci ilə qədər uzadılmasıdır. Bu hadisə rəsmi Bakının sistemli, düşünülmüş və əsaslı fəaliyyət göstərdiyinin çox gözəl nümunəsidir.

Bunlarla yanaşı, dəfələrlə vurğulandığı kimi, Azərbaycan Şərq-Qərb, Şimal-Cənub, Cənub-Qərb nəqliyyat dəhlizlərinin Cənubi Qafqazda qovşağıdır, onların işləməsində çox fəal iştirak etməkdədir. Bu, Prezident İlham Əliyevin birbaşa fəaliyyətinin nəticəsində mümkün olub. Hazırda Azərbaycan Avrasiyada mühüm tranzit və logistika mərkəzlərindən birinə çevrilib.

Xarici siyasət: çevik və səmərəli kursun bəhrələri

Bu kimi nailiyyətlərin fonunda Azərbaycan Prezidentinin sivilizasiyalar, mədəniyyətlər və dinlər arasında dialoqun təşkilinə xidmət edən proqramları ayrıca əhəmiyyət daşıyır. Azərbaycan uğurlu mədəniyyət siyasətini də həyata keçirdiyini nümayiş etdirir. Bakı nəinki Azərbaycanda və Cənubi Qafqazda, hətta Avropada və dünyanın başqa məkanlarında bir sıra mədəni layihələrə imza atıb. Heydər Əliyev Fondunun Romada və Parisdə reallaşdırdığı proqramlar haqqında siyasi liderlər ən yüksək səviyyədə xoş fikirlər ifadə edirlər. Bu kimi hallar artıq sistemli xarakter alıb və Azərbaycan mədəniyyətini dünyada tanıtmaqla yanaşı, digər xalqların da mədəni abidələrinin qorunmasında və saxlanılmasında ciddi rol oynayır. Prezident İlham Əliyevin 2016-cı ili Azərbaycanda "Multikulturalizm İli" elan etməsi də təsadüfi deyil. Multikulturalizm ölkəmizdə dövlət siyasəti səviyyəsinə yüksəldilib. İndi dünyada Azərbaycanın multikulturalizm modelindən bəhs edirlər. 2008-ci ildə İlham Əliyevin təşəbbüsü ilə yaradılmış "Bakı Prosesi" isə mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun interaktiv beynəlxalq platformasi kimi öz yerini tam möhkəmlədib.

Təbii ki, Prezident İlham Əliyevin səmərəli fəaliyyətindən danışarkən, xarici siyasət kursunu ayrıca vurğulamaq lazımdır. Çünki dövlət başçısı bu istiqamətdə çox böyük uğurlar əldə edib və bu proses bütün tempi ilə davam edir. Hər şeydən əvvəl, İlham Əliyevin xarici siyasət kursunun əsasını Ulu öndər Heydər Əliyevin müəyyən etdiyi xarici siyasət xətti təşkil edir. Dövlət başçısı sürətlə dəyişən geosiyasi mühitdə ziddiyyətli və riskli dönəmdə xarici siyasəti səmərəli istiqamətdə inkişaf etdirir. Bunu həm Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı atılan addımlar, həm də xarici siyasətin bütün prioritet istiqamətləri üzrə həyata keçirilən proqramlar sübut edir.

Dövlət başçısı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı prinsipial mövqeyini belə ifadə edib: "Azərbaycan heç vaxt öz ərazi bütövlüyünün pozulması ilə barışmayacaq, torpaqlarında ikinci erməni dövlətinin yaranmasına yol verməyəcəkdir. Ölkəmizin ərazi bütövlüyü tam bərpa edilməli, azərbaycanlılar əzəli yurdlarına qayıtmalıdırlar". Prezident İlham Əliyev bütün fəaliyyəti boyu bu prinsipin həyata keçirilməsinə var gücü ilə çalışıb və bir sıra uğurlar əldə edib.

Beynəlxalq təşkilatlar Prezident İlham Əliyevin diplomatik müdrikliyi nəticəsində Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən sənədlər qəbul edərək münaqişənin beynəlxalq hüquq normaları çərçivəsində həll edilməsi zərurətini vurğulayıblar. Artıq münaqişənin yalnız bu variantda həll oluna biləcəyi bütün səviyyələrdə vurğulanır. Bu, Ermənistan diplomatiyasına vurulan ağır zərbədir. Bir daha xatırladaq ki, həmin prosesdə İlham Əliyevin bir neçə il öncə yaratdığı hücum diplomatiyası ciddi rol oynayıb.

Artıq BMT Baş Assambleyası və Təhlükəsizik Şurasının qətnamələrində, AŞPA-nın, Avropa Parlamentinin qətnamələrində, Avropa İttifaqının "Şərq tərəfdaşlığı" sammitinin bəyannaməsində və Avropa İttifaqı-Azərbaycan "Tərəfdaşlıq Prioritetləri" razılaşmasında, Qoşulmama Hərəkatı dövlət və hökumət başçılarının XVI (Tehran, 2012) və XVII (Marqarita, 2016) sammitlərinin, İƏT-in XI (Seneqal, 2008) və XII (Misir, 2013) zirvə toplantılarının yekun sənədlərində, ECO-nun 13-cü sammitinin (İslamabad, 2017) yekun bəyanatında Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi açıq ifadə edilib. Bunlardan başqa, NATO-nun kommunikelərində Cənubi Qafqazdakı münaqişələrin ölkələrin ərazi bütövlüyü, suverenliyi və Helsinki Yekun Aktına əsaslanaraq həll edilməsi prinsipi öz əksini tapıb.

Prezident İlham Əliyevin birbaşa fəaliyyəti nəticəsində 2011-ci ildə Azərbaycan 155 dövlətin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilib. Azərbaycan Avropa İttifaqına üzv olan 9 ölkə ilə strateji tərəfdaşlıq əlaqələri qurub. Azərbaycanın uzaq Çinlə də çox yaxşı əməkdaşlığı mövcuddur. Prezident İlham Əliyevin bu ölkəyə səfərləri bu prosesdə həlledici rol oynayıb.

Azərbaycanın dövlət başçısı yeni regional əməkdaşlıq formatlarının təşəbbüskarıdır. Üçtərəfli və dördtərəfli əməkdaşlıq formullarının reallaşdırılması cənab Prezidentin adı ilə bağlıdır. Bunun nəticəsidir ki, Azərbaycan-Türkiyə-Rusiya, Azərbaycan-Türkiyə-İran, Azərbaycan-Gürcüstan-Türkiyə, Azərbaycan-Rusiya-İran, Azərbaycan-Türkiyə-Türkmənistan kimi üçtərəfli əməkdaşlıq formatları real səmərəli nəticələr verməkdədir. Azərbaycan Prezidentinin dördtərəfli əməkdaşlıq formulu da konkret bəhrələrini verir.

Bunlardan başqa, dövlət başçısı Cənub Qaz Dəhlizi layihəsi çərçivəsində beynəlxalq əməkdaşlıq qrupunun yaradılmasının təşəbbüskarıdır. Bu format bütün dünya tərəfindən olduqca səmərəli model kimi qəbul edilir. Şübhə yoxdur ki, yeni əməkdaşlıq formatları çoxlu sayda xalqın rifahının yüksəldilməsində, sülh və barışın təmin edilməsində əvəzedilməz rolunu oynamaqda davam edəcək. Böyük dövlətlərin liderləri bunu açıq ifadə edirlər.

İlham Əliyevin fəaliyyəti göstərir ki, Azərbaycanda dövlət quruculuğu çox etibarlı əllərdədir. Bütün istiqamətlərdə yüksək səviyyədə nailiyyətlər əldə edilib və Azərbaycan hazırda regionun lider dövləti statusundadır. Ekspertlər Azərbaycanı "sabitlik adası" adlandırırlar. XXI əsr həm də sürətlə dəyişən proseslərlə xarakterizə olunduğundan, insan amilinə diqqət daha böyük qayğı tələb edir. İnsanın inkişafı bütövlükdə dünyanın başlıca probleminə çevrilib. İlham Əliyevin inkişaf konsepsiyasında insan kapitalının inkişafı başlıca məqsəd olaraq göstərilib. Bu o deməkdir ki, bütün inkişaf konsepsiyasının mərkəzində insan amili dayanır. Bu baxımdan Azərbaycan yüksək hədəfləri olan müstəqil dövlətdir. Onun gələcəyi haqqında olduqca nikbin proqnozlar verilir.

İlham Əliyev həm də XXI əsrin siyasi liderləri üçün zəruri olan strateji və kreativ təfəkkür sahibidir. Bu yüzildə millətlərin tərəqqisi həmin keyfiyyətlərə malik liderlərin olmasından çox asılı olacaq. Azərbaycanda dövlət quruculuğu yuxarıda vurğulanan məqamlara görə daha da uğurlu məzmun kəsb edəcək. Ən çətin və mürəkkəb zamanlarda burada sistemli və ardıcıl siyasət həyata keçirilib və bundan sonra da belə olacaq. Azərbaycan xalqı öz liderinə arxadır. İlham Əliyevin atdığı hər bir addımı cəmiyyət tam olaraq dəstəkləyir. Bu həmrəylik şəraitində dünyanın Azərbaycan adlanan müstəqil dövləti gələcəyə və daha yüksək zirvələrə doğru öz rəhbərinin seçdiyi kursla inamla irəliləməkdədir.