İslamda evlənmək və onun bəzi adətləri


Digərləri 20 Dek 2018 23:15:00 592 0

İslamda evlənmək və onun bəzi adətləri

Daha öncəki mövzumuzda qeyd etdiyimiz kimi ailə qurmaq, evlənmək və ya ərə getmək dinimizin bizə buyurduğu ən mühüm və vacib əməllərdən biridir. Bildiyimiz kimi, insan müəyyən yaş dövrünə çatdıqda onun fərdiyyəti, mənəvi siması formalaşır, sanki qəlbində bir boşluq yaranır ki, bu boşluğu doldurmağa - yəni sevgiyə, qarşı cinsə məxsus olan biri ilə xoş ünsiyyət qurmağa ehtiyac duyur. Burada maraqlı bir rəvayəti diqqətinizə ərz etməyim yerinə düşərdi.

Belə ki, İslam dininin yarandığı ilk vaxtlarda cəhənnəm əhlinin əzab-əziyyəti haqqında bir ayə nazil olur. Bu cür əziyyətlərə düçar olmaq qorxusu ilə yaşayan üç cavan oğlan öz adi yaşayışlarından əl çəkərək səhralara üz tuturlar. Həmin gənclərdən biri bundan belə heç vaxt əhali ilə təmas qurmayacağına, digəri xanımı ilə yatmayacağına, sonuncusu isə bir daha ləziz yeməklər yeməyəcəyinə söz verir.

Son.az islam.az-a istinadən bildirir ki, bu üç nəfərin həyat yoldaşları Muhəmməd Peyğəmbərin (s.ə.s.) yanına gələrək öz ərlərinin vəziyyətlərini Ona əbər verirlər. Həzrəti Peyğəmbər bu əhvalatı eşitdikdə xeyli narahat olur və dərhal məscidə üz tutur. Bu qeyri-adi vəziyyəti aydınlaşdırmaq üçün camaatı bir yerə toplayaraq belə buyurur:

"Mən sizlərin peyğəmbəriniz olmaqla bərabər həm evlənmişəm, həm yemək yeyirəm, həm də ki bədənimin qayğısına qalıram. Günümü camaat arasında keçirməklə sizinlə ünsiyyətdəyəm. Hər kim mənim yaşayış tərzimdən üz döndərsə, məndən deyil".

Hədisdən də göründüyü kimi evlənib, ailə sahibi olmaq peyğəmbərimizin sünnəsi və ibadətlərin ən gözəlidir.

Düzdür, evlənmək bəzən ağır və həssasdır. Lakin bunların heç biri Adəm oğlunu ailə həyatı qurmaqdan yayındırmamalıdır. Ümumiyyətlə, insan çətinlikdən qaçmamalıdır. Bu bir həqiqətdir ki, hər bir şəxs məhz çətinliklə qazandığı uğurunun sevincini unutmur və daima onu qorumağa cəhd göstərir.

Aparılan tədqiqatların nəticəsində məlum olmuşdur ki, bəzi subay insanlar evləndikdən sonra onlarda daxilən bir sıra xoşagələn dəyişikliklər yaranmiş, ailə idarə etmək məsuliyyəti onları iş görməyə vadar etmiş və nəticədə cəmiyyətin fəal bir şəxsiyyətinə çevrilmişdirlər. Gəlin etriaf edək ki, insan məhz ailə qurub, övlad sahibi olduqdan sonra valideynlərinin əziyyətini daha dərindən qavrayır, çətin anında isti ailə ocağına sığınaraq onlardan mənəvi dəstək alır və nəticədə ailənin nə qədər müqəddəs, önəmli olduğunun fərqinə varır. Deməli, doğru şəkildə ailə qurmaq insanları iztirablardan xilas edir.

Ötən mövzumuzda qeyd etdiyimiz kimi bəzən gənclər maddi durumlarının yaxşı olmaması üzündən ailə qurmaqdan boyun qaçırırlar. Bir daha vurğulamaq istərdim ki, heç bir səbəb, hətta yoxsulluq belə mömin bəndəni evlənməkdən çəkindirə bilməz. "Nur" sürəsinin 32-ci ayəsində deyildiyi kimi:

"Aranızda olan suöay kişiləri və ərsiz qadınları, əməlisaleh kölə və kənizlərinizi evləndirin. Əgər onlar yoxsuldurlarsa, Allah öz lütfü ilə onları dövlətli edər...".

Ailə qurmaq, ev-eşik, övlad sahibi olmaq eyni zamanda insanı bir çox günahlardan, haramdan, zinadan qoruyur. Lakin ailə qurarkən seçim etmək, dünya malına aldanmamaq ən mühüm məsələlərdən biri hesab olunur. Sözsüz ki, övladın ailə qurmasında valideynin fikri önəmlidir. Hər bir ailə quran şəxs gələcəkdə günahlarla, zərərlərlə qarşılaşmamaq, peşman olmamaq üçün mütləq valideyninin gözəl təcrübələrindən, dəyərli fikirlərindən istifadə etməli, ata-anasının halallığını və məsləhətini almalıdır. İslam şəriətinə əsasən qızının ailə qurmaq məsələsində ata-ananın icazəsi şərtdir, əks halda evlənmə əsnasında oxunan əqd batil hesab olunar.

Gəncin ailə qurmasında ata-ananın rolu böyük olduğu üçün hər bir valideyn də övladının bu qərarına etinasız yanaşmamalı, mütləq vasitəçi olmalıdır. Xatırladım ki, iki şəxsin evlənməsində vasitəçi olmağın savabı böyükdür. Hətta bu barədə Əmirəlmöminin Həzrəti Əli ibn Əbu Talib (ə) buyurur:

"Ən yaxşı vasitəçilik iki nəfərin arasında vasitəçi olub onları evləndirməkdir, ta ki, Allah-Təala onları bir yerə yığsın".

Lakin təəssüf hissi ilə bir məsələyə toxunmaq istərdim ki, müasir zəmanəmizdə bəzi valideynlər övladlarının dindar bir şəxslə ailə qurmasına nədənsə narazıdırlar. Bu təbii ki, düzgün deyil. Hər bir valideyn unutmamalıdır ki, övladının evlənməsinə etinasız yanaşarsa və gələcəkdə bu məsuliyyətsizlik günahla, əxlaqi pozğunluqla nəticələnərsə, yaranacaq hər bir günahda ata və ana da şərik olacaqlar. Odur ki, valideyn övladının sözsüz ki, doğru seçiminə dəstək olmalıdır.

Bir çox hədislərdə də buyrulduğu kimi, övladlarınız üçün qapınıza elçi gələn şəxs əgər imanlı və dindardırsa, gözəl xasiyyətə və tərbiyəyə sahibdirsə, mütləq onunla qohum olun, qızınızı həmin insana verin. Əmin olun ki, Allah bu hərəkətinizə görə sizi heç vaxt peşman etməyəcək.

Ailə qurmağa hazırlaşan, həyat yoldaşı seçən şəxs özü də son dərəcədə diqqətli olmalı və mütləq Allahdan köməklik diləməlidir. Sübhəsiz ki, Allahın adı ilə həyatını başlayan hər bir ailə məhəbbətlə ömür sürəcək və xeyir bərəkəti özlərinə cəlb edəcəklər.

İmam Sadiq (ə) bu barədə buyurur:

"Sizlərdən biri evlənmək istərsə, iki rükət namaz qılıb Allaha həmd etsin, sonra Ondan istəsin ki, əmanətdar, iffətli, dindar, təvazökar və insanın namusunu, sirlərini qoruyub saxlayan bir həyat yoldaşı qismət eləsin".

Əlbəttə ki, ləyaqətli, dindar, gözəl əxlaqa sahib olan, halal, əməlisaleh həyat yoldaşı Allahın bəndəsinə əta etdiyi ən böyük nemətlərdən sayılır.

Son illərdə Azərbaycanda da namaz əhlinin sayının xeyli çoxalması, gənc oğlan və qızların dini adətlərə uyğun şəkildə toy etməyə meyl göstərmələri olduqca sevindirici haldır.

İzninizlə burada kiçik bir haşiyə çıxmaq istərdim.

Bir neçə gün öncə ziyarətgahların birində namaz qılarkən hicablı bir qızla tanış olub, iki gənc qız olaraq səmimi söhbətə başladıq. Söhbət əsnasında məlum oldu ki, həmin xanım bir neçə gün öncə ailə qurub. Mən ilk olaraq onların toyları ilə maraqlandım və dini adətləri yerinə yetirib-yetirməməsi barədə ona sual verdim. Xanımın cavabı: "Geyimim hicablı və toyumuz içkisiz keçdi" - oldu. Mən əsas nəyi vurğuladığımı ona bildirdikdə onun üzündəki ifadədən anladım ki, o dini adətlərdən xəbərsizdir. Çünki hicablı bacım gülümsəyərək: "Məgər toy günü namaz qılmaq vacibdir?" - deyə soruşdu.

Bu əhvalatı yazmaqda məqsədim budur ki, İslam şəriətinin buyurduğu əməlləri tam olaraq yerinə yetirməyən gənclərimiz az deyil. Təbii ki, mən bunu dinə qarşı etinasızlıq kimi qarşılamıram. Ya onların bu barədə elə də məlumatları yoxdur, ya da ...

Odur ki, bu cür dini adətlə evlənməyə hazırlaşarkən mömin bacı və qardaşlarımıza kömək məqsədi ilə bu mövzuya bacardığım qədər aydınlıq gətirmək istərdim.