Özbaşına tikinti işləri aparan vəzifəli şəxslərə qarşı cinayət işi başlanıb


Kriminal 20 Dek 2018 19:00:00 362 0

Özbaşına tikinti işləri aparan vəzifəli şəxslərə qarşı cinayət işi başlanıb

Tikinti sektorunda yol verilmiş qanun pozuntularının qarşısının alınması, bu sahədə aşkar edilmiş korrupsiya hüquqpozmalarına qarşı mübarizə çərçivəsində Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən birgə tədbirlər davam etdirilir.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Baş Prokurorluğun Son.az-a daxil olan birgə məlumatına görə, Komitə tərəfindən aparılmış araşdırma nəticəsində "Pilot İnşaat-A" MMC-nin vəzifəli şəxsləri tərəfindən paytaxtın Nəsimi rayonu ərazisində inşa edilən dörd hündürmərtəbəli binalardan üçü üzrə Komitə ilə razılaşdırılmış ərazi-planlaşdırma sənədlərində qeyd olunmuş tələblərin pozulması halları müəyyən edilərək bu barədə toplanmış materiallar aidiyyəti üzrə müvafiq tədbirlər görülməsi üçün Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə göndərilib.

Aparılmış araşdırmalarla cəmiyyət tərəfindən inşa edilən binalardan üçünün mərtəbələrinin sayının layihədə nəzərdə tutulduğundan artıq inşa edildiyi, iki yaşayış binasında isə əlavə olaraq mansardların inşa edildiyi müəyyən edilib.

Qeyd edilən qanunsuz hərəkətlərlə "Pilot İnşaat-A" MMC-nin vəzifəli şəxslərinin vəzifə səlahiyyətlərindən sui-istifadə etmələrinə və özbaşına tikinti işləri aparmalarına əsaslı şübhələr müəyyən edildiyindən fakta görə Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 222-1.1-ci (özbaşına tikinti işləri aparma) maddələri ilə cinayət işi başlanıb.