Bakıda "Onlayn media və müəllif hüquqları" mövzusunda konfrans keçirildi


Digərləri 21 Dek 2018 16:04:00 556 0

Bakıda "Onlayn media və müəllif hüquqları" mövzusunda konfrans keçirildi

Jurnalistlərin Həmkarlar İttifaqının təşkilatçılığı (JuHİ) ilə Bakı şəhərində "Onlayn media və müəllif hüquqları" mövzusunda konfrans keçirib. "Sputnik.az"ın konfrans zalında keçirilən konfransa ənənəvi KİV, onlayn media təmsilçiləri və internet fəalları qatılıblar.

Son.az bildirir ki, tədbir, Azərbaycan Respublikasının Prezidenti yanında  Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun  maliyyə yardımı ilə həyata keçirilən "İnternet media  resurslarında  müəllif hüquqlarının qorunmasının mexanizmləri və hüquqi bazası" layihəsi çərçivəsində baş tutub.

Layihənin koordinatoru Müşfiq Ələsgərli bildirib ki, tədbirin  keçirilməsində məqsəd KİV işçilərində, xüsusən, internet üzərindən xəbər yayan informasiya istehsalçılarında müəllif hüquqlarının qorunmasının vacibliyi barədə təsəvvür formalaşdırmaqdan ibarətdir: "İnternetin inkişafı KİV-də müəllif hüqqlarının qorunmasını çətinləşdirib. Baxmayaraq ki, müəllif hüquqları həm qanunlarla qorunur, həm də ona hörmətlə yanaşılması Jurnalistlərin Peşə Davranışı Qaydalarının  əsas tələblərindən biridir. Amma təəssüflə qeyd edilməlidir ki, bu gün əksər xəbər istehsalçıları müəllif hüquqlarına nəinki hörmətlə yanaşmırlar, ümumiyyətlə bu sahədə anlayış geniş yayılmayıb. İnternetin inkişafı,  medianın rəqəmsal müstəviyə köçməsi  müəllif hüquqlarının qorunmasını çətinləşdirib. Həyata keçirdiyimiz layihə və tədbirlər  bu problemin aradan qaldırılmasına yardım xarakteri daşıyır".

Konfransda Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin Hüquq, apellyasiya və daxili nəzarət şöbəsinin müdiri İqbal Əsgərov çıxış edərək, KİV-də müəllif hüquqlarının qorunmasına təminat verən qanunlar və mexanizmlər barədə məlumat çatdırıb. O, təmsil etdiyi Agentliyin KİV-lə sıx əməkdaşlıq etdiyini və bu sahədə  nailiyyətlər əldə etdiyini də diqqətə çatdırıb.


Xəbərə aid fotolar