Tbilisidə "Son iclas" bədiisənədli filminin təqdimatı olub FOTO


Digərləri 21 Dek 2018 07:28:00 693 0

Tbilisidə "Son iclas" bədiisənədli filminin təqdimatı olub  FOTO

Tbilisi şəhərində Bakı Media Mərkəzinin prezidenti Arzu Əliyevanın baş prodüseri olduğu Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 100 illiyinə həsr edilmiş "Son iclas" bədii-sənədli filminin təqdimatı keçirilib.

Son.az Trend-ə istinadən bildirir ki, filmdə Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin ən fəal rəhbərlərinin yaxından iştirakı ilə əzab-əziyyət, mübarizələr sayəsində əldə olunan müstəqilliklə bağlı respublikanın son dövrlərində verilən çətin qərarlardan bəhs edilir.

Tədbir Azərbaycanın Gürcüstandakı səfirliyinin və SOCAR-ın bu ölkədəki nümayəndəliyinin birgə təşkilatçılığı ilə "Amiran" kinoteatrında reallaşıb.

Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov çıxış edərək AXC-nin yaranma zərurətindən, xalqımızın dövlətçilik tarixindəki rolundan danışıb. Bildirib ki, cəmi 23 ay yaşamasına baxmayaraq, AXC Şərqin ilk və ən demokratik respublikasına çevrilə bilib və bu respublika Azərbaycan xalqının milli qürur mənbələrindən biridir.

D.Həsənov Xalq Cümhuriyyətinin 100 illiyi ilə əlaqədar Gürcüstanda keçirilmiş sərgi, rəsmi qəbul, konfrans və digər silsilə tədbirlər barədə də məlumat verib. Deyib ki, bu gün "Son iclas" filminin nümayişi AXC-nin 100 illik yubileyinə həsr olunmuş silsilə tədbirlərdəndir. Filmdə Cümhuriyyətin son günlərində baş verən hadisələrdən bəhs olunur və hökumətin son qərarını hansı çətin şəraitdə verdiyi əks etdirilir.


Xəbərə aid fotolar