Beşikdən qəbrə kimi elm öyrənin


Digərləri 20 Dek 2018 22:45:00 762 0

Beşikdən qəbrə kimi elm öyrənin

Əziz müsəlmanlar! Bu günkü xütbəmizin mövzusu elm öyrənməyin fəziləti haqqındadır. Bildiyimiz kimi, insan ruhunu idarə edən əsas qüvvə ağıldır. İnsanı kamilləşdirərək yüksək mərtəbələrə apardığı, bəzən mələklərdən də şərəfli və üstün etdiyi üçün ağıl qüvvəsini alimlər mələklərə xas olan qüvvə (mələkuti) də adlandırmışlar. Ağıl qüvvəsinin fəzilət nöqtəsi hikmət və elmdir. Həzrətş Əli (ə) buyurur: "Elm insanın ağlını sübuta yetirər. Elmi olanın ağlı da olar. Elm ağlın çırağıdır" ("Ğurəru'l-hikəm" kitabından).

Təsadüfi deyil ki, Peyğmbərimizə nazil olmuş ilk ayə "Oxu!" sözü ilə başlamışdır (Ələq surəsi). Bundan sonrakı vəhy mərhələsində isə o həzrətə "Qələmə and olsun!" ayəsi (Qələm surəsi) endirilmişdir ki Allah-Təala bu yolla müsəlmanlara oxuyub-yazmağın əhəmmiyyətini başa salmışdır.

Son.az islam.az-a istinadən bildirir ki, Quranın bir ayəsində elm və biliyin insana üstünlük gətirdiyi vurğulanır:

"Allah sizin aranızdan iman gətirənləri və elm-bilik kəsb edənləri yüksəldər" (Mücadələ surəsi).

Bu fikir aşağıdakı ayədə bir daha təsdiqlənir:

"De ki, məgər bilənlərlə (elmi olanlarla) bilməyənlər (elmi olmayanlar) bərabərdirmi?" (Zümər surəsi).

Sevimli Peyğəmbərimiz Həzrəti Muhəmməd (s.ə.s.) müsəlmanlara xitabən təkidlə buyururdu: "Beşikdən qəbrə kimi elm öyrənin".

Görəsən, dinimizdə elm və bilik əldə etmək nə üçün bu qədər vacib sayılır? Elmin insan üçün hansı faydaları vardır? Hədislərdən məlum olur ki, elm insanın həm dünya, həm də axirət səadətini təmin edir. İnsan özünü o zaman xoşbəxt hiss edir ki, can atdığı məqsədə yetsin. İnsan həyatının məqsədi isə Allahın əmrlərini layiqincə yerinə yetirmək və ona layiqli canişin olmaqdır. Lakin bunun üçün insana elm və bilik lazımdır. İnsan təbiətin, ətraf aləmin əsrarəngiz quruluşunu, varlıq dünyasının nizam-intizamını nə qədər çox müşahidə edib öyrənsə, Allahın varlığını daha aydın dərk edər. Onun elmi artdıqca daha qətiyyətlə inanar ki, kainat hamıdan qüdrətli, elmli, ehtiyacsız və vahid bir qüvvə tərəfindən yaradılıb və onun vasitəsilə idarə edilməkdədir. Bu yəqinliyi əldə etmək üçün hər bir elmi öyrənmək faydalıdır. Sağlam məntiqə və bəsirətə malik olan şəxs astronomiya, fizika, tibb, biologiya, kimya və s. elmlərin dərinliklərinə baş vurduqca, tövhidin yeni-yeni nişanələrini kəşf edib öz yəqinliyini möhkəmləndirmiş olar. Həzrət Muhəmməd Peyğəmbər (s.ə.s.) elə bu həqiqətə işarə edərək buyurmuşdur: "Hər kəs özünü tanısa, Rəbbini də tanıyar".