"Çılğın köpək" gedir: ABŞın müdafiə naziri


Dünya 21 Dek 2018 10:19:00 303 0

"Çılğın köpək" gedir: ABŞın müdafiə naziri

ABŞ-ın müdafiə naziri Cim Mettis tutduğu vəzifədən istefa verib. Dəniz piyadaları korpusunun generalı, "Çılğın köpək" ("Mad Dog") ləqəbli 68 yaşlı C.Mettis ölkə prezidenti Donald Trampa yolladığı istefa ərizinəsində qərarının səbəblərini açıqlayıb.

Son.az ABC-yə istinadən bildirir ki, C.Mettisin yazdığına görə, ABŞ-ın müttəfiqləri ilə sıx işbirliyinin, Rusiya və Çin kimi ölkələrin fəaliyyətlərinə isə müqavimət göstərilməsinin tərəfdarıdır.

"Rusiya və Çin kimi ölkələr dünya düzənini öz avtoritar düşüncələri, doktrinaları əsasında yenidən qurmağa çalışır, qonşu ölkələrin daxili işlərinə qarışırlar. Belə səylərin qarşısını almaq üçün Amerika gərəkli ittifaqları var gücü ilə möhkəmləndirməlidir. Cənab prezident, bəhs etdiyim və digər məsələlərlə bağlı baxışları sizin mövqelərinizlə tam üst-üstə düşən müdafiə naziri ilə çalışmaq sizin hüququnuz olduğu üçün hesab edirəm ki, postumu tərk etmək düzgün addımdır", - C.Mettis yazıb.

O, gələn ilin fevralın 28-də müdafiə naziri postunu tərk edəcək.

ABŞ prezidenti Donald Tramp 68 yaşlı generalın istefasını təsdiqləyib.

Tramp Twitter-dəki akkauntunda yazıb: "Cimin nazir vəzifəsində işlədiyi iki il ərzində Pentaqon ciddi uğurlara nail olub. Uğurlar döyüş əməliyyatları sahəsində xüsusilə nəzərəçarpandır".

D.Tramp yaxın günlərdə yeni müdafiə nazirinin adını açıqlayacağını deyib.


Xəbərə aid fotolar