İslamda ər və arvadın qanunları


Digərləri 20 Dek 2018 21:45:00 429 0

İslamda ər və arvadın qanunları

Allahın Rəsulu Muhəmməd (s) buyurmuşdur: "Hər kəs mənim sünnəmə tabe olmaq istəyirsə, (onda bilməlidir ki,) mənim sünnəmdən biri də evlənməkdir".

İnsanın doğru tərbiyəsi üçün ailə qurmaq ən mühüm vəzifələrdən biridir. Hətta İslam şəriəti belə evlənməyi bütün müsəlmanlar üçün vacib bilmişdir. Peyğəmbərimiz (s) belə hər zaman müsəlmanların evlənməyi ilə fəxr etdiyini bəyan edirmiş. Lakin təəssüflər olsun ki, müasir zəmanəmizdə bəzi gənc qız və ya oğlanlarımız maddi durumlarının yaxşı olmaması ilə əlaqəli olaraq ailə qurmağa gecikirlər. Dinimizə əsasən yoxsulluq evlənməyə mane olmamalıdır. İmam Sadiq (ə) buyurmuşdur: "Hər kəs yoxsulluq qorxusundan evlənməsə, deməli Allah-Təalaya sui-zənn etmişdir. Hansı ki, Allah-Təala buyurur: "...Allah öz lütfü ilə onları dövlətli edər..." (Nur, 32).

Son.az islam.az-a istinadən bildirir ki,  ailə qurmuş və ya ailə qurmağa hazırlaşan gənclər burada qeyd edəcəklərimizə diqqət və əməl etsələr, inşallah ki, xoşbəxt ailə səadətinə nail olmağı bacaracaqlar. Xatırladım ki, burada müqəddəs kəlamlardan, Qurani-Kərimdən gətirəcəyimiz ayələr və onların açıqlaması nəticəsində əmin olacaqsınız ki, xoşbəxtliyiniz hər birinizin əxlaq, davranış və düşüncəsindən asılıdır. Necə ki, Müqəddəs Kitabımızda buyrulmuşdur:

"Biz ona haqq yolu göstərdik. İstər (nemətlərimizə) minnətdar olsun, istər nankor (bu onun öz işidir)" (İnsan, 3).

Hər zaman böyüklərimizdən eşitmişik ki, ailə kiçik bir cəmiyyət və cəmiyyətin əsas sütunlarından sayılır. Əgər ailənin bünövrəsi möhkəm qoyularsa, cəmiyyətdə də birlik bir o qədər möhkəm olacaqdır. Ailənin məsulliyyyəti olduqca ağır və çətindir. Lakin hər birimiz Allahın hökmlərinə, Peyğəmbərimizin (s) və imamlarımızın yaşayış qaydalarına diqqət yetirsək ailə sahibi olmağın çətin olduğu qədər, həqiqətən də gözəl və böyük savab olduğunun şahidi olarıq. Necə ki, Allahın Rəsulu (s) buyurur:

"Evli şəxsin qıldığı iki rükət namaz, subay şəxsin qıldığı yetmiş rükət namazdan üstündür".

İdeal ailəyə sahib olmaq üçün ilk növbədə gözəl əxlaq və xasiyyət uyğunluğu vacibdir. Lakin ürək ağrısı ilə vurğulamaq istərdim ki, indi bəzi, -hətta çoxları desəm daha doğru olardı- gənclərimiz ailə quracağı insanın tərbiyəsinə, əxlaqına və təmiz sevgisinə deyil, nədənsə onun maddi durumuna dəyər verirlər. Və gördüyünüz kimi son illərdə məhz bunun nəticəsi olaraq boşanma hallarının sayı artmaqdadır. Düzdür, "sevgi ilə qarın doymaz" deyiblər, yaşayış üçün müəyyən qədər maddi duruma da fikir verilməlidir, lakin var-dövlət, maşın, qızıl hesabına qurulan həyat pul kimi bir gün çirkaba çevriləcəkdir. Odur ki, sonradan peşman olmamağımız üçün diqqətli olmalı, nəfsimizi deyil, qəlbimizi dinləməyi bacarmalıyıq.

İndi isə hər kəsi narahat edən bir məsələyə toxunmaq istərdim. Yəqin ki, ailədə kimin başçı olması məsələsi hər biriniz üçün olduqca maraqlıdır. Ümumiyyətlə, ailədə ər və ya arvad ikisi də eyni anda ailə başçılığı kimi məsuliyyətli bir vəzifəni öz öhdələrinə ala bilməzlər. Belə olduqda (ailəni şərikli idarə etdikdə) onlar lazımı qədər məsuliyyətli olmağı bacarmayacaq, ev işlərini, problemləri bir-birinə tapşıracaq və nəticədə ailə ideal olmayacaq. Ümümiyyətlə, yaşadığımız ölkənin-yəni Azərbaycan mentalitetinə əsasən ailənin rəisi kişi sayılır. Oxuduğumuz müqəddəs kəlamlardan da bizə məlumdur ki, qadın ərinə, uşaqlar da atasına itaət etməlidir. Buradan da göründüyü kimi, dinimizdə də kişi ailənin əsas idarəedicisi, böyüyü, hətta itaətgahı hesab edilir.