Ana südünün azalması zamanı


Digərləri 20 Dek 2018 21:25:00 421 0

Ana südünün azalması zamanı

Hipoqalaktiya süd vəzlərinin sekretor qabiliyyətinin azalması nəticəsində südverən anada körpəni yedirməyə yetərli qədər südün olmaması halıdır.

Hypo-altında, aşağı, galactos-süd deməkdir. Birincili və ikincili olmaqla hipoqalaktiyanın iki forması ayırd edilir.

Son.az "Herba-Flora" jurnalına istinadən bildirir ki, birincili hipoqalaktiyaya qadınların 4-10 faizində rast gəlinir. Birincili hipoqalaktiyanın səbəblərinə doğuş dominantlığının olmaması, doğuşdan sonra uşağa süd verməmək, doğuşdan sonrakı mərhələdə qadında laktasiya üçün psixoloji stimulun olmaması və s. daxildir.

İkincili hipoqalaktiyanın səbəblərinə fiziki yorğunluq və sinir sisteminin yüklənməsi, mastit və gilə çatları, qrip, angina, vərəm kimi xəstəliklərə yoluxma, südün uşağa rejimsiz verilməsi, laktasion krizlər və s. aiddir.

Südverən ana südün yaranmasını və ifrazını artırmaq üçün öz qida rasionlarına ciddi şəkildə diqqət yetirməlidir. Qoz, fındıq, araxis, toyuq əti, kök, şüyüd, kahı, dəniz kələmi, qara turp, boranı kimi məhsullarla qidalanma faydalı təsir göstərir. Gün ərzində qəbul edilən mayenin həcmini artırmaq çox vacibdir. Hipoqalaktiyanın müalicəsi üçün çox vaxt hormonal və tonuslandırıcı dərman preparatları, polivitaminlər tətbiq edilir. Fitoterapevtik üsullar da çox səmərəlidir:

RESEPTLƏR

Bitki dəmləmələri

- 2 xörək qaşığı boymadərən otu üzərinə 1 stəkan qaynar su əlavə edilərək su hamamında 15 dəqiqə saxlanır, alınan dəmləmə süzülərək gün ərzində 3 dəfə yeməkdən 20-30 dəqiqə əvvəl 1/2 stəkan qəbul edilir.

- 1 xörək qaşığı bədrənc otu üzərinə 1 stəkan qaynar su əlavə edilərək 15 dəqiqə su hamamında saxlanır. Alınan dəmləmə gündə 3-4 dəfə yeməkdən 30 dəqiqə əvvəl qəbul edilir.

- 1 xörək qaşığı itburnu meyvələri üzərinə 1 stəkan qaynar su əlavə edilərək ağzı kip şəkildə bağlanır, su hamamında 15 dəqiqə saxlanır, soyuyub süzüləndən sonra alınan dəmləmənin həcmi su ilə 200 ml-ə çatdırılır, gündə 2-3 dəfə yeməkdən sonra 1/2 stəkan qəbul edilir.

- 1 xörək qaşığı xırdalanmış zəncirotu kökləri üzərinə 1 stəkan qaynar su əlavə edilərək 15 dəqiqə su hamamına qoyulur, süzüləndən sonra gündə 3-4 dəfə yeməkdən əvvəl 1/3 stəkan qəbul edilir.

Toxum-meyvələr

- 2 xörək qaşığı razyana meyvələri üzərinə 1 stəkan qaynar su əlavə edilərək 15 dəqiqə su hamamında saxlanır, alınan dəmləmədən 1 çay qaşığı 1/4 stəkan ilıq suda qarışdırılaraq gündə 3 dəfə yeməkdən 20-30 dəqiqə əvvəl içilir.