Hər minbərdən bir avaz... Nə vaxta qədər?


Digərləri 20 Dek 2018 21:10:00 935 0

Hər minbərdən bir avaz... Nə vaxta qədər?

Din elə bir sahədir ki, ondan heç kim yan ötə bilmir. Nə qədər qatı ateist olsa da, zaman-zaman yaxınlarının dəfn mərasimində dünya görüşünə zidd olan ayinlərə şahidlik edir, çoxu da nəhayətdə elə dinin buyurduğu kimi dünya ilə vidalaşır - pambıqla, kafurla, sidrlə...

Son.az islam.az-a istinadən bildirir ki, bunu hamı yaxşı anlayır və müxtəlif ictimai formasiyalarda hakimiyyət uğrunda gedən savaşlar zamanı dindən çox məharətlə istifadə edilib və edilir. Uzağa getməyərək hələ də tam məhv edilməmiş İŞİD bəlasını xatırlamaq yetərlidir. Dünyanın müxtəlif bölgələrindən minlərlə müsəlman, xüsusən də gənclər uzaq məsafə qət edərək İraq və Suriyaya "Allahın razılığını qazanmaq" niyyəti ilə dinc sakinləri qətl etməyə yolandılar. Niyə? Çünki din onlara belə təqdim edilmişdir, onlar İslamı belə tanımışdılar. Cəmiyyətin, dövlətin dinə münasibəti də fərq etmir. Cəmiyyət və dövlət dinə əhəmiyyət verməyə bilər, vətəndaşların böyük əksəriyyəti dindar olmaya bilər. Ancaq günlərin bir günü din özü haqqında xatırladacaq. Vay o günə ki, bu xatırlatma İŞİD xatırlatması kimi olsun. Deməli, dinin təbliğatı olduqca önəmli, hətta deyərdik ki, həyati əhəmiyyətli məsələdir. Deməli, dini təbliğ edənlərin üzərinə çox böyük məsuliyyət düşür. Bəs bu gün Azərbaycanda dini təbliğ edənlər kimdir?

Şərti olaraq dini təbliğatçıları iki böyük qrupa bölə bilərik: peşəkarlar və həvəskarlar. Öz növbəsində bu iki qrup da xırda alt qruplara bölünür (Biz onların hamısını dərin təhlil etmək niyyətində deyilik. Konkret hədəfimiz var). Həvəskarları bir kənara qoyaraq peşəkarlardan başlayaq. Onların sırasında həm Azərbaycanda təhsil almış fərdlər var, həm də xaricdə. Yerli təhsil ocaqlarının yetirmələrinə çox diqqət ayırmayaraq sadəcə qeyd edək ki, onların arasında müasir dövrün nəbzini tutmağa bacaranlar da var (öz üzərində çalışan, sıravi dindarın maraq dairəsini anlayan), 19-20-ci əsrin Məlik Məmməd nağıllarında ilişib qalanlar da. Sonuncular İslama xidmətdən çox ziyan vururlar.

O ki qaldı xaricdə dini təhsil alıb Azərbaycana qayıdanlara, burada deyiləsi söz çoxdur. Hədəfimiz də elə onlardır.